Məhkəmə qərarları › İş №2(105)-3525/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3525/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3525/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 Elbəyli oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(012)-339/2021 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın qismən təmin edilməsi, 29.08.2014-cü il tarixli 01R000014452 saylı kredit razılaşması üzrə Cavabdeh2 Elbəyli oğlundan 6721 ABŞ dolları kredit borcu, 3359.19 ABŞ dolları faiz borcu və 335 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 10 415,19 ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla və iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumuna görə pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı QSC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı QSC cavabdehlər Cavabdeh2 Elbəyli oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 01R000014452 saylı kredit razılaşması üzrə 6721 ABŞ dolları kredit borcu, 6434.27 ABŞ dolları faiz borcu və 8915.19 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22070.46 ABŞ dolları məbləğində bоrcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Elbəyli oğluna İddiaçı QSC ilə bağladığı 05.09.2008-ci il tarixli,01L000001342 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh2 Elbəyli oğluna veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 Elbəyli oğlu İddiaçı QSC ilə bağladığı 29.08.2014-cü il tarixli 01R000014452 saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 25 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24.02.2016-cı il tarixli 01R000014452S saylı, 10.03.2017-ci il tarixli 01R000014452SA saylı, 25.12.2017-ci il tarixli 01R000014452SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq 07.08.2018-ci il tarixdən ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh2 Elbəyli oğlu 18279 ABŞ dolları ödəmiş, onun 6721 ABŞ dolları məbləğində borcu qalmışdır. Ümumilikdə borcu isə 6721 ABŞ dolları kredit borcu, 6434.27 ABŞ dolları faiz borcu və 8915.19 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22070.46 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 Elbəyli oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X4 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən onlar bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşdür. Zaminlər kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 Elbəyli oğlu ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı QSC Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi, qismən, zaminə münasibətdə təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Birinci instansiya məhkəməsi prosessual hüquq pozuntusuna, habelə mübahisəli iş üzrə maddi hüquq pozuntusuna yol vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi və zaminə qarşı münasibətlərə zaminliyin qüvvədə olma müddətinin keçməsinə görə xitam verilməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1., 442., 445.1., 448.1., 477.0.1., 739.1., 739.2., maddələrinə istinad etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən vermiş olduğu apellyasiya şikayətində məhkəmənin zaminlərə münasibətdə iddia tələbinin rədd edilməsi hissəsində gəldiyi nəticəni mübahisələndirmiş, həmin hissədə qətnamənin ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin zaminlərə aid hissədə iddianın rədd edilməsi barədə gəldiyi nəticənin mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 05.09.2008-ci il tarixli, 01L000001342 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 50000 (əlli min) ABŞ dolları kredit xətti açılmış və həmin kredit xətti müqaviləsi üzrə 29.08.2014-cü il tarixli kredit razılaşmasına əsasən sonuncuya aylıq 2.1667 faizlə 24 (iyirmi dörd) ay müddətinə 25500 (iyirmi beş min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinin icrasının təmin edilməsindən ötrü digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2012-ci il tarixli qərarı). Həmçinin həmin qərarda qeyd edilmişdir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz. Mülki Məcəllənin 477.0.4. maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məlum olduğu kimi, B.Mürsəlovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli qərarı ilə kəsici və iddia müddətlərinin anlayışı və fərqləri izah edilmişdir. Həmin qərara əsasən iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnalar mövcuddur, Məsələn, Mülki Məcəllənin 477.0.4. maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında iddia müddətinin zəruriliyini qeyd etməklə yanaşı, bu institutun tətbiqi mexanizminə də aydınlıq gətirmişdir. İddia müdətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2. maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddia və cavabdeh arasında olan maddi-hüquq mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və cavabdeh tərəfin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. İşdən göründüyü kimi cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməmişlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddia müddətin ötürülməsi barədə gəldiyi nəticə qanuni və əsaslı deyildir, tətbiq edilən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X1 müştərək qaydada 6721 (altı min yeddi yüz iyirmi bir) ABŞ dolları kredit borcu, 3359 (üç min üç yüz əlli doqquz) ABŞ dolları 19 (on doqquz) sent faiz borcu və 335 (üç yüz otuz beş) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 10415 (on min dörd yüz on beş) ABŞ dolları 19 (on doqquz) sent (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) kredit borcu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar