Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3494/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC – onun adından çıxış edən törəmə müəssisəsi olan “ X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(060)-6877/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(060)-6877/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 2481,56 manat əsas borc, 277,67 manat faiz borcu olmaqla, cəmi 2759,23 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı-yə verilməsi qət edilmişdir. (hakim C.Məmmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(060)-6877/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmidir. İŞİN HALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında 153/14 saylı, 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə bank tərəfindən 24 ay müddətinə, illik 20 faiz tətdiq edilməklə 3029 manat kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, cavabdehin banka hazırda 2481,56 manat əsas borc, 277,67 manat faiz borcu olmaqla, cəmi 2759,23 manat borcu qalmışdır. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Mübahisə araşdırılarkən məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, işin faktiki halları araşdırılmamış, sübutlara tam və obyektiv şəkildə qiymət verilməmişdir. O, bankdan heç vaxt kredit götürməmiş, heç bir müqaviləni imzalamamışdır. Bundan başqa, bank hazırkı tələblə məhkəməyə müraciət edərkən 3 illik iddia müddətini ötürmüşdür. Buna görə də iddianın əsaslı olub-olmamasından asılı olmayaraq mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia rədd olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə etdi ki, 2014-cü il tarixdə aylıq ödəməklə “Kirby” markalı, bahalı tozsoran aparatı götürmüşdür, bunun üçün banka getməyib, kredit müqaviləsi imzlamayıb. 2-3 ay aylıq ödəmə etmiş, maddi imkanı pis olduğundan aparatı mağazaya təhvil vermişdir. Ötən müddət ərzində isə ona borc barədə heç bir məlumat verilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 şikayətlə razılaşmadı və onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.04.2014-cü il tarixli, 153/2014 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 20 % olmaqla 24 ay müddətinə 3029 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqavilə və S-FK-JB-132 saylı, 17.04.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı-yə keçmişdir. Yenə də iş materiallarında olan İddiaçı-nin nizamnaməsinə edilmiş 02 oktyabr 2015ci il tarixli, ********** saylı dəyişiklikdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 14.04.2014-cü il tarixli, 153/2014 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 2481,56 manat əsas borc, 277,67 manat faiz borcu olmaqla, cəmi 2759,23 manat borcu vardır. Yenə işdə olan 15.04.2014-cü il tarixli kassa məxaric oredrindən görünür ki, Cavabdeh 14.04.2014-cü il tarixli, 153/2014 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASCdən 2998 manat vəsait götürmüşdür. İş materiallarında olan bildirişlərdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borc barədə xəbərdar olunmuşdur. İşə əlavə olunmuş AR Vergilər Nazirliyinin ********** qeydiyyat nömrəli reyestrindən çıxarışından görünür ki, “X4 Edilməsi Agentliyi” MMC kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(060)-6877/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında 14 aprel 2014-cü il tarixdə 153/14 saylı “Kirby” firmasının “Sentria” modelli avadanlığın alınması üçün kredit müqaviləsi imzalanmış və "xxxx" ASC tərəfindən Cavabdeh illik 20 %-lə 24 ay müddətinə 3029 manat məbləğində kredit verilmişdir. Kredit verilməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilədə göstərilən şərtləri pozduğundan hazırda iddiaçı kredit borcunun qaytarılması barədə məhkəmədə iddia qaldırmış və hesab etmişdir ki, cavabdehin bu müqavilə üzrə banka 2481,56 manat əsas borc, 277,67 manat faiz borcu olmaqla, cəmi 2759,23 manat məbləğində borcu qalmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə və razılaşmalara əsasən, Cavabdeh həmin kredit müqaviləsi və razılaşmalar üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Cavabdeh tələb edilən kredit məbləğini almadığını bildirsə də məhkəmə onun bu dəlili ilə razılaşmır. Belə ki, daha öncə qeyd olunan kassa məxaric orderindən göründüyü kimi o, 14.04.2014-cü il tarixli, 153/14 saylı kredit müqaviləsi üzrə "xxxx" ASCdən 2998 manat pulu qəbul etmişdir. Bununla belə, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 14 aprel 2014-cü il tarixdə 24 ay müddətinə bağlanmışdır, yəni kredit müqaviləsinin müddəti 14 aprel 2016-cı il tarixdə bitmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh bildirdi ki, avadanlıq üçün 2-3 ay kredit ödəmişdir. İşdə olan hesabdan çıxarışdan məlum olur ki, son ödəniş 25 dekabr 2014-cü ildə 140,41 manat olmuşdur. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Qeyd edildiyi kimi, hazırkı mübahisə üzrə iddia müddətinin axımı tərəflər arasında imzalanmış kredit müqaviləsinin bitmə tarixindən, yəni 14 aprel 2016-cı ildən başlamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında cavabdeh iştirak etməmiş, bu səbəbdən də o, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir. Bu hallara qiymət verərək məhkəmə kollegiyası cavabdehin həmin ərizəsini MPM-nin 371-ci maddəsinə əsaslanaraq qəbul edir. Belə ki, AR MPM-nin 371-ci maddəsinə əsasən yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi ilə bağlı ərizə yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. İş materiallarında olan iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, iş üzrə cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. (səh. 75, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən ərizə apellyasiya şikayətinə əlavə şəklində verilmişdir ) Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Hazırkı tələb kredit müqaviləsi üzrə öhdəliklərlə bağlı olduğundan məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə iddia müddətinin axımı müqavilənin sonuncu icra tarixindən, yəni 14 aprel 2016-cı ildən başlanmışdır və deməli iddiaçı bu tələblə məhkəməyə ən geci 14 aprel 2019-cu il tarixinədək müraciət etməli idi. İddia ərizəsindən isə görünür ki, "xxxx" QSC – onun adından çıxış edən törəmə müəssisəsi olan “ X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə 22 iyul 2019-cu il tarixdə müraciət etmiş, iddia müddətini ötürmüş və nəticədə hazırda həmin müqavilə üzrə mübahisə etmək hüququnu itirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Bəhs olunanlara əsasən qeyd edilməlidir ki, "xxxx" QSC – onun adından çıxış edən törəmə müəssisəsi olan “ X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə 3 illik iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və maddi hüquq normalarına uyğun deyildir. Ona görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(060)-6877/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, "xxxx" QSC – onun adından çıxış edən törəmə müəssisəsi olan “ X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayəti təmin edildiyindən, onun verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq ona ödənilməli, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 30 manat məbləğində dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(060)- 6877/2019 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" QSC – onun adından çıxış edən törəmə müəssisəsi olan “ X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq ona ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3494/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3494/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver