Məhkəmə qərarları › İş №2(105)-3462/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3462/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3462/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatının MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mühtərək qaydada 643,17 manat əsas, 47,52 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 1690.69 manat borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair” iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 06 dekabr 2018-ci il tarixli 6724 nömrəli kredit və zaminlik müqavilələri üzrə 643,17 manat əsas, 47,52 manat faiz, 1833,74 manat cərimə borcu olmaqla,cəmi 2524,43 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli, 6724№-i fərdi kredit müqaviləsinə əsasən, onlar tərəfindən Cavabdeh1 ticarət (süd, ət və ət məhsullarının satışı) məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 4000.00 (dörd min manat, sıfır qəpik) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli, 6724№li fərdi kredit müqaviləsidən irəli gələn öhdəliklərin icra edilməsi təminatı qismində Cavabdeh2 ilə iddiaçı arasında 06 dekabr 2018-ci il tarixli, 6724№-li zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh1 fərdi kredit müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, 06 dekabr 2018-ci il tarixli, 6724№-li fərdi kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir.Tərəflərdən 06 dekabr 2018ci il tarixli, 6724№-li fərdi kredit müqaviləsi üzrə Cavabdeh1 və 06 dekabr 2018-ci il tarixli 6724 saylı zaminlik müqaviləsi üzrə cavabdeh B.H,Şıxəliyevə tərəflərindən dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq Cavabdeh1 kredit müqaviləsi, Cavabdeh2 isə zaminlik müqaviləsi üzrə onların üzərinə düşən öhdəliklərini icra etməkdən müxtəlif bəhanələr gətirərək boyun qaçırmışlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Qanunsuz olaraq bank tərəfindən cərimə əsas borcdan çox göstərilmişdir. Qətnamə ədalətsizdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-425/2021 saylı qətnaməsinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında müqavilənin olmasına, lakin cavabdehlər tərəfindən həmin öhdəliklərinin yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin əsas və faiz borcu hissəsində gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur, lakin cərimə hissəsində qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-ti ilə Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli, 6724№-li fərdi kredit müqaviləsinə əsasən, Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehə ticarət (süd, ət və ət məhsullarının satışı) məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 4000.00 (dörd min) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.Kredit müqaviləsidən irəli gələn öhdəliklərin icra edilməsi təminatı qismində Cavabdeh2 ilə iddiaçı arasında 06 dekabr 2018-ci il tarixli, 6724№-li zaminlik müqaviləsi bağlanılmışdır. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 643,17 manat əsas, 47,52 manat faiz, 1833,74 manat cərimə borcu olmaqla,cəmi 2524,43 manat məbləğində kredit borcu vardı. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 1833.74 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 1000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlməsi düzgün deyil və cavabdehin maddi vəziyyətini nəzərə alıb, cərimə məbləgininin 60 manat təyin edilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdeh apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcu hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir, lakin cərimə hissəsində dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 oğunun apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə 05 avqust 2021-ci il tarixli 2(034)-425/2021 saylı qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mühtərək qaydada 643,17 manat əsas, 47,52 manat faiz, 60 manat cərimə borcu olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat 69 (altmış doqquz) qəpik və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar