Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-350/2024 15.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)-6023/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 136.60 manat sabit pul məbləğində alimentin Cavabdeh X3 xeyrinə tutulması qət edilmişdir.
2. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 167 nömrəsi ilə qeyd edilmişdir.
3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir.
4. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı 100 manat pensiya alır.
5. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh işləyir (Heykəltəraşlıq üzrə müəllimlər/fərdi təhsil), aylıq əmək haqqı 100 manat təşkil edir.
6. Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1246 nömrəsi ilə qeydiyyat aparılmışdır.
7. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X13 və X8 adlı övladları vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 136.60 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh uşağın maddi cəhətdən saxlanılmasına lazımı köməklik etmir, çox ağır vəziyyətdə yaşayırlar. Cavabdehin kifayət qədər qazancı var, o isə heç bir yerdə işləmir. Cavabdehin onda olan məlumata görə rəsmi iş yeri yoxdur, gəliri dəyişkəndir. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşaqların geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
10. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, məhkəmə onun maddi durumunda hər hansı bir yaxşılaşmanın baş verməsini əsas gətirmədən, yalnız 2023-cü ilin Azərbaycan Respublikasındakı uşaqlar üçün yaşayış minumumunu əsas götürmüşdür. Onun maddi vəziyyəti nə qədər çətin olsa da, övladının saxlanmasının məsuliyyətini dərk edir və bunun üçün də əlindən gələni edir. Bundan əlavə o, 2019-cu ilin may ayından rəsmi nikah münasibətlərinə girərək, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından xx.xx.2023-cü il təvəllüdlü X13 və X8 adlı iki övladı doğulmuşdur. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Həmin qətnamədən sonra onun maddi vəziyyətində heç bir artım baş verməsə də, əksinə yeni ailə qurması və övladlarının doğulması, özünün xəstə olmağı onun maddi vəziyyətini biraz daha da çətinləşdirmişdir. İddiaçı bilir ki, o, İİİ qrup əlildir. Hal-hazırda da heç yerdə işləmir, onun yanında saxlanılan birinci nikahdan olan X9 doğrudan da xəstədir. Bu səbəbdən də Dövlət onun xəstəliyi üçün müavinət verir. Həmçinin onda olan məlumata görə iddiaçı uşağa baxdığı üçün də əlavə müavinət alır. O, bir valideyn kimi öz məsuliyyətini dərk edir və bilir ki, uşağı saxlamaq valideyinlərin borcudur. Lakin, indiki halda alimenti iddiaçının tələb etdiyi miqdarda ödəmək iqtidarında deyildir. İddiaçının hər ay uşağa görə 220 manat sabit pul məbləğində aliment tələb etməyi absurd və əsassızdır. Bunun üçün onun vəsaiti də yoxdur.
11. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)-6023/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 195 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. İşə baxan məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edib ki, iddia qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay uşağa görə 195 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Bu mövqeyə gələn məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, onun mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə almışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, "Uşaq Hüquqları haqqında" Konvensiyasının 5, 27-ci maddəsi, "Uşaq hüquqları" haqqında Qanunun 13-cü maddəsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2, 112.1-ci maddəsi, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanuna, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 112.1.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6023/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, aliment miqdarını qismən, yəni 150 manat həcmində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, tətbiq edilən ailə qanunverciliyinə aid hüquq normalarını səhv təfsir edilməklə, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. Qətnamənin alimentin təyin edilməsi ilə bağlı hissəsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Qətnamə AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci maddələrinin, AR Ailə Məcəlləsinin 75, 76, 78, 112-ci maddələrində nəzərdə tutulan tələblərin pozulması ilə nəticələnmişdir. Məhkəmə qətnaməni tam şəkildə öz fərziyyələri əsasında qəbul etmiş, qanunun normalarına riayət etməmişdir. İddiaçı özü də məhkəmə baxışı zamanı açıq şəkildə etiraf edib ki, uşağa görə 300 manat müavinət alır. 136 manat məbləğində hər ay aliment ödəyir. Yəni istənilən halda iddiaçı uşağın saxlanması üçün yetərli məbləğ alır. Bundan başqa onun hazırkı nikahından iki övladı vardır. Onun fiziki imkanları məhdud olduğundan əlavə gəlir əldə edə bilmir. Hər ay 136 manat aliment ödədikdən sonra onun ailə üzvləri valideynlərinin aldığı pensiyanın hesabına dolanırlar. Göstərilən hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini cavabdeh ödəmək iqtidarında deyildir. Məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. İşə baxan məhkəmə işin bütün hallarını tam araşdırmadan, formal tələb üzrə qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh yeni nikaha daxil olmuşdur. Onun həmin nikahdan iki azyaşlı övladı vardır. Özü isə fiziki məhdudiyyətli olduğundan əlavə gəlir əldə edə bilmir. Hazırkı aliment məbləğini çətinliklə ödəyir. İddiaçı uşağa görə ümumilikdə 300 manat müavinət alır. Cavabdeh isə hər ay 136 manat məbləğində aliment ödəyir. Belə olan halda iddiaçı uşağın maddi ehtiyaclarının ödənilməsi üçün yetərli vəsait əldə edir. Uşağın saxlanılması isə valideynlərin hər ikisinin borcudur. Bununla belə cavabdeh uşağın saxlanılmasının məsuliyyətini dərk edir və hər ay 150 manat məbləğində alimenti ödəməyə razılığını bildirir. Lakin məhkəmə qətnaməsində müəyyən edilən aliment məbləği yüksəkdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətdə qeyd olunanlar həqiqəti əks etdirmir. Onların uşaqları Ayxanın xəstəliyi səbəbi ilə daimi qulluğa ehtiyacı vardır. Cavabdehin qətnamə ilə müəyyən edilmiş alimenti ödəmək iqtidarında olmaması ilə bağlı qeyd etdikləri formal mülahizələrdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
20. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyası Maddə 3 Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyindən məhkəmə qətnamənin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Birinci instansiya məhkəməsi uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq aliment məbləğinin artırılaraq hər ay 195 manat məbləğində müəyyən etmişdir.
27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı halda apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
29. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
30. Cavabdehin yeni nikaha daxil olması və həmin nikahdan uşaqlarının olması kimi şikayətində qeyd etdiyi dəlillər onu əvvəlki nikahından olan uşağın saxlanması üçün aliment öhdəliyindən azad edə bilməz.
31. Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
32. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir
33. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
34. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən cavabdehin azad olması sübuta yetirilmir.
35. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.
36. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə qismən, hər ay üçün 195 manat (əvvəlki məbləğdən 59 manat artıq) təmin etməkdə düzgün nəticəyə gəlmiş və tərəflərə münasibətdə balanslaşdırılmış qətnamə qəbul etmişdir.
37. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6023/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.