Məhkəmə qərarları › İş №2(105)-353/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-353/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-353/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5110/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh ümumilikdə 21000 manat məbləğində pul vermiş, sonuncu həmin pul vəsaitindən 3000 manat hissəsini qaytarsa da, borcun 18000 manat hissəsini qaytarmamışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc qismində 18.000 (on səkkiz min) manat, 5 faiz illik borcu qismində 2.000 (iki min) manat, hüquqi xidmətinin göstərilməsinə görə vəkilə ödənilmiş qonorarın əvəzi qismində 300 (üç yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 151 (bir yüz əlli bir) manat, cəmi 20.451 (iyirmi min dörd yüz əlli bir) manat məbləğində pul vəsaitinin tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci ildə aralarında əldə olunmuş razılaşmaya əsasən sonuncu ondan ümumilikdə 21.000 (iyirmi bir) manat məbləğində borc pulu götürmüş, həmin borcu qısa müddətə ödəməyi vəd etsə də, vədinə əməl etməmiş, hissə-hissə cəmi 3.000 manat ödəmiş, borcun qalan məbləğini müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Cavabdehlə dəfələrlə apardığı danışıqlar heç bir müsbət nəticəni vermir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin «Öhdəliklərin icrası zamanı vicdanlılıq» adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsini nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Həmin Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə də göründüyü kimi,Cavabdeh tərəfindən gecikdirilmiş 2 (iki) il vaxtı üçün ona olan illik beş faiz borcu orta hesabla 2.000 manat təşkil edir. İddianın məhkəməyə verilməsi ilə bağlı çəkdiyi əlavə xərclərin əvəzi qismində 451 manat məbləğini təşkil edir – 300 manat məbləğində hüquqi xidmətinin göstərilməsinə görə vəkilə ödənilmiş qonorar və məhkəməyə müraciət edərkən dövlət rüsumu qismində ödənilmiş 151 manat. Bununla da göründüyü kimi, pozulmuş hüquqlarının bərpası üçün Cavabdeh maddi zərər qismində gecikdirilmiş vaxt üçün illik beş faizlə ümumilikdə müvafiq olaraq 2.000 (iki min) borcu, əlavə xərclərin əvəzi qismində isə 451 (dörd yüz əlli bir) manat məbləğində pul vəsaiti tutulub onun xeyrinə ödənilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5110/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində borc, ödənilmiş 151,37 (bir yüz əlli bir manat otuz yeddi qəpik) manat dövlət rüsumu, vəkilə hüquqi yardıma görə ödənilən 300 (üç yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 739, 442, 448, 443.1, 445.2.1-ci maddələri, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 119.1 vı 121.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5110/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5110/2024 saylı qətnaməsi hərtərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Bildirmək istəyir ki, məhkəmə gedişatı zamanı hissə-hissə 400 manat pulu İddiaçı bank kartına göndərmişdir və onun İddiaçı hal-hazırda 17600 manat borcu vardır. Lakin qəbzləri məhkəmə baxışı olduğundan məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, xahiş edir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5110/2024 saylı qətnaməsi ləğv edilsin.

8. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətlı olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

12. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

13. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

31. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5110/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5110/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edildiyindən kolegiya qətnaməni iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-5110/2024 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh 18000 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq cavabdehdən tutulmalı məbləğ 17600 manat məbləğində müəyyən edilməlidir.

37. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əsas borc hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmiş, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini bildirsə də, məhkəmə iclaslarına gəlməmiş, iddiaya etirazının əsası kimi istinad etdiyi halları və bu hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 18000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan artıq olduqda borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Lakin işdən görünür ki, iddiaçının 18000 manat məbləğində pul vəsaitin cavabdehə verilməsi işin mübahisəsiz halı olsa da, tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmamışdır. Beləliklə, kollegiya hesab edir ki, hazırki mübahisəyə əsassız varlanmaya dair maddi hüquq normaları tədbiq edilməlidir.

39. Digər tərəfdən, kollegiya hesab edir ki, apellyasiya şikayətin dəlilində qaytarılmalı pul vəsaitinin cəmi 17600 manat məbləğində olmasının cavabdeh tərəfindən qəbul edilməsi və apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdeh tərəfindən 400 manat pul vəsaitin qaytarılmasına dair izahatı nəzərə alınmalı, 400 manat məbləğində vəsait iddiaçı tərəfindən verilməsi sübut olunan 18000 manat məbləğdən çıxılmalıdır.

40. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır, maddi hüquq normalarını düzgün tədbiq etməmişdir. Bu da qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsasdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

42. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən - Cavabdeh 18000 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı Cavabdeh 17600 manat manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5110/2024 nömrəli qətnaməsi mübahisələndirilən - Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarısın. Cavabdeh 17600 (on yeddi min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan 400 (dörd yüz) manat hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar