Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3441/2021 22.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və X5 ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh oğluna qarşı cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 25.000 manat pulun iddiaçının xeyrinə tutulması barədə iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 25000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 avqust 2007-ci il tarixində X3 ilə ev alqı-satqısı müqaviləsi imzalamışdır. Lakin, bir müddət sonra cavabdeh bu mənzilin ona məxsus olduğunu bildirərək məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin iddiası təmin edilmiş və ünvan 1 ünvanında yerləşən əmlaka dair 15 avqust 2007-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X.Q.Aslanovadan mənzilə dair məbləğin geri qaytarılması qət edilmişdir. Məhkəmə qətnamələri ilə mənzil cavabdehə qaytarılmışdır. Həmçinin tərəflər əvvəlki vəziyyətinə gətirilmişdir. Cavabdeh isə onun şəxsi vəsaiti hesabına aparılmış təmir nəticəsində cavabdeh əsassız varlanmışdır. Belə ki, o, mənzili alqısatqı etdikdən sonra digər yaşayış sahəsi olmadığına görə cari təmir edərək mənzilə köçüb. Bundan sonra uzun müddət maddi imkanı olmadığına görə mənili əsaslı təmir etmirdi. Məhkəmə mübahisələri gedən zaman haqlı olduğunu bildiyi üçün və onun mənzildəki payından yazılı imtinası olduğu üçün ədalətli qətnamə çıxacağına inanırdı. Bu səbəbdən də həmin dövrdə artıq ailəsi ilə birgə təmirsiz evdə yaşaya bilmədiyinə görə məcbur qalaraq evi əsaslı təmir edib. Həmin təmirə o, 25000 manat pul xərcləyib. Hal-hazırda məhkəmə qətnaməsi ilə mənzili təhvil verməli olduğu cavabdeh onun hesabına aparılan yüksək təmirli evə köçəcəkdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Onun mənzildə təmir işlərini aparıb evin dəyərini kifayət qədər artırmasına, Cavabdeh mənzilə çəkilmiş təmir tikinti xərclərinin tutulmasına haqqı var. Əks halda Cavabdeh təmirsiz mənzili yeni təmirli mənzil qazanırsa əsassız varlanmaya gətirib çıxarır. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mkr., ev 55, 35 saylı mənzil 15 avqust 2007-ci ildə alqı-satqı müqaviləsinə əsasən Xanımqız Aslanova tərəfindən satılmışdır, belə olan təqdirdə varlanmış şəxs X.Aslanova hesab edilməlidir. Bu halda o, əsl cavabdeh kimi işdə ola bilməz. Qanunun mənasına əsasən məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə əvəz etməsini təşəbbüs irəli sürməlidir, amma məhkəmə bunu etməmişdir. Məhkəmə tərəfindən bir çox prosessual normalar pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(060)-4745/2021 saylı qətnaməsini ləğv edib, yeni qətnamə qəbul edərək, onun iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının cavabdehə iddianı düzgün qaldırmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2902/2008 saylı, 17 dekabr 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər tələblərinə dair iddiası təmin edilmiş, ünvan 1-ə dair Xanımqız Aslanova ilə İddiaçı arasında bağlanmış 15.08.2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, dövlət reyestrində qeyd ləğv edilmiş, X2 adına qeyd bərpa edilmiş, İddiaçı, Xanımqız Aslanova və digərləri mənzilə pasport qeydiyyatından çıxarılmışlar. Həmçinin X.Aslanovadan 36500 manat mənzilin dəyəri və 4000 manat təmir xərcləri İddiaçı xeyrinə tutulmuşdur. Qarşılıqlı iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-482/2009 saylı, 30.06.2009-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2008-ci il tarixli qətnaməsi qarşılıqlı iddialara aid hissədə ləğv edilmiş, İddiaçı qarşılıqlı iddiası qismən təmin edilmiş, X.Aslanovadan İddiaçı xeyrinə 36500 manat pul tutulmuş, X.Aslanovanın qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh, T.S.Kazımovadan və E.S.Kazımovdan X.Aslanovanın xeyrinə 5500 ABŞ dolları pul tutulmuş, Cavabdeh mənzildən çıxarılma barədə iddiası təmin olunmuş, X.Aslanova, İddiaçı və digərlərinin mənzildən çıxarılmaları qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Həmçinin müqavilənin etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və qeydin bərpa edilməsi, cavabdehlərin mənzildən və pasport qeydiyyatından çıxarılmalarının pulun tutulması ilə eyni vaxta icra edilməsi qətnamədə göstərilmişdir. İş materiallarına mübahisəli mənzilin təmirdən sonrakı fotoşəkilləri əlavə edilmişdir. Öncə qeyd edilməlidir ki, ünvan 1-ə dair məhkəmə mübahisəsi gedən vaxt iddiaçı cavabdehə qarşı təmir xərcləri ilə bağlı iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə aktında bu iddiaya qiymət verilmişdir. Lakin, iddiaçının özünün də bildirdiyi kimi hazırkı iddia tələbində iddiaçı mənzilin təmirinə sonradan, yəni 2013-cü ildə sərf etdiyi xərci cavabdehdən tələb edir. Bu səbəbdən hazırkı iddia həmin vaxt verilmiş iddia ilə eyni predmet və əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş üzrə tədqiq edilmiş məhkəmə aktları ilə müəyyən edilir ki, ünvan 1 (bundan sonra – mübahisəli mənzil) 15.08.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X.Aslanova tərəfindən iddiaçıya satılmışdır. Bundan sonra isə cavabdehin iddiası əsasında həmin alqısatqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Həmçinin X.Aslanovadan iddiaçının xeyrinə 36500 manat pulun tutulması qət edilmişdir. Hal-hazıra kimi qətnamə icra edilməmişdir. İddiaçı isə 2013-cü ildə mübahisəli mənzili təmir etdirdiyini bildirərək həmin təmir xərcinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz tələbini mənzilin cavabdehə qaytarılacağı təqdirdə cavabdehin əsassız varlanacağı ilə əsaslandırır. Mülki Məcəlləyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.). Məhkəmə kollegiyası iddiaçının iş üzrə məhkəmə tərəfindən ona cavabdehin əsl cavabdehin əvəz edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işdən göründüyü kimi mübahisəli mənzil 2009-cu ildə yekunlaşmış məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qətnaməyə əsasən cavabdehə qaytarılmalıdır. İddiaçı mənzili 2013-cü ildə təmir etdirdiyini bildirir və həmin təmir xərcini cavabdehdən tələb edir. Halbuki, həmin vaxt iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən mənzili cavabdehə qaytarmalı olduğunu bilirdi. Belə olan halda iddiaçının mübahisəli mənzilin təmirinə çəkdiyi xərclərlə bağlı cavabdeh hər hansı öhdəlik daşıya bilməz. İddiaçı həmin mənzili həqiqətən təmir etdirmiş və təmir işlərinə iddia ərizəsində göstərilən məbləğdə vəsait sərf etmiş olsa belə cavabdeh mənzilin ona qaytarılacağı halda əsassız varlanmış sayıla bilməz. Çünki bu varlanmaya əsas verəcək qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud idi və iddiaçı bunu bilirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 02 sentyabr 2021-ci il tarixli 2(060)- 4745/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3441/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3441/2021
22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver