Məhkəmə qərarları › İş №2(105)-351/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-351/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-351/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki iş üzrə (Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), birgə nikah dövründə əldə edilmiş əmlak) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi” barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 (on min) manat pulun və ümirni dəyəri 3500 manat olan (komlekt) sep. sırğa, üzük, sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5600 manat ola sep və sepin üzərində olan quran qabının alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 onun qızı, Cavabdeh1 isə onun kürəkənidir. Onlar 2009-cu ilin mart ayında rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Qeyd edir ki, 2009-cu ildə onlar ailə həyatı qurarkən elinin adətənələrinə uyğun olaraq qızına hədiyyə olaraq cehiz əşyaları alaraq onların nikaha girdikləri vaxt Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu, Aİbalılıq bağ massivlərində yerləşən mənzilinə yığmışdır. 2021-ci ilin əvvələrində cavabdehlər Abşeron rayonu Saray qəsəbəsində torpaq sahəsi alaraq özləri üçün fərdi yaşayış evi tikməyə başladılar. Onlar 2023-cü ilin əvvələrdində evi tikib tam aldıqdan sonra evin içinə lazım olan məişət əşyaları almaq üçün 3 ay müddətinə qaytarmaq şərti ilə ondan 10.000 (on min) manat borc pul istədilər. O da onların səmimiyyətinə inanıb 2023-cü iyun ayında, 3 ay müddətinə qaytarmaq şərti ilə onlara 10.000 (on min) manat borc pul verdi. Onlar həmin borcu sentyabr ayının sonunadək qaytacaqlarını bildirsələr də, lakin ona olan borclarını qaytarmaq istəmirlər. Dəfəlrlə onlarla görüşüb onlardan pulunu tələb etmiş, amma buna baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Onu da qeyd edir ki, həyat yoldaşı X2 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün o, 2022-ci ilin oktyabr ayında rəhmətə getmişdir. Həyat yoldaşına məxsus ümimi dəyəri 3500 manat olan komlekt sep, sırğa, üzük və sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5600 manat ola sep və sepin üzərində olan quran qabı qızıllarını evdən götürərək müvəqqəti saxlanması üçün cavabdeh qızı Rəqsanəyə vermişdir. Onun qızılları da ona məxsus olduğundan qızılları da onlardan tələb etdi, lakin onlar həmin qızılları da ona qaytarmaqdan imtina etdilər. xx.xx.2023-cü il tarixdə onların Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə gedib borcunu və qızlları onlardan tələb edərkən onun barəsində Azərbaycan Respublikası DİN 102 qaynar xəttinə zəng edərək onlarla mübahisə etdiyini bildirmişlər. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı poİis mayoru X6 tərəfindən xx.xx.2023-cü il tarixdə toplanmış materiallar üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdeh qızı və onun həyat yoldaşı tərəfindən verilmiş olduqları izahatlarında həmin qızılların və 10.000 manat pulun onlara verildiyini, lakin həmin pulun və qızılların hədiyyə olaraq onlara verdiyini bildirmişlər. Bir daha qeyd edir ki, onlara verdiyi 10.000 ( on min) manat pul və göstərilən qızıl zinət əşyaları onlara hədiyyə edilməmişdir. Həmin pulu onlar yeni tikdirdikləri evə məişət əşyaları almaq üçün borc almış, qızıl zinət əşyalarını isə həyat yoldaşı rəhmətə getdiyi üçün müvvəqqəti saxlanması səbəbi ilə qızı Cavabdeh2 vermişdir. Göründüyü kimi cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, pulunu, qızıllarını ona geri qaytarmaq istəmirlər.

3. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Maarif Abbasov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng vuraraq və Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə yaşadığı Saray qəsəbəsində yerləşən evində atası İddiaçı tərəfindən hədələnməsi barədə verdiyi məlumat üzrə araşdırma aparılaraq toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır.

4. Həmin material üzrə izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, şikayət etdiyi İddiaçı onun doğma atasıdır. Bir müddətdir ki, atası Əzimulla ilə münasibətləri yaxşı deyil. Buna səbəb atasının əvvəllər və xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində onların yaşadığı evə gələrək anasının sağlığında ona verdiyi qızıl-zinət əşyalarını və özünün hədiyyə olaraq verdiyi əşyaların pulunu ondan tələb etməsi və buna görə də atası ilə aralarında münaqişə yaranması olmuşdur. Sonuncu xx.xx.2023-cü il tarixdə atası Əzimullanın stulu pəncərəyə çırparaq onu hədələməsi barədə polisə məlumat vermişdir.

5. Material üzrə izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, qızı Cavabdeh2 onun barəsində etdiyi şikayətlə tanış oldu. Qızı Rəqsanə ilə kürəkəni Anar 2008-ci ildə ailə qurmuşlar və əvvəllər onlarla münasibətləri normal olub. Bir müddətdir ki, onlara verdiyi qızıl-zinət əşyalarını və aldığı mebellərin pulu olan 10.000 manat pulu geri tələb etsə də, onların qeyd olunanları geri qaytarmadıqları üçün aralarında tez-tez mübahisələr yaranmışdır. xx.xx.2023-cü il tarixdə onların yaşadıqları Saray qəsəbəsində yerləşən evə gəlmiş, yenə də onlarla aralarında mübahisə yaranmış, heç kimə qarşı fiziki zor tətbiq etməmiş və heç kimi hədələməmişdir. Lakin, Anar münaqişə yaranması barədə DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsi ilə (hakim Sevinc Quliyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul tələbi” barədə iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, qızı Cavabdeh2 və kürəkəni Cavabdeh1 qızına verdiyi cehiz əşyalarının pulunu və qızılzinət əşyalarını tələb etmişdir. İddiaçı həmin məbləğin borc verilməsini, qızıl-zinət əşyalarını isə saxlamaq üçün verdiyini iddia etmişdir. Cavabdehlər isə onlara iddiaçının borc verməməsini, cehiz əşyaları hədiyyə almasını, qızıl-zinət əşyalarının isə anasının sağlığında ona hədiyyə verilməsini bildirmişdir. Bu hal işin mübahisəli halı olmaqla, iddiaçı tərəfindən əksi sübut olunmamışdır. Belə olan halda, yəni nə qədər ki, tərəflər arasında borc münasibətlərinin yaranması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir, məhkəmə hesab etmişdir ki, iddia tələbi 10.000 manat borcun cavabdehlərə verilməsi hissəsində əsassızdır və təmin edilə bilməz.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı mərhum arvadına məxsus qızıl-zinət əşyalarını tələb etməklə bağlı subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçının mərhum arvadına, eləcə də Cavabdeh2 mərhum anasına məxsus olmuşdur. İddiaçı həmin qızıl-zinət əşyalarının mərhum arvadı tərəfindən sağlığında qızına hədiyyə verilib-verilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də həmin hissədə də təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3, 389.1, 442, 739, 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. İddiaçı tərəf apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsini ləğv edib, iddia ərizəsini təmin edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 (on min) manat pulun və ümumi dəyəri 3500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5600 manat olan sep və sepin üzərində olan quran qabının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehlərin mövqeyindən çıxış edərək, verdiyi izahatı qəbul etməyərək, onun tərəfindən təqdim edilmiş etiraza qiymət verməyərək, müdafiə hüququna şərait yaratmadan qanunazidd qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq birtərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yalnız cavabdeh tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcüd olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsullarıilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə vətərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə onun Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. Bir daha qeyd edir ki, cavabdehlərə verdiyi 10000 ( on min) manat pul və göstərilən qızıl zinət əşyaları onlara hədiyyə edilməmişdir. Həmin pulu onlar yeni tikdirdikləri evə məişət əşyaları almaq üçün borc kimi verilmiş, qızılzinət əşyaları isə həyat yoldaşı dünyasını dəyişdiyi üçün onun yas mərasimi ilə əlaqədar, bu müddət ərzində evə gələn şəxslər həmin qızılları götürməsin deyə Cavabdeh2 saxlaması, yas mərasimi bitdikdən sonra qızılları ona geri qaytarması üçün verilmişdir. Göründüyü kimi cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, pulu və qızılları geri qaytarmaq istəmirlər. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı poİis mayoru X6 tərəfindən araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə toplanmış materiallar üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan göründüyü cavabdehlər özləridə etiraf edir ki, o onlara 10000 manat pul vermişdir, amma buna baxmayaraq həmin pulu guya onlar yeni aldıqları evə cehiz alsın deyə hədiyyə vermişdir. O, həmin pulu onlara yeni evlərinə cehiz almaq üçün hədiyyə kimi verməyi cavabdehlər tərəfindən borcu qaytarmamaq üçün uydurulmuş əsasdır, çünki el adət ənənəsinə uyğun olaraq onlara hədiyyə şəkilində verdiyi cehizləri 2008-ci il tarixdə onlar ailə həyatı qurarkən artıq valideyn olaraq tərəfindən verilmişdir. İşə baxan birinci inistansiya məhkəməsi qızıl-zinət əşyalarının tələb edilməsi hissəsində onun subyektiv hüququnun olmamasını onunla əsaslandırır ki, iş materiallarında onun tərəfindən təqdim edilmiş fotoşəkillərdən də görünür ki, mübahisə predmeti olan qızıl zinət əşyaları onun mərhum arvadına, eləcə də Cavabdeh2 mərhum anasına məxsus olmuşdur, həmin qızıl-zinət əşyalarının mərhum arvadı tərəfindən sağlığında qızına hədiyyə verilib-verilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Qeyd edir ki, məhkəməyə təqdim edilmiş qızıl-zinət əşyaları mərhum həyat yoldaşı sağ ikən onun üzərində olmuşdur, həmin qızıl-zinət əşyalarını əks etdirən fotoşəkillər onun tərəfindən məhkəməyə təqdim edilmişdir. İdda tələbini də qızıl-zinət əşyalarının cavabdehdə saxlanması hissəsinə münasibətdə bildirmişdir ki, həmin qızıllar həyat yoldaşı rəhmətə getdiyi gün öz evində saxlamaq üçün onun tərəfindən qızı Cavabdeh2 verilmişdir. Qızılların hal-hazırda həqiqətən də Cavabdeh2 olması özünün etirafedici ifadəsi ilə də təqsdiq olunur. Lakin o qızıl-zinət əşyaları ona mərhum anası sağikən hədiyyə verdiyini sübuta yetirə bilməmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1052/2024 nömrəli, 10 iyul 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı fərdi-müəyyən əşya olan əmlakın - qızıl-zinət əşyaların ona məxsus olmasını, qeyd edilən əşyalarının cavabdehin qeyri-qanuni sahibliyində olmasını tam sübuta yetirə bilməmişdir.

15. Məhkəmə kollegiyası iddianın pul tələbinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçı 10.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsini göstərsə də, buna dair nə birinci instansiya nə apellyasiya icraatı zamanı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, iddiaçının izahatı iddianın təmin edilməsi üçün yetərli olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı pul hissəsində təmin etməmişdir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxmışdır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara və mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşmışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.2, 385.1, 386.1, 739.1, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1, 385.1.1 - 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

20. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(102)-3827/2024 nömrəli qərarı ilə (hakimlər X10 (məruzəçi), X12 və X3) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1052/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsinin qismən, iddia tələbinin “ümumi dəyəri 3.500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klonun və ümumi dəyəri 5.600 manat olan sep və sepin üzərində olan quran qabının cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi”nə münasibətdə təmin edilmədiyi hissədə ləğv edilməsi və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının iddiaçının mərhum arvadı X1 məxsus olması, eyni zamanda Cavabdeh2 həmin əşyaların ona mərhum anası tərəfindən bağışlanması və hazırda onda olmasını qeyd etməsi ilə qızıl-zinət əşyalarının mövcudluğu apellyasiya instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilsə də, həmin hissədə iddianın rədd edilməsi ilə razılaşarkən, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının düzgün tətbiq edilməməsi diqqətdən kənarda qalmış, tələbin qanuni əsasını təşkil edən maddi hüquq normaları kimi Mülki Məcəllənin 213.1, 222, 225.1, 1151.1, 1151.2, 1200-cü maddələri, habelə Ailə Məcəlləsinin 32.1-ci maddəsi nəzərdən keçirilməmişdir.

23. Daha sona kollegiya qeyd etmişdir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi və Cavabdeh2 mərhum anası tərəfindən ona bağışlanmasını qəbul etdiyi qızıl-zinət əşyalarının iddiaçı ilə mərhum arvadı Fərqanə Rəhimovanın ər-arvad kimi birgə mülkiyyətində olması ilə yanaşı, Fərqanə Rəhimovanın ölümündən sonra həmin əşyaların mərhuma aid hissəsinin miras aktivinə daxil olması işin mübahisəsiz halı olsa da, mərhum Fərqanə Rəhimovanın birgə mülkiyyətində olan əmlakının yalnız özünə aid olan hissəsinə sərəncam vermək hüququna malik olması apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 222.3-cü maddəsinin tələbi baxımından yoxlanılmamışdır. Həmçinin mərhum Fərqanə Rəhimovanın birgə mülkiyyətində olan əmlakın özünə aid hissəsini qızı Cavabdeh2 bağışlaması qəbul olunduğu halda belə, miras aktivinə daxil olan həmin hissəyə münasibətdə də iddiaçının mərhum arvadına münasibətdə birinci növbə vərəsə kimi məcburi payın bağışlanmış əşya hesabına artırılması hüququnun olması Mülki Məcəllənin 1200-cü maddəsinin tələbi baxından qiymətləndirilməmişdir.

24. Ali Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 157.2, 213.1, 213.2, 213.3, 222.2, 222.3, 225.1, 385.1, 386.1, 739.1, 740.1, 740.2, 1145, 1151.1 və 1151.2-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2 və 37.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 106.2, 106.3, 217.1, 217.3, 217.4, 407.2, 416.1, 416.2, 417.1.3 və 418.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2025-ci il tarixli, 2(105)-351/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

26. "xxxx" MMC-nin 28 iyul 2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, aparılan təhlil və hesablamalara əsasən qızıl-zinət əşyalarının bazar dəyəri 9.100 (doqquz min yüz) manat təşkil edir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

27. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

28. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

29. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

Apellyasiya baxışının hədləri

30. Kollegiya qeyd edir ki, hazırki apellyasiya icraatının həddini Ali Məhkəmənin Qərarının göstərişinə uyğun olaraq Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsinin “ümumi dəyəri 3.500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klonun və ümumi dəyəri 5.600 manat olan sep və sepin üzərində olan quran qabının cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi”nə dair hissədə iddianın tələbinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

32. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.

35. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum arvadına məxsus qızıl-zinət əşyalarını arvadının vəfatından sonra, yas mərasimi bitənə kimi, müvəqqəti olaraq saxlamaq üçün qızı Cavabdeh2 verdiyini, lakin sonradan qızının həmin qızılları ona qaytarmadığını bildirərək, ümumi dəyəri 3.500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5.600 manat olan sep və sepin üzərində olan quran qabının alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

36. Cavabdehlər isə iddia tələbini qəbul etməyərək, qızılları mərhum Fərqanə Rəhimova vəfat etməmişdən əvvəl sağlığında qızı Cavabdeh2 özünün hədiyyə verdiyini, qızılların iddiaçıya heç bir aidiyyatının olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər.

37. Birinci instansiya məhkəməsi, iddiaçının mərhum arvadına məxsus qızıl-zinət əşyalarını tələb etməklə bağlı sübyektiv hüququnun olmadığını, mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddiaçının mərhum arvadına, eləcə də Cavabdeh2 mərhum anasına məxsus olmasını, iddiaçının həmin qızıl-zinət əşyalarının mərhum arvadı tərəfindən sağlığında qızına hədiyyə verilib-verilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməməsini qeyd edərək iddianı rədd etmişdir.

38. Məhkəmə qətnaməsi ilə razılaşmyan iddiaçı apellyasiya şikayəti vermişdir.

39. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı (araşdırılan hissədə) məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.

40. Kollegiya ilk öncə qeyd edir ki, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının iddiaçının mərhum arvadı X1 məxsus olması, həmin əşyaların hazırda Cavabdeh2 olmasını qeyd etməsi ilə qızıl-zinət əşyalarının mövcudluğu, bu qızıl əşyalarının ər-arvaddan kimin istifadəsində olmasından asılı olmayaraq ər-arvadın umumi birgə mülkyyət rejiminə aid olması işin mübahisəsiz halıdır.

41. Kassasiya məhkəməsinin Qərarının 73-cü bəndində irəli sürülmüş göstərişdən çıxış edən məhkəmə kollegiyası Mülki Məcəllənin 222.3-cü maddəsinin tələbi baxımından qiymətlədirmə apararaq hesab edir ki, ər-arvadın əmlakının qanuni rejiminə əsasən mübahsə predmeti olan qızıl əşyalarının ½ hissəsi iddiaçının mülkiyyətinə aid olmaqla, mərhum Fərqanə Rəhimova birgə mülkiyyətində olan əmlakının yalnız özünə aid olan hissəsinə sərəncam vermək hüququna malik olmuşdur.

42. Kollegiya qeud edir ki, mərhum Fərqanə Rəhimovanın birgə mülkiyyətdə olan əmlakın özünə aid hissəsini qızı Cavabdeh2 bağışlamasını təkzib edən mötəbər sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

43. Kollegiya vurğulayır ki, iddiaçı qızıl-zinət əşyalarını həyat yoldaşı dünyasını dəyişdiyi üçün onun yas mərasimi ilə əlaqədar, bu müddət ərzində evə gələn şəxslər həmin qızılları götürməsin deyə Cavabdeh2 saxlamağa verdiyini iddia etsə də bu xüsusatı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.

44. Həmçinin kollegiya onu da qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddia olunan qızıl əşyalarından bir ədəd qızıl dəstin Cavabdeh2 məxsus olduğu, əri tərəfindən Rəqsanəyə hədiyyə alındığı, Rəqsanə tərəfindən anasının sağlığında sonuncuya müvəqqəti istifadə üçün verildiyi bildirilsə də bu göstərilənlər tərəfin şifahi dediklərindən ibarət olmaqla, heç bir sübuta əsaslanmır.

45. Bundan başqa, bu xüsusatla bağlı kollegiya vurğulayır ki, cavabdehlər nə birinci instansiya məhkəməsindəki araşdırma zamanı, nə də bundan öncəki apellyasiya icraat zamanı bu barədə heç bir fikir bildirməmişlər.

46. Kollegiya cavabdehlərin bu göstəriklərini işin müəyyən edilmiş faktiki hallarına uyğun və inandırıcı hesab etmir.

47. Ali Məhkəmənin Qərarının 70-ci bəndi üzrə araşdırma aparan məhkəmə kollegiyası hesab edir ki, Fərqanə Rəhimovanın ölümündən sonra iddia olunan əşyaların mərhuma aid hissəsinin miras aktivinə daxil olduğu, o cümlədən iddiaçının mərhumun birinci növbə vərəsəsi olması nəzərə alınaraq araşdırılan mübahisəyə qiymət verilməlidir.

48. Ali Məhkəmənin Qərarının 73-ci bəndində göstərilənləri, Mülki Məcəllənin 1200-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum arvadına münasibətdə bağışlanmış əşya hesabına birinci növbə vərəsə kimi məcburi pay hüququ vardır.

49. Məhkəmə kollegiyasının qənatincə mübahisə üzrə Mülki Məcəllənin 1200-ci maddəsinin tələbi baxımından qiymətləndirmə aparılarkən mərhum Fərqanə Rəhimovaya münasibətdə vərəsələrin dairəsi müəyyən edilməklə məcburi paya qiymət verilməlidir.

50. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiçı ilə mərhum Fərqanə Rəhimovanın birgə nikahından üç övladları vardır. Belə olan halda mərhum Fərqanə Rəhimovanın vərəsələrinin dairəsinə – ər və üç övladı (Elşad, Rəşad və Rəqsanə Rəhimovlar) daxildir.

51. Kollegiya miras kütləsinə daxil olan – qızıl əşyalarının mərhum Fərqanə Rəhimova tərəfindən qızı Rəqsanəyə bağışlanmaqla hazırda sonuncuda olduğunu, həmin əmlakın ½ hissəsinə iddiaçının pay hüququnun olduğunu, ½ hissəsi üzərində Fərqanə Rəhimovanın sərəncam hüququnun olduğunu, eləcə də həmin ½ hissəyə vərəsələrin, o cümlədən iddiaçının məcburi pay hüququnun olduğunu, həmin əşyaların naturada bölünməsinin mümkün olmadığını nəzərə alaraq hesab edir ki, qeyd olunan əşyaların dəyəri müəyyən edilməklə iddiaçıya aid olunan hissə cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

52. Məhkəmə kollegiyası araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan qızıl-zinət əşyalarının bazar dəyəri 9.100 (doqquz min yüz) manat təşkil edir.

53. Kollegiya qeyd edir ki, həmin qızıl-zinət əşyalarının bazar dəyərini təşkil edən 9.100 manat üzərində ½ hissədə iddiaçının payı müəyyən edilməli, 4550 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

54. Qızıl əşyalarının qalan ½ hissəsi (Fərqanə Rəhimovanın payı) miras kütləsinə daxil olduğundan vərəsələrin dairəsi və Mülki Məcəllənin 1193-cü maddəsinin tələbləri nəzərə alınaraq ¼ -in (1137,5 manat) ½ hissəsi (568,75) üzərində iddiaçının məcburi payı müəyyən edilməli, həmin 568,75 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

55. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, 5118,75 manat (4550 manat+568,75 manat) cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

56. Kollegiya Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulan müddət məsələsinə də qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, qızıl əşyaları 2022-ci ilin iyun ayında mərhum Fərqanə Rəhimova tərəfindən qızı Rəqsanəyə bağışlanıb, 2022-ci ilin oktyabr ayında Fərqanə Rəhimova vəfat etmiş, iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə 2023-cü ilin oktyabr ayında müraciət etmişdir. Göründüyü kimi mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçməmişdir.

57. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024cü il tarixli, 2(012)-510/2024 nömrəliqətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət əşyalarının dəyərinin əvəzi olaraq 5118,75 (beş min bir yüz on səkkiz manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti birgə qaydada alınaraq İddiaçı ödənilməlidir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət əşyalarının dəyərinin əvəzi olaraq 5118,75 (beş min yüz on səkkiz manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti birgə qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar