Məhkəmə qərarları › İş №2(105)-3519/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3519/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3519/2021 08.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-15/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-15/2021 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14.12.2015-ci il tarixli, 1652 saylı kredit müqaviləsinə əsasən 5976.71 ABŞ dolları əsas borc, 2220.59 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8197.30 ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" BOKT ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 may 2021ci il tarixli, 2(012)-15/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 5976.71 ABŞ dolları əsas borc, 2220.59 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8197.30 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC və Cavabdeh2 arasında 14.12.2015-ci il tarixli, 1652 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" BOKT ASC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 6040 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh2 zamini Cavabdeh1 ilə 1652 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir. Hazırda cavabdehlər tərəfindən öhdəlik ümumiyyətlə icra olunmur. Cavabdehlərlə aparılmış danışıqlar heç bir nəticə vermədiyindən məhkəməyə müraciət olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 26 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmiş, digər Cavabdeh1 isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 münasibətdə yoxlanır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 14.12.2015-ci il tarixli, 1652 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" BOKT ASC-dən 36 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 6040 ABŞ dolları məbləğində kredit götürmüşdür. "xxxx" BOKT ASC və Cavabdeh1, borclu Cavabdeh2 bank qarşısında 14.12.2015-ci il tarixli, 1652 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. 24.04.2018-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 "xxxx" BOKT ASC-yə 14.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 24.04.2017-ci il tarixinə olan borcu 5976.71 ABŞ dolları əsas borc, 2220.59 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8197.30 ABŞ dolları məbləğində borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Cavabdehin kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə mövcud borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyi ilə öz təsdiqini tapır. Sadalanan hallara istinad edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən ödənilmədən qalmış borca münasibətdə tələbi təmin etməklə qanuni və əsasılı qətnamə qəbul etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin Cavabdeh2 aid hissədə apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə ona aid hissədə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-15/2021 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar