Məhkəmə qərarları › İş №2(105)-354/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-354/2023

21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-354/2023 21.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-131/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3160 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, **-VK-*** dövlət qeydiyyat nişanlı, "BMW” markalı avtomobil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. xx.xx.2021 -ci il tarixində iddiaçının oğlu Xəyal Cəfərov həmin avtomobili Sumqayıt şəhərində əşya bazarının yaxınlığında yerləşən "Hikmət” petrolun yanındakı "Talışlar” adlanan moykaya yuyulmağa vermişdir. Həmin tarixdə iddiaçının oğlunun dostu Cavabdeh iddiaçının oğluna ***-***-**-** nömrəsi ilə zəng edərək özünün "Talışlar” adlanan moykada olduğunu, həmin **-VK-*** dövlət qeydiyyat nişanlı, "BMW” markalı avtomobilinin isə yuyulub qurtarmaq üzrə olduğunu, əgər istəyirsə həmin avtomobili gələn zaman gətirə biləcəyini bildirmiş, oğlu isə onunla razılaşmışdır. Lakin oğlunun dostu sözügedən avtomobili moykadan götürdükdən sonra Sumqayıt şəhəri ərazisində sürmüşdür. xx.xx.2021 -ci il tarixində, saat 16:00 radələrində iddiaçıya məxsus **-VK-*** dövlət qeydiyyat nişanlı, "BMW” markalı avtomobil həmin vaxt Cavabdeh tərəfindən idarə olunmuş və o, həmin avtomobili öz təqsiri səbəbilə Sumqayıt şəhəri, 6-cı mkr ərazisində **-GK-*** dövlət qeydiyyat nişanlı, "X20” markalı avtomobilə vurmuşdur. İddiaçıya məxsus **-VK-*** dövlət qeydiyyat nişanlı, "BMW” markalı avtomobilə dəymiş zərər: 40 manat cərimə, 170 manat dəmirçi xərci, 420 manat bufer, 1550 manat fara, 180 manat radiatorun plasması, 300 manat malyar, rəngsaz xərci də daxil olmaqla, ümumilikdə 3160 (üç min yüz altmış) manat müəyyən edilmişdir. Cavabdeh qeyd edilən borcu ödəməkdən boyun qaçırır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin 09 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərarda göstərilmişdir ki, **-VK-*** dövlət qeydiyyat nişanlı, "BMW” markalı avtomobilə dəymiş ziyanla bağlı tərəflər arasında gələcəkdə mübahisə mülki qaydada həll edilməlidir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-131/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1923 (min doqquz yüz iyirmi üç) manat məbləğində pulun tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 100 manat pulun 50 (əlli) manatının İddiaçı, 50 (əlli) manatının isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmçişdir (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 21.2, 1096.1, 1096.2, MPM-nin 115.0.1, 119.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-131/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçı onun dostu X6 atasıdır. xx.xx.2021-ci il tarixdə dostu X12 ona zəng edərək bildirmişdir ki, 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW" markalı avtomobili yuyulma üçün moykaya verib və yuyulduqdan sonra avtomobili ona gətirməyini xahiş etmişdir. Onunla razılaşaraq avtomobili moykadan götürüb ona apardığı zaman Sumqayıt şəhəri, 6-cı mkr ərazisində 99- GK-747 dövlət qeydiyyat nişanlı, “X20” markalı avtomobilə vurub. Hadisə yerinə YPX-nin əməkdaşları gəlmiş və X6 adına protokol tərtib olunmuş və onun barəsində qərar qəbul edilmişdir. Həmin günün sabahı o, dostu X7 400 manat məbləğində pul verib ki, maşını düzəltsin. O, da razılaşaraq 400 manat pulu ondan qəbul etdi. 10 gün sonra həm dostu, həm də iddiaçı onların evinə evə gələrək maşına daha çox ziyan dəydiyini bildirmiş və əlavə olaraq pul istəmişdir. X13 həmin vaxt evdən 500 manat pul götürərək iddiaçıya verdi. Bundan sonra iddiaçı ona qarşı əsassız iddia ilə məhkəməyə müraciət etmiş və ondan 3160 manat pul tələb etmişdir. Avtomaşına iddiaçının tələb etdiyi məbləğdə zərər dəyməmişdir. Dəyən zərər təxminən 400 manat olub. O, isə iddiaçıya və onun oğluna 900 manat pul ödəyib. Lakin məhkəmə bunu nəzərə almamış və iddia tələbini ekspert rəyinə əsaslandıraraq təmin etmişdir. İş materiallarında olan 25 oktyabr 2021 -ci il tarixli, 9/5359 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Mərcan” firmasının tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “BMW" markalı, 99- VK-528 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2698 manat müəyyən edilmişdir. Yəni ekspert rəy verərkən “Mərcan” firmasının tərtib etdiyi qüsur aktındakı məlumatlara əsaslanmış və təxmini hesablamışdır. Bəllidir ki, “Mərcan” firması özəl firmadır və onların qüsur aktı mötəbər sübut hesab oluna bilməz. Çünki iş materiallarında olan foto şəkillərdən də görünür ki, avtomobilin yalnız buferinə ziyan dəyib. Lakin iddiaçı digər ehtiyat hissələrə ziyan dəydiyini də qüsur aktında qeyd etdirib və dəymiş zərəri yüksək qeyd etdirib. Hesab edirəm ki, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyil. İddiaçı cavabdehin dostunun atasıdır. İddiaçının oğlu X12 xx.xx.2021-ci il tarixdə cavabdehə zəng edərək bildirmişdir ki, **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil yuyulmaq üçün yuyucuya təhvil verilib, yuyulduqdan sonra avtomobili ona gətirməyi xahiş etmişdir. Cavabdeh razılaşmış, avtomobili yuyucudan götürmüşdür. Avtomobili iddiaçıya təhvil vermək üçün gətirərkən Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində **-GK-*** dövlət qeydiyyat nişanlı “X20” markalı maşınla toqquşmuş və avtoqəza baş vermişdir. X1 adına protokol tərtib olunmuşdur. Cavabdeh hadisədən sonrakı gün dostu X7 400 manat pul vermişdir ki, maşını düzəltsin. Hadisədən 10 gün sonra iş üzrə iddiaçı və oğlu cavabdehin evinə gələrək maşına daha çox ziyan dəydiyini bildirmiş və əlavə olaraq pul istəmişdir. X14 evdən 500 manat pul götürərək iddiaçıya vermişdir. Bununla bağlı birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və bu faktı təsdiq etmişdir. Lakin məhkəmə şahid cavabdehin anası olduğu üçün onun ifadəsinə tənqidi yanaşmışdır. Avtomobilə tələb olunan məbləğdə ziyan dəyməyib. Yalnız buferə ziyan dəyib və faranın birində çat olub. Maşına təxminən 400 manat məbləğində ziyan dəyib. İddia ərizəsində də iddiaçı qeyd edir ki, faraya 420 manat ziyan dəyib. Amma ekspert rəyində və aktda həmin məbləğ 450 manat göstərilir. İş materiallarında “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar var. Həmin qərardan görünür ki, iddiaçı etiraf edir ki, maşına 2680 manat ziyan dəyib. Amma məhkəmədə 3160 manata iddia qaldırıb. İş materiallarında maşının fotoşəkilləri var. “BMW” markalı avtomobil bundan əvvəl də çox ağır qəza keçirib və bir şəxsi vurub. İddiaçı məhkəməni aldatmaq məqsədi ilə həmin qəzadan sonrakı şəkilləri məhkəməyə təqdim etmişdir. Ekspert “Mərcan” firmasının aktı əsasında rəy verib. Həmin firma özəl firmadır. Özəl firmadan istənilən formada akt almaq mümkündür. Aktda nömrə və tarix yoxdur. Bu səbəbdən o sübut kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, maşının yalnız bufer hissəsinə ziyan dəymişdir. “Mərcan” firmasının aktı ilə iddia ərizəsi arasında uyğunsuzluqlar var. Əmlakın təsadüfən zədələnməsi riski mülkiyyətçinin üzərindədir. Həmin zərər cavabdehdən tutula bilməz. Müvəkkili barəsində inzibati xəta barədə protokol yoxdur. X10 barəsində tərtib olunub. Hadisə baş verəndə sükan arxasında cavabdeh olub. Cavabdeh sürücülük vəsiqəsi yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-131/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehin atası ona dedi ki, maşını düzəltsin, ona kömək edəcəklər. Sonradan heç bir kömək etmədilər. Ona və oğluna 900 manat pul verilməsi də yalandır. Bufer də, fara da zədəli idi. Fara tək satılmadığı üçün 2550 manat faraya xərc çəkib. İşlənmiş buferi 400 manata alıb. 300 manat onu rəngləməyə xərc çəkib. Maşının kapotu, krılosu əyilib. Cavabdehin sürücülük vəsiqəsi olmadığı üçün protokol oğlu barəsində tərtib olunub. Maşını təhvil almasını cavabdeh oğluna özü təklif edib.Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-131/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-131/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 09 may 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçının Sumqayıt ŞPİ-nin 3-cü PB-nə etmiş olduğu müraciətlə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi aşkar olunmadığından cinayət işi başlanması rədd edilmişdir. "Mərcan” firması tərəfindən verilmiş arayışdan görünür ki, **-VK-*** dövlət qeydiyyat nişanlı, "BMW” markalı avtomobil servisdə təmir edilərsə ona çəkilən xərc ümumilikdə 3225 manat təşkil edəcəkdir. 25 oktyabr 2021-ci il tarixli, 9/5359 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "Mərcan” firmasının tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, "BMW” markalı, 99-VK528 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2698 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, cavabdehin anasıdır. İddiaçı qonşuları olmaqla yanaşı, uşaqları dost olmuş və bir-birinin evinə gedib gəlmişlər. Hadisə olan kimi ilk ona məlumat verilmişdir. Belə ki, iddiaçının oğlu ilə onlara gələrək, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşının farasının çatladığını və onun təmirinə 400 manat pul lazım olmasını bildirmişlər. O da, evdən 400 manat pul götürüb iddiaçının oğlu Xəyala vermişdir. Bu hadisədən bir neçə gün sonra iddiaçı oğlu ilə birlikdə onların evlərinə gələrək səs-küy salmış və avtomobilin təmiri üçün əlavə 1500-1600 manat pul lazım olduğunu bildirmişlər. İddiaçının bu hərəkətlərini görüb yenidən 500 manat pulu evdən götürərək iddiaçıya vermişdir. Pul verilərkən orada iddiaçı, onun oğlu Xəyal, o və həyat yoldaşı Elxan olmuşlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, cavabdeh onun oğludur və iddiaçı ilə qonşu olmaqla yanaşı, uşaqları dost olmuş və bir-birinin evinə gedib gəlmişlər. Oğlunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi barədə bir neçə gün sonra məlumatı olmuşdur. Belə ki, hadisə olan günü iddiaçının oğlu ilə onun oğlu evə gələrək, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşının farasının çatlamasını və onun təmirinə 400 manat pul lazım olmasını bildirmişlər. Arvadı Nəsibə də evdən 400 manat pul götürüb iddiaçının oğlu Xəyala vermişdir. Həmin vaxt o, evdə olmamışdır. Bu hadisədən bir neçə gün sonra iddiaçı oğlu ilə birlikdə onların evlərinə gələrək səs-küy salmış və avtomobilin oğlu tərəfindən idarə olunarkən digər avtomobilə dəydiyini, nəticədə avtomobilin təmiri üçün əlavə 1500-1600 manat pul lazım olduğunu bildirmişlər. Bundan sonra həyat yoldaşı Nəsibə məcbur olub yenidən iddiaçının özünə 500 manat pul vermişdir. İşdən göründüyü kimi cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 99-VK- 528 dövlət qeydiyyat nişanlı, "BMW” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2014-cü il buraxılışlı, “BMW’ markalı, 99- VK-528 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi aşkardır və avtomobilə zərər dəyməsi cavabdehin təqsirindən baş vermişdir. Bu səbəbdən də avtomobilə dəymiş zərər cavabdehdən tutulmalıdır. İş materiallarında olan ekspert rəyindən görünür ki, “BMW” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı, 99- VK-528 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2698 manat müəyyən edilmişdir. Həmçinin rəydən görünür ki, həmin avtomobilə məxsus olan iki ədəd led faranın ümumi qiyməti 1550 manat müəyyən edilmişdir. Lakin, iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edilir ki, avtomobilin yalnız bir farası zədələnmişdir. Belə olan halda, zədələnmiş bir faraya görə hər iki faraya dəymiş ziyanın cavabdehdən tutulması ədalətli hesab edilə bilməz. Bu səbəbdən hər iki faranın qiymətinin yarısı, yəni 775 manat ümumi ziyan məbləğindən çıxılaraq, yer qalan 1923 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qətnamə əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, cavabdehin ekspert rəyi ilə razı olmaması əsası ilə təkrar ekspertizanın keçirilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası sahidlərin ifadələrinə qiymət verərək qeyd edir ki, şahidlər cavabdehin valideynləri olmaqla, işin nəticəsində maraqları olan şəxslərdir. Bu səbəbdən məhkəmə kollegiyası şahid ifadələrinə tənqidi yanaşır. Eyni zamanda X2 öz ifadəsində hadisə baş verən gün 400 manat pulu iddiaçının oğluna verdiyini bildirsələrdə idiaçıya və ya oğluna pul vermələrinə dair hər hansı sübutu, qəbzi məhkəməyə təqdim etməmişlər. Bununla da cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsasını sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-131/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya oğlunun apellyasiya şikayəti təmin edilməsin Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-131/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar