Məhkəmə qərarları › İş №2(105)-3477/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3477/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3477/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4847/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4847/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçıASC arasında bağlanmış 09.10.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilmiş, 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 4500 manat əsas, 741,22 manat faiz olmaqla, cəmi 5241,22 manat borc və məhkəməyə ərizənin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021ci il tarixli, 2(060)-4847/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehilə İddiaçıASC arasında bağlanmış 09.10.2019-cu il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh “Azər-Türk Bank” ASC-nin xeyrinə 4500 manat əsas, 741.22 manat faiz olmaqla, cəmi 5241,22 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil. Belə ki, qətnamə qanunsuz, əsassız və ədalətsizdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçı ASC aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə qaytarmaq şərti ilə kredit verilmiş, tərəfindən ödənişlər edilmişdir. Lakin onun tərəfindən edilmiş ödənişləri bank faiz və cərimə borclarına çıxmış, nəticədə onun guya böyük məbləğdə borcunun oluğunu iddia etmişdir. Məhkəmə işə birtərəfli baxmış və iddiaçı banka olan dəqiq borcun müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir, halbuki yalnız bununla banka olan dəqiq borcun aydınlaşdırılması mümkündür. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4847/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4847/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 09.10.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə, 4500 manat kredit verilmişdir. İş materiallarıda olan 28.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 4500 manat əsas, 741,22 manat faiz olmaqla, cəmi 5241,22 manat borcu vardır. Müəyyən olunmuşdur ki, Cavabdeh 09.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçıASC-dən illik 28 faizlə 24 ay müddətinə 4500 manat kredit götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır, 28 fevral 2021-ci ilədək Cavabdeh banka 4500 manat əsas, 741.22 manat faiz olmaqla, cəmi 5241,22 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 09.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 09.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Odur ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, İddiaçıASC Cavabdehilə arasında bağlanmış 09.10.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməli və 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 4500 manat əsas, 741,22 manat faiz olmaqla, cəmi 5241,22 manat borc və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan 30 manat tutularaq İddiaçıASC -nə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdeh N.Əsgərova arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə cavabdeh N.Əsgərovanın 4500 manat əsas və 741,22 manat faiz borcu olması da iş materiallarında olan maliyyə arayışı ilə təsdqini tapır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini qəbul etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində məhkəmənin qətnaməsinin əsassız olduğunu, iş üzrə ödədiyi pulların faizə tutulmasını, iş üzrə zəruri olduğu halda mühasibatlıq ekspertizası təyin olunmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallaında olan maliyyə arayışından görünür ki, 4500 manat əsas, 741,22 manat faiz borcu vardır. Cavabdeh ondan tutulacaq borcun düzgün hesablanmaığını qeyd etsə də bunu əsaslanıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4847/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-4847/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar