Məhkəmə qərarları › İş №2(105)-354/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-354/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-354/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8197/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 7699 saylı (Asan ödəniş sistemində qəbz nömrəsi: **********88) qəbz əsasında ödənilmiş 115 (bir yüz on beş) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılması, qərardadın icrasının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8197/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8197/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadının ləğv edilməsini, işin məhkəmənin icraatına qəbul edilməsi, əks halda hazırki şikayətin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8197/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 7699 saylı (Asan ödəniş sistemində qəbz nömrəsi: **********88) qəbz əsasında ödənilmiş 115 (bir yüz on beş) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır (elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən). Belə olan halda hazırki iddia ərizəsinə aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində (ünvan:AZ-1054, ünvan 3 baxılmalıdır. İlk öncə qeyd edir ki, məhkəmənin sözügedən qərardadı 10 dekabr 2024-cü il tarixdə çıxarılsa da nə rəsmi qaydada ona təqdim edilməmiş, nə də ona məxsus elektron kabinetin bildiriş bölməsində göstərilməmişdir. Sonuncu dəfə 25 dekabr 2024-cü il tarixdə məhkəmə ilə əlaqə saxladıqda ona qərardadın, eləcə də digər sənədlərin poçt vasitəsi ilə göndəriləcəyi bildirilsə də heç bir sənəd təqdim edilməmişdir. Qeyd edir ki, 63 yaşı vardır və elektron sistemdən qəti olaraq anlayışı yoxdur. Yalnız hüquqşünas vasitəsi ilə sistemə daxil olduqda qərardadın yerləşdirildiyi, lakin bu barədə heç bir bildirişin olmadığını bilib. Bu səbəbdən də hesab edir ki, qərardaddan apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. İddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsindən də göründüyü kimi kredit müqaviləsi Sumqayıt şəhərində bağlanmışdır və icrası da Sumqayıtda nəzərdə tutulmuşdur. Lakin göründüyü kimi cavabdeh heç bir ödəniş etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Müqavilənin bəndlərinə nəzər saldıqda görünür ki, cavabdeh ödənişi məhz notariat ofisi vasitəsi ilə depozitə qoyaraq ödəməlidir. Yəni müqavilənin icra yeri Sumqayıt şəhəri nəzərdə tutulmuşdur. Hər bir halda icra qeydi ilə də Sumqayıta müraciət olunacaqdır. İddia ərizəsində MPM-nin qeyd olunan maddəsi qeyd olunmuş və hansı səbəbdən Sumqayıt Şəhər Məhkəməsinə verilməsi əsaslandırılmışdır. Lakin məhkəmə öz qərardadında həmin hissəyə toxunmamış, yalnız cavabdehin qeydiyyatı Binəqədi rayonunda olduğu üçün ərazi aidyyəti üzrə ora müraciət etməyi bildirilmişdir. Hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Həmçinin aidiyyət məsələsi ilə bağlı bildirmək istəyir ki, daha əvvəl tanışının belə bir hadisəsi olmuş, cavabdehin qeydiyyatı rayon olsa da işə Sumqayıt Şəhər Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə baxılmış, iş üzrə 2(060)- 6292/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qətnamə çıxarılmış və qanuni qüvvəyə minmişdir. Görünür ki, qeyd olunan məsələ ilə bağlı məhkəmə praktikası da mövcuddur. Həmin qətnamənin nömrəsi və tarixi də qeyd edilmişdir. Məhkəmə tərəfindən həmin qətnaməyə də baxılmalıdır və eyni məsələ olduğu məlum olacaqdır. Bu səbəbdən də hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin hazırki işlə bağlı çıxarılmış qərardadı ləğv edilməli və işə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli və onunla bağlı 10 yanvar 2025-ci il tarixli qərardadları ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını mülki iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Sumqayıt şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 4-cü bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. Məlum olduğu kimi bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçının seçimi ilə icra yeri göstərilən müqavilələrdən irəli gələn işlərin də aidiyyəti müəyyən edilə bilər. Bu halda iddiaçı ya ərazi aidiyyətinin ümumi qaydalarından çıxış edərək cavabdehin yaşadığı yerin məhkəməsinə ya da müqavilənin icra yerinə görə (əgər o, müqavilədə göstərilibsə) iddia verə bilər. Qeyd olunmalıdır ki, MPM-nin 36.11-ci maddəsində göstərilən qaydada alternativ aidiyyətə yalnız o halda yol verilər ki, müqavilədə onun icra yeri göstərilmiş olsun. Odur ki, müqavilənin bağlanma yeri ilə öhdəliyin icra yerini eyniləşdirmək olmaz. Lakin nəzərə almaq lazımdır ki, müqavilənin icra yeri dedikdə, onun faktiki icra yeri yox, yalnız müqavilədə göstərilən yer başa düşülməlidir. Həmçinin o da nəzərə alınmalıdır ki, öhdəliyin icra edilməsi, yəni müqavilə üzrə əmlakın verilməsi, pulun ödənilməsi, hərəkətin yerinə yetirilməsi heç də həmişə müqavilənin bağlandığı yerdə həyata keçirilmir. Buna görə də müqavilədə icra yerinin göstərilməməsi bəzən mübahisələrə səbəb olur. Öhdəliyin icra yeri borclunun müqavilə üzrə vəzifələrini yerinə yetirməli olduğu yerdir. Bu ifadə mahiyyətcə coğrafi məkanı nəzərdə tutduğu üçün həmin məkanın müqavilədə göstərilməsi təcrübi əhəmiyyət kəsb edir. Öhdəliyin icra yeri tərəflərin müqavilə üzrə hüquq və vəzifələrini həyata keçirdikləri coğrafi məkandır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin qeyd olunan tələbi baxımından cavabdehin mövcud müqavilə üzrə vəzifəsini yerinə yetirməli olduğu yeri aydınlaşdırmaq məqsədilə tərəflərin iştirakı təmin edilməklə müzakirə edilməlidir. Mülki Prosessual Məcəllənin 151.1. maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli və 10 yanvar 2025-ci il tarixli qərardadları ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli və 10 yanvar 2025-ci il tarixli qərardadları ləğv edilsin. İddia ərizəsinin icraata götürülməsi barədə məsələnin qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar