Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-354/2021 28.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-613/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-613/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Zamin Tahirov) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və Zamin4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və Zamin4 müştərək qaydada 3663.85 ABŞ dolları məbləğində kredit borcu, 3881,65 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7645,5 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və Zamin4 müştərək qaydada cəmiyyətin xeyrinə 32R000000858 saylı kredit razılaşması üzrə 3663,85 ABŞ dolları məbləğində kredit borcu, 3881,65 ABŞ dolları məbləğində faiz borcu və 13074,69 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20620 ABŞ dolları 19 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh cəmiyyətlə bağladığı xx.xx.2013-cü il tarixli, 32L000000806 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh cəmiyyətlə bağladığı xx.xx.2013-cü il tarixli, 32R000000858 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2014-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 6336,15 ABŞ dolları ödəmiş, onun 3663,85 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə hesablanmış faiz borcu 3881,65 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə hesablanmış cərimə 13074,69 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarım bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Zamin1, Zamin2, Zamin3 və Zamin4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ləğv olunmalı, işin icraatına xitam verilməlidir. Belə ki, onun banka borcu xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən yarandığı üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ona da şamil olunmalıdır. Həmin Fərman qətnamədən 27 gün sonra qəbul olunsa da, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsini Vİİ hissəsinə görə geriyə qüvvəsi vardır. Bank Fərmanın 6.1 və 6.2-ci bəndlərinin, Azərbaycan Respublikasının Maliyyə X2 da Fərmanın 7-ci bəndinin tələblərinə əməl etməmişlər. O, Qarabağ müharibəsi iştirakçısıdır. Hazırda heç bir yerdə işləmir, 80 manat müavinət alır, iki məktəbli uşağı vardır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə onun banka olan borcu ödənilmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh hazırda “Access Bank” qapalı səhmdar cəmiyyətinə 1726,87 ABŞ dolları əsas borcu qalmışdır. Cavabdehlər Zamin1, Zamin2, Zamin3 və Zamin4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcuna aid hissələrdə Cavabdeh apellyasiya şikayəti üzrə ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməməli, qətnaməyə əsas borca aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış xx xxxx 2013-cü il tarixli, 32L000000806 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmalıdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 32L000000806 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2013-cü il tarixli, 32R000000858 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh aylıq 2,25 % faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 10000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Zamin1, Zamin2, Zamin3 və Zamin4 arasında bağlanmış 32S000001262 saylı, 32S000001263 saylı, 32S000001264 saylı və 32S000001265 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, xx.xx.2013cü il tarixli, 32L000000806 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 32R000000858 saylı kredit razılaşması üzrə xx.xx.2018-ci tarixə əsas borcu 3663,85 ABŞ dolları, faiz borcu 3881,65 ABŞ dolları, cərimə borcu 13074,69 ABŞ dolları, cəmi borcu 20620,19 ABŞ dolları təşkil edir. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və Zamin4 göndərilmiş xx xxxxxxxx 2016-cı il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı qapalı səhmdar cəmiyyətinin arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 32R000000858 saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixinə əsas borcu 1726,87 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları, cərimə borcu 0 ABŞ dolları, cəmi borcu 1726,87 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş “Access Bank” qapalı səhmdar cəmiyyətinin arayışı ilə müəyyən olunur ki, Cavabdeh 32R000000858 saylı, xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixinə əsas borcu 1726,87 ABŞ dollarıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilməli, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və Zamin4 müştərək qaydada əsas borc üzrə 1726,87 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə alınaraq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş “Access Bank” qapalı səhmdar cəmiyyətinin arayışı ilə müəyyən olunur ki, Cavabdeh 32R000000858 saylı, xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə faiz və cərimə borcu yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz və cərimə borcuna aid hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcuna aid hissələrdə Cavabdeh apellyasiya şikayəti üzrə ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməməli, qətnaməyə əsas borca aid hissədə dəyişiklik edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-613/2019 saylı qətnaməsi faiz və cərimə borcuna aid hissələrdə Cavabdeh apellyasiya şikayəti üzrə ləğv edilsin, həmin hissələrdə iddia təmin edilməsin. Qətnaməyə əsas borca aid hissədə dəyişiklik edilsin. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və Zamin4 müştərək qaydada əsas borc üzrə 1726,87 (bir min yeddi yüz iyirmi altı ABŞ dolları 87 sent) ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə İddiaçı qapalı səhmdar cəmiyyətinə xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-354/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-354/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver