Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3524/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2785/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2785/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X2 istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X2 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili boşaltması qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2785/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X2 istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X2 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Halbuki cavabdeh və nümayəndəsi məhkəmə iclasının keçirildiyi məhkəmənin inzibati binasında olmuş, onlara keçiriləcək iclas barədə xəbərdar ediləcəkləri bildirilmiş, sonradan cavabdeh narahat olub məlumat almaq istədikdə məhkəmə iclasının artıq yekunlaşdığı və iş üzrə yekun məhkəmə aktının qəbul olunduğu bildirilmişdir. Ancaq qətnamə qəbul edildiyi gündən öncəki iclaslarda cavabdeh tərəfindən iş materiallarında sözü gedən hərracın etibarsızlığı barədə məhkəməyə müraciət edildiyi və bu səbəbdən Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki işin baxılmamış saxlanılması barədə fikir yürüdülmüşdü. Hətta bu barədə yazılı vəsatət də məhkəmə dəftərxanasına təqdim edilmişdir. Beləcə tərəfin məhkəmədə müdafiə olunmaq hüququ ilə yanaşı ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin tələbləri də pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, AR MM-in 228.4-cü maddəsinin tələblərinə müvafiq olaraq yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürüb götürməmələri barədə halları araşdırmamış, qətnamədə göstərilən hallara hər hansı münasibət bildirməmişdir. Bundan əlavə iş materiallarını nəzərdən keçirən məhkəmə borclunun icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayanın ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malik olması ilə yanaşı, borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşmanın etibarsız olması barədə qanunvericiliyin tələbini nəzərdən qaçırmışdır. Məhkəmə nəzərə almalı idi ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, yəni yaşayış sahəsindən fayda götürmək, əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2785/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, ev artıq bankın mülkiyyətindədir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-2785/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 lazımi qaydada xəbərdarlıq edilsə də o, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili 21.10.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan «Asan 1» tərəfindən verilmiş 25.02.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilində X4 ilə birlikdə X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 da qeydiyyatdadır. Müəyyən edilmişdir ki, cavabdehlər "xxxx" KB Açıq Səhmdar Cəmiyyətidən kreditlə pul götürmüş, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmiş və həmin hüquq AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzil 21.10.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə qeydiyyata alınmışdır. Lakin indiyə kimi cavabdehlər könüllü olaraq sözügedən mənzildən qeydiyyatdan çıxmır. Belə olan halda cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə həqiqətən də maneə yaradır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd edilən Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Müəyyən edilmişdir ki, ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili hərracdan satılmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməli və onlar həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin oluna bilməz. Belə ki, apelyant apellyasiya şikayətində məhkəmə iclasının keçirilməsindən xəbərsiz olduğunu, bundan başqa hərracın nəticələrini mübahisələndirildiyini qeyd etsə də onun bu dəlilləri iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan bildirişin kötüyündən görünür ki, Cavabdeh1 məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilmişdir. Bundan başqa cavabdeh hərracın nəticələrini mübahisələndirildiyini qeyd etsə də buna dair hər hansı bir sübüt (qərar, bildiriş və.s) təqdim etməmişdir. Eləcə də iş materiallarından müəyyən olunur ki, mübahisəli mənzilə dair ipoteka müqaviləsi qüvvədədir, mübahisələndirilməyib. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2785/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3524/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3524/2021
21.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver