Məhkəmə qərarları › İş №2(105)-3447/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3447/2021

02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3447/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı qızının Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6244/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6244/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı qızının xeyrinə, 12.07.2012-ci il təvəllüdlü X1 və 30.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşaq üçün hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən İddiaçı qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6244/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsini qismən ləğv edərək, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı qızı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18.03.2011-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 12.07.2012-ci il təvəllüdlü X4 və 30.08.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Onun iddia ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962/2019 saylı, 15.11.2019-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh birgə nikahlarından olan 12.07.2012-ci il təvəllüdlü X4 və 30.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8962/2019 saylı, 15.11.2019-cu il tarixli qətnaməsi ilə həll edilmişdir. O, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962/2019 saylı, 15.11.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh birgə nikahlarından olan 12.07.2012-ci il təvəllüdlü X4 və 30.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh övladlarının təhsil və tibbi xərcləri ilə maraqlanmır. Belə ki, övladlarının hazırlıq və sağlamlıq xərcləri Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə tutulan alimentdən xeyli artıqdır. Qeyd olunanlara əsasən o, məhkəmədən Cavabdeh birgə nikahlarından olan 12.07.2012-ci il təvəllüdlü X4 və 30.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı qızı qızı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki qət edilən alimentin məbləği hər ikisi məktəbli olan uşaqların saxlanılması üçün yetərli deyildir. O, heç bir yerdə işləmir və məcburi köçkün kimi, Sumqayıt Şəhər 4 saylı Xəstəxanasında məskunlaşmışdır. Oğlu allergiya xəstəliyindən əziyyət çəkir. Onun müayinə və müalicəsinə vəsait xərclənir. Cavabdeh isə bu məsələdə iştirak etmir. Onun keçmiş alimentə görə 5902 manat borcu yığılmışdır. Cavabdehin hazırkı aylıq gəliri 1000-1200 manat civarındadır. Bu məbləğlə o, hər ay iki uşaq üçün 350 manat aliment ödəməyə qadirdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə qismən ləğv edilməli, iddia təmin olunmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı qızı arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 09.01.2014-cü il tarixində 06 nömrəsi ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Zeynalov, qadına isə Gülüşova soyadı verilmişdir. Yenə işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X4 12.07.2012-ci il tarixində, X5 isə 30.08.2015-ci tarixində anadan olmuşlar. Ataları Cavabdeh, anaları İddiaçı qızıdır. İşə əlavə edilmiş Sumqayıt Şəhər 4 nömrəli şəhər xəstəxanasından verilmiş 27.05.2021-ci il tarixli, 51 nömrəli arayışdan görünür ki, Zəngilan rayon sakini İddiaçı qızı övladları, 12.07.2012-ci il təvəllüdlü X4 və 30.08.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt Şəhər 4 nömrəli şəhər xəstəxanasında məskunlaşmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2(060)-8962/2019 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3017/2016 saylı, 15.03.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı qızının xeyrinə, 12.07.2012-ci il təvəllüdlü X4 və 30.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçının izhatından məlu olur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh birgə nikahlarından olan 12.07.2012-ci il təvəllüdlü X4 və 30.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddaçının apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6244/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflərin nikah münasibətlərindən 12.07.2012-ci iltarixdə Vüsal və 30.08.2015-ci tarixdə Raul adlı üşaqları anadan olmuşdur. Tərəflər məhkəmə qaydasında boşanmışlar. Aliment barədə sonuncu məhkəmə qətnaməsi, yəni Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh birgə nikahlarından olan 12.07.2012-ci il təvəllüdlü X4 və 30.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı qızı məhkəmədə iddia qaldıraraq Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı qızının xeyrinə, 12.07.2012-ci il təvəllüdlü X1 və 30.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşaq üçün hər ay 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə bu iddianı qismən təmin edərək alimentin məbləğini cəmi 300 manat şəklində müəyyən etmiş, iddiaçı isə bu nəticə ilə razılaşmayaraq ondan şikayət vermiş, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında Cavabdeh ayda 400-700 manat arasında qazancı olduğunu və maksimum ayda 280 manat aliment ödəyə biləcəyini göstərmişdir. Cavabdehin gəlirləri barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyini və digər diqqətəlayiq halları nəzərə alaraq, iddianın qismən təmin olunaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən Cavabdeh İddiaçı qızının xeyrinə, 12.07.2012-ci il təvəllüdlü X1 və 30.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşaq üçün hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair yekun nəticəyə gəlmişdir. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmamışdır. Bununla belə, işdən görünür ki, əvvəlki aliment qətnaməsinin üzərindən müəyyən vaxt keçmiş, uşaqlar üçün yaşayış minimumu artmışdır. Eyni zamanda, məhkəmə iclasında cavabdeh aylıq gəlirinin 400-700 manat arasında olmasını, hər ay maksimum 280 manat aliment ödəyə biləcəyini göstərmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında cavabdehin hər ay ümumilikdə 350 manat alimenti ödəmək imkanının olması barədə hər hansı bir mötəbər sübut növü təqdim edilmədiyindən alimentin miqdarının bu həddə (əvvəlki cəmi məbləğdən 40 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6244/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar