Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3452/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-743/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-743/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İbrahimov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia qismən təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 431.33 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07.10.2017-ci il tarixə 135.54 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 63.78 ABŞ dolları borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 650.65 ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması və iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-743/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 431.33 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07.10.2017-ci il tarixə 135.54 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 63.78 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 475.15 ABŞ dolları cərimə borcu, cəmi isə 1105.80 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “Atrabank" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07.10.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 1250 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 07.10.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 07.10.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 03 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh1 2015-ci il tarixdə İddiaçı ASC-nin Sumqayıt filialından 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 1250 (bir min iki yüz əlli) ABŞ dolları məbləğində istehlak krediti götürmüş, həmin vaxt ona zamin durmuşdur. Kreditlə bağlı ödənişlər stabil olaraq qrafik üzrə həyata keçirilmiş və heç bir problem olmamışdır. X2 məlum fərmanından irəli gələn məsələlərin həll edilməsinə dair banklara dövlət büdcəsindən ayrılan pullarla kompensasiya ödənilməsi nəzərdə tutulmuş və 10.000 (on min) ABŞ dolları məbləğinə qədər olan kredit borclarının güzəşt edilməsi Prezident Fərmanında öz əksini tapmışdır. Onun da qalıq kredit borcu Prezident Fərmanının təsir dairəsinə düşmüşdür. Eyni zamanda müddət qanunvericilikdə nəzərdə tutulmuş qaydada buraxılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsln izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- Cavabdeh2 aid hissədə ləğv edilib, ona aid hissədə iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, 07.10.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 1250 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 və İddiaçı ASC arasında 07.10.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya 431.33 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07.10.2015-ci il tarixə 135.54 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 63.78 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 475.15 ABŞ dolları cərimə olmaqla, cəmi 1105.80 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC zaminə münasibətdə qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini təsdiq edə bilmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi hallarını sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə Cavabdeh2 aid hissədə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «Cavabdeh2 431.33 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07.10.2017-ci il tarixə 135.54 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 63.78 ABŞ dolları borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 650.65 ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun və iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin olunmamalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-743/2021 saylı qətnaməsi qismən – «Cavabdeh2 431.33 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07.10.2017-ci il tarixə 135.54 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 63.78 ABŞ dolları borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 650.65 ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin olunmasın. Qətnamə - «Cavabdeh1 431.33 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07.10.2017-ci il tarixə 135.54 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 63.78 ABŞ dolları borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 650.65 ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun və iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3452/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3452/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver