Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-354/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Rəsulova Zenfı̇ rara Rəhman qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X11 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Rəsulova Zenfı̇ ra Rəhman qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(060)-5843/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2517/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi və həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2517/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsi və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin və xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşı tamam olana qədər hər ay 50 manat maddi yardımın xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub ona verilməsi qət edilmişdir. Bildirir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 üç yaşı tamam olub və 50 manat maddi yardımın verilməsi dayandırılıb. Hazırda o, iki uşağa görə hər ay müxtəlif məbləğlərdə aliment alır. Həmin məbləğdə alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2517/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ona verilməlidir. Həmçinin qeyd edir ki, o, alimentin artırılması ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərmişdir. Lakin cavabdeh mediasiyada razılıq vermədiyindən o, ilkin mediasiya sesiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışı alıb məhkəməyə müraciət edir. Bildirir ki, o, mediasiya zamanı 50 manat rüsum ödəmişdir. Hesab edir ki, həmin rüsum da cavabdehə aid olunmalıdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2517/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında olan 5 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 13 avqust 2016-cı il tarixdə bağlanmış və 4209 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları- İddiaçı himayəsində qalmaları, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin və xx.xx.2020-ci il təvəllüdlü X1 3 (üç) yaşı tamam olana qədər hər ay 50 (əlli) manat maddi yardımın xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir.
5. AZ-İİ № 479160 saylı, xx.xx.2022-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Rəsulov X4 Zaur Əli qızı ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan xx.xx.2022-ci il tarixli X6 doğulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(060)- 5843/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5843/2023 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş xərcin əvəzi olaraq 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 56.1, 78.1 və 112.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 233.4, 119, 246-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
8. Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(060)- 5843/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, 380 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumum 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunub. O, iddia tələbində hər uşağa görə 220 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələbinə əsasən 220 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hesab edir ki, məhkəmə iddia tələbini qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Həmçinin məhkəmə “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinin də tələbini pozmuşdur. Belə ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyə ndə uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Lakin məhkəmə qəbul etdiyi qətnamədə uşaqların mənafelərini üstün tutmamışdır. Ona görə də hesab edir ki, qətnamə dəyişdirilməli və ərizənin tam təmin olunması barədə qətnamə çıxarılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. İddiaçı və cavabeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
14. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
21. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girmişlər, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı iki övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin və xx.xx.2020-ci il təvəllüdlü X1 3 (üç) yaşı tamam olana qədər hər ay 50 (əlli) manat maddi yardımın xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutulmasını tələb edir.
23. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5843/2023 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
24. Məhkəmə mövqeyini yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını və cavabdehin ikinci dəfə ailə həyatı qurmasını və həmin nikahdan bir övladının olması ilə əsaslndırmışdır.
25. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
28. Göründüyü kim apellyatorun şikayətinin əsas dəlili uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ ilə bağlı olmaqla iddianın tam təmin edilməsi mübahisələndirilmişdir.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.
30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
31. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
32. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.
33. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.
34. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, cavabdehin qazancını və ailə vəziyyətini, cavabdehin əmlak vəziyyətində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, ötən müddət ərzində yaxşılığa doğru dəyişiklik olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin müəyyən olunmuş hissədə dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(060)-5843/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.