Məhkəmə qərarları › İş №2(105)-348/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-348/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-348/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1539/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1539/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 013CASA19320009 saylı, 19.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 birgə qaydada 4448,81 manat əsas borc, 20,36 manat faiz borcu olmaqla, cəmi 4469,17 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim S.Səmədzadə) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1539/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın isə qismən təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 013CASA19320009 saylı, 19.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh1, Cavabdeh2 və X2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 4448,81 manat əsas borc, 20,36 manat faiz borcu olmaqla, cəmi 4469,17 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 013CASA19320009 saylı, 19.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaqla 4498,81 manat məbləğində kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 və X4 arasında 19.11.2019-cu il tarixli, 013FİZAM04659702 sayı zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilələrə əsasən, cavabdehlər yeni şərtlərə əməl edərək, restrukturizasiya olunmuş krediti və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödənilməsi öhdəliyini öz üzərilərinə götürmüşlər. Lakin güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyən cavabdehlərin banka 4448,81 manat əsas borcu, 20,36 manat faiz borcu olmaqla, cəmi 4469,17 manat məbləğində borcu mövcuddur. Cavabdehlərə bu barədə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən də məhkəmə müraciət edilməsi zərurəti yaranmışdır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tələb edilən faiz borcunun məbləği şişirdilmişdir. Yaranmış borcun miqdarını yalnız ekspert müəyyən edə bilər. Buna görə də iş üzrə mühaisbatlıq ekspertizası keçirilməli və şişirdilmiş faiz borcu azaldılmalıdır. Onun banka olan borcu özü tərəfindən hissə-hissə ödəniləcək. Hazırda isə bankın cavabdehlərdən pul tələb etməsi qanunsuzdur. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmaıdığından qətnamə qismən ləğv edilməli, iddia isə qismən təmin olunmalıdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan "Bank Respublika” ASC ilə Cavabdeh1 arasında bağlanmış 013CASA19320009 saylı, 19.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, borcluya 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaqla 4498,81 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 013FİZAM17610405 saylı, 19.11.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, 013CASA19320009 saylı, 19.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin təminatını zamin öz üzərinə götürür. Yenə də iş materiallarında olan Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 013FİZAM04659702 saylı, 19.11.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, 013CASA19320009 saylı, 19.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin təminatını zamin öz üzərinə götürür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. Yenə işdə olan 15.04.2021-ci il tarixli arayışdan görünür ki cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 kreditor İddiaçı ASC-yə 013CASA19320009 saylı, 19.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 4448,81 manat əsas borcu, 20,36 manat faiz borcu olmaqla, cəmi 4469,17 manat məbləğində borcu vardır. Onun tərəfindən müqavilə dövrü ərzində cəmi 50 manat əsas kredit məbləği və 10 manat faiz borcu ödənilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin hansı hissədə qismən ləğv edilməsi barədə müddəa olmadığından məhkəmə kollegiyası mübahisə üzrə çıxarılmış qətnaməni apellyasiya qaydasında bütünlüklə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1539/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 013CASA19320009 saylı, 19.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən 12 ay güzəşt müddəti olmaqla dərəcəsi 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaqla 4498,81 manat məbləğində kredit verilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğlərini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitlərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla, o cümlədən bankın maliyyə arayışı ilə təsdiq olunur. Eləcə də, digər cavabdehlər zamin kimi Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh apellyasiya şikayətində kredit borcunun faiz məbləğini mübahisələndirir. İşdən görünür ki, cavabdehlərə tətbiq edilən faiz borcu cüzidir, yəni 20,36 manatdır. Mübahisədən görünür ki, cavabdehə kredit üzrə güzəşt tətbiq edilsə də, keçən müddət ərzində borclu əsas borcdan yalnız 50 manat, faiz borcundan isə 10 manat ödəniş etmişdir. İşin bu halı isə borclunun müqavilə öhdəliklərinə biganə yanaşdığını göstərir. Qət edilmiş borc məbləğindən aşağı həddə borcunun olması barədə cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinin tələblərinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Cavabdehin apelyasiya şikayətindən görünür ki, o, qətnaməni faiz hissəsində mübahisələndirir. İddia ərizəsində tələb edilən və məhkəmə tərəfindən təmin edilən faiz məbləği isə 20,36 manatdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki qətnaməədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1539/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar