Məhkəmə qərarları › İş №2(105)-348/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-348/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-348/2024 28.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(059)-504/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 5762 (beş min yeddi yüz altmış iki) manat məbləğində pul və ödənilmiş 84 manat dövlət rüsumunun 91 %-i, yəni 76,44 (yetmiş altı manat 44 qəpik) manatı tutularaq ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6374 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh 30 avqust 2021-ci il tarixdə ona müraciət edərək, ondan 4000 manat məbləğində borc pul istəmiş və o da qızıl-zinət əşyalarını girov qoymaqla, "xxxx" ASC-nin Sumqayıt filialından 4100 manat məbləğində pulu götürərək cavabdehə vermiş, habelə aralarındakı razılaşmaya əsasən cavabdeh həmin pula görə 18 ay müddətinə hər ay 286 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdeh ondan əlavə olaraq 1200 manat pul da götürmüş və ümumilikdə aldığı 5300 manatı geri qaytarmamışdır. Bundan əlavə, o, bankdan götürüb cavabdehə verdiyi pula görə "xxxx" ASC-yə 5147 manat məbləğində ödəniş etmişdir. Nəticədə, cavabdehin bu hərəkətlərinə görə ona cəmi 6347 manat məbləğində maddi ziyan dəymişdir. O, həmin pulun qaytarılması ilə əlaqədar cavabdehə xəbərdarlıq məktubu göndərsə də, sonuncu pulun qaytarılmasına cəhd göstərməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Cəfərov X3 Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil. Belə ki, İddiaçı onun xx.xx.2021-ci il tarixdə müraciət edərək 4000 (dörd min) manat pul istədiyini bildirmişdir. Lakin bildirmək istəyir ki, ondan tanışı Dağ Quşçu kənd sakini X2 vasitəsi ilə (belə ki, həmin insanı şəxsən tanımırdı) birinci dəfə 2018-ci ilin iyun ayında onun əmək haqqı kartını girov qoyaraq onun üçün 1500 manat 20% əlavə pul ödəmək şərti ilə pul götürmüşdür. Yəni bu adam sələmçiliklə məşğuldur. Həmin pulu ayda 300 manat (faiz məbləği kimi) kartından İddiaçı özü alırdı. 2019-cu ilin mart ayında Mirsadıq vasitəsilə 1840 manat pulu əsas məbləğ kimi Elladaya ödəmişdir. Sonra 2020-ci ilin aprel ayında 1300 manatı özü, noyabr ayında isə 1000 manat pulu Mirsadıq vasitəsi ilə, ümumilikdə isə 2300 (iki min üç yüz) manatı Elladadan almışdır. Hər ay götürdüyü 1300 manat üçün 260 manat, sonra isə dekabr ayından 2300 manat pulun (20% əlavə faiz ödəmək şərti ilə) müqabilində Elladaya 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyun ayına kimi hər ay 460 manat nağd şəkildə pul ödəmişdir. Belə ki, əvvəl ödədiyi 2020-ci ilin aprel ayından noyabr ayına kimi həy 260 manat x 7 ay = 1820 manat, 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyun ayına kimi hər ay 460 manat x 7 ay = 3220 manat, ümumilikdə 5040 manat faiz pulu ödəmişdir. 2021-ci ilin avqust ayında razılaşmışlar ki, ona borclu qaldığı 2300 manat əsas məbləği ayda 300 manat ödəyəcəkdir. X8 rayon filialından xx.xx.2023cü il tarixdə aldığı çıxarışa əsasən aşağıdakı ödənişləri etmişdir: xx.xx.2018 - 392; xx.xx.2019 - 350; xx.xx.2019 - 175; xx.xx.2019 - 350; xx.xx.2020- 563; xx.xx.2020- 200; xx.xx.2020 - 100; xx.xx.2020 - 386; xx.xx.2020 - 182; xx.xx.2020- 1549; xx.xx.2021 - 310; xx.xx.2021 -210; xx.xx.2021 - 390; xx.xx.2021 - 158; xx.xx.2021 - 482; xx.xx.2022- 584 cəmi: 6381 manat X10 vasitəsilə aşağıdakı ödənişləri etmişəm: xx.xx.2021 - 200; xx.xx.2021 - 200; xx.xx.2021- 200; xx.xx.2021- 300; cəmi: 900 manat Nağd ödəniş: 600 manat yekun ödəniş: 7881 manat. Ümumilikdə 7881 manat məbləğində Elladaya pul ödəmişdir. Ona razılaşdığı kimi 104 manat pul borclu qalmışdır. İddiaçı onun xx.xx.2021ci il tarixdə müraciət edərək 4000 (dörd min) manat məbləğində borc pul istədiyini bildirmişdir. O da "xxxx"nın Sumqayıt filialından 4100 manat məbləğində pulu onun üçün götürdüyünü bildirir. Lakin sənədlərdən də görünür ki, iddiaçı həmin pulu xx.xx.2021-ci il tarixdə götürüb. Belə ki, bu insan sələmçiliklə məşğuldur. Həmin pulu öz şəxsi istifadəsi üçün götürüb. Həmin insanla heç bir qohumluq, tanışlıq əlaqəsi yoxdur. X1 vasitəsi ilə tanımışdır. Bütün bunlara əsaslanaraq borclu kimi öz öhdəliklərini yerinə yetirmiş və öz borcunu tam yerinə yetirmişdir. Məhkəmə bütün bu xüsusatlara əsaslanaraq təqdim etdiyi sübutları nəzərə almalıdır. Məhkəmə qətnamə çıxarana qədər X8 rayon filialından və X5 İddiaçı ödədiyi pulların çıxarışını təsdiq edən sənədləri təqdim edə bilməmişdir. Hal-hazırda xx.xx.2023-cü il tarixli Kapital Bankın çıxarışını və X6 xx.xx.2023-cü il tarixli, 3-27-109/53xx/xx-2023 saylı arayışını almışdır. Həmin sənədləri nəzərə alaraq ödədiyi pul vəsaitlərinin təsdiqlənməsini istəyir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçı cavabdehə 6374 manat pul verməsi, lakin cavabdehin öz öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmaması iş materialları ilə sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya qaydasında şikayət vermiş, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh iddia tələbinin təmin edilən hissəsini mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtinə görə iddiaçı ilk növbədə tələb etdiyi məbləği cavabdehə verdiyini sübut etməlidir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh pulun ona verildiyini mübahisələndirməsin. Lakin işdən göründüyü kimi cavabdeh iddiaçıdan borc aldığını deyil, iddiaçının tələb etdiyi məbləğdə borclu olmadığını mübahisələndirir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünü bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı Cavabdeh məxsus "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartının onda olduğunu və müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul nağdlaşdırdığını bildirmişdir. Mülki iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa əsasən Cavabdeh məxsus 416974******0970 nömrəli kartından xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 386 manat, xx.xx.2020-ci il tarixdə 182 manat, xx.xx.2021-ci il tarixdə 310 manat, xx.xx.2021-ci il tarixdə 210 manat, xx.xx.2021-ci il tarixdə 390 manat, xx.xx.2021-ci il tarixdə 158 manat, xx.xx.2021-ci il tarixdə 482 manat, xx.xx.2022-ci il tarixdə 190 manat, xx.xx.2022-ci il tarixdə 584 manat, ümumilikdə 3092 manat pul nağdlaşdırılmışdır. Həmçinin iş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMCnin X9 Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 300 manat məbləğində İddiaçı pul baratları göndərmişdir. Cavabdeh tərəfindən (3092+900=3992) 3992 manat məbləğində pulu iddiaçıya qaytarması öz təsdiqini tapdığından, məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli, iddia tələbi qismən təmin edilərək, iddiaçının tələb etdiyi məbləğdə deyil, cavabdehdən (5762-3992=1770) 1770 manat pul tutulub iddiaçıya verilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdeh 1770 (min yeddi yüz yetmiş) manat alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar