Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-352/2022 10.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə2, İddiaçının vəkili: Vəkil, Cavabdehlər: Cavabdeh3 və Cavabdeh1, Cavabdehin nümayəndəsi: Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia tələbinin təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 Əmirəh qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına aparılmış tikili və hasarların onların hesabına sökülərək torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəyə manelərin yaradılmasının cavabdehlərə qadağan edilməsi, yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı vurulmuş maddi ziyan məbləği olaraq 17000 manat məbləğində pul vəsaitinin, mənəvi zərər vurduqlarına görə də 10000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi birinci iddiaçı olaraq onun- İddiaçı1 mülkiyyətindədir. Həmin evdə onlar keçmiş ailə üzvləri olan cavabdehlərlə birgə yaşamışlar. Sonradan ailə üzvlərinin sayı çoxaldığından və həmin evdə darısqallıq yarandığından o, Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsində yeni yaşayış evi tikmək və bundan sonra əvvəlki evi sökmək üçün icazə verilməsini xahiş etmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə ona məxsus həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra iddiaçı olaraq hər ikisi müxtəlif banklardan kredit məbləğləri götürərək həmin evin tikintisinə başlamışlar. Bu minvalla fərdi yaşayış evinin tikintisi faktiki olaraq həyata keçirilmişdir. Lakin tikilmiş evin dam örtüyünün vurulması mərhələsində Cavabdeh1 iddiaçı həyat yoldaşı İddiaçı2 ilə birgə yaşamaq istəməyərək nikahının pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və onların nikahı pozulmuşdur. Bundan sonra Cavabdeh1 onların vəsaiti ilə tikilmiş fərdi yaşayış evini ələ keçirmiş, digər cavabdehlərlə həmin evə yerləşərək onları öz mülkiyyətlərindən məhrum etmişdir. Bununla kifayətlənməyən cavabdehlər həyətin daxilində darvazadan başlayaraq hasarlama işləri aparmış, köhnə evə girişləri üçün kiçik cığır saxlayaraq həyətin torpaq sahəsini də özlərinin qanunsuz istifadələrinə qatmışlar. Halbuki, yuxarıda qeyd etdikləri kimi, sözügedən həyətyanı torpaq sahəsi mülkiyyətində olan fərdi yaşayış evinin torpağıdır və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həmin torpaq sahəsi üzərində onun - İddiaçı1 əvəzsiz mülkiyyət hüququ yaranmışdır. Baxmayaraq ki, o, bu hüququnu bu günədək həyata keçirməmiş, həmin torpaq sahəsi üzərində onun gözləntili mülkiyyət hüququ artıq formalaşmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlar nəinki öz mülkiyyətlərində olan fərdi yaşayış evindən və torpaq sahəsindən məhrum edilmişlər, həm də kredit və borc müqabilində tikdikləri fərdi yaşayış evi də əllərindən alınaraq ziyana uğradılmışlar. Belə ki, ”Kapital Bahk” ASC və "xxxx" ASC-dən götürdükləri kreditin bir qismi tərəflərindən bağlanılmış, bir qismi üzrə isə banklara ödənişləri hələ də davam edirlər. Ümumilikdə, həmin fərdi yaşayış evinin tikintisinə tərəflərindən 17000 manata yaxın pul vəsaiti xərclənilmişdir. Hesab edirlər ki, cavabdehlərin bu qanunsuz əməllərinə məhkəmə qaydasında son qoyulmaqla yanaşı, onlar tərəfindən dəymiş ziyan məbləği də ödənilməlidir. Cavabdehlərin zəbt etdikləri fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etmələrinə əsas verən hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Buna baxmayaraq onlar qanunsuz olaraq onlara məxsus fərdi yaşayış evini və torpaq sahəsini zəbt etmiş və qanunsuz əməllərinə bu günədək son qoymamışdır. Yaranmış problemin həlli üçün bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsələr də, bunun hər hansı bir nəticəsi olmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1 və qeyrisi apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Məhkəmə mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçməməsini əsas tutaraq hal-hazırkı iddia tələblərini irəli sürməyə subyektiv hüquqlarının olmaması barədə gəldiyi nəticə kökündən yanlışdır və butun hüquq normaları, Avropa qərarlarına ziddir. Belə ki, hal-hazırkı iddia tələblərini irəli sürməklə birinci iddiaçı olaraq faktiki sahibliyində olan və üzərində mülkiyyət hüququnun yaranmış mənzilin yerləşdiyi, həmçinin tərəfindən yeni yaşayış evi tikilmiş torpaq sahəsinin buna hüququ olmayan cavabdehlər tərəfindən zəbt edilərək üzərindəki yeni tikili ilə birlikdə özününküləşdirilməsinin qarşısını almaga çalışır, bununla da özünün torpaq üzərində sahiblik və istifadə hüququnu qoruyur. Məhkəmə sübutetmə yükünün tərəflərin üzərində oldugunu bəyan edərək tərəfindən məhkəməyə təqdim olunmuş sübutların, iş üzrə müəyyən edilməli olan halların, xüsusilə də torpagın və üzərindəki tikililərin hüquqi statusunun aydınlaşdırılması ilə bağlı yuxarı instansiya məhkəməsinin göstərişi yayınaraq Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinin tələblərini pozmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(067)-2023/2021 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh3, Cavabdeh1 və nümayəndələri Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının mübahisəli olan torpağın onun mülkiyyətində olmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz şəhəri Əlif Hacıyev küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilinə İddiaçı1 adına texniki pasport işlənilmişdir. İşdə olan ********* qeydiyyat nömrəli, **********54-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri Əlif Hacıyev küçəsində yerləşən ev 12, mənzil 1 tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçılar iddia etdikləri torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, iddianı əsaslandıran hər hansı hüquq müəyyənedici sənədlər iddiçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddiaçı1 onun istifadəsində olan 0.00084 ha torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına aparılmış tikili və hasarların sökülərək torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə tələbini məhkəmə kollegiyası əsassız hesab edir, belə ki, həmin torpagın üzərində iddiaçıya məxsus mənzil yerləşir və həmin torpagın onun mülkiyyətində olunması heç bir sənədlə sübuta yetirilmir. Bundan əlavə olaraq, məhkəmə prosesi zamanı və iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 iki uşagı ilə birlikdə İddiaçı1 mülkiyyətində olan Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüququ müəyyən edilmişdir və 1999-cu ildən daimi orada yaşayırlar. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsasslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 17 avqust 2021-ci il tarixli 2(067)-2023/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-352/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-352/2022
10.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver