Məhkəmə qərarları › İş №2(105)-355/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-355/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-355/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(027)-446/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(027)-446/2019 saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilib, Cavabdeh 6432 (altı min dörd yüz otuz iki) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(027)-446/2019 qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 5000 manat cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh məhkum edilməsinə səbəb həmin şəxs tərəfindən onu və digər zərərçəkən şəxsləri aldatma yolu ilə pullarını ələ keçirməsi olmuşdur. Belə ki, xx.xx.2016-cı il tarixdə cavabdeh Quba şəhəri, S.Vurğun küçəsində yerləşən ona məxsus qızıl mağazasından öz dayısı qızının toyuna hədiyyə alıb pulunu sonradan ödəyəcəyini bildirərək, ümumi dəyəri 720 manat olan 1 ədəd 4,5 qramlıq qızıl kişi üzüyü, 1 ədəd 6,2 qramlıq qızıl bilərzik alaraq, onda özünə inam yaratmaq məqsədilə 30 manat beh verib və aldığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satıb ələ keçirməklə ona ümumilikdə 690 manat məbləğində ziyan vurub. xx.xx.2016-cı il tarixdə yenidən ona məxsus qızıl mağazasından dayısının gəlininə hədiyyə alması və pulunu sonradan ödəyəcəyi adı ilə ümumi dəyəri 755 manat olan 1 ədəd 8 qramlıq sep, 1 ədəd 3,4 qramlıq qızıl bilərzik alaraq, dəyərindən ucuz qiymətə sataraq, pulunu ələ keçirmiş və ona 755 manat məbləğində ziyan vurmuşdur. Bundan sonra etibardan sui- istifadə etmə və aldatma yolu ilə xx.xx.2016-cı il tarixdə xalasının yubileyi üçün 300 manat dəyərində olan 1 ədəd 4,2 qramlıq qızıl qadın üzüyü alaraq, dəyərindən ucuz qiymətə satmaqla ona 300 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh yenidən xx xxxxxxx 2016-cı il tarixdə ona məxsus qızıl mağazasından dəyəri 420 manat olan 1 ədəd 6,2 qramlıq qızıl komplekti dəyərindən ucuz qiymətə sataraq ona 420 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2016-cı il tarixdə ona məxsus qızıl mağazasından dəyəri 537 manat olan 1 ədəd qızıl sep, 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl sancaq alaraq, özünə inam yaratmaq məqsədilə ona 25 manat beh vermiş və həmin qızılzinət əşyalarını dəyərindən ucuz qiymətə satmaqla 512 manat məbləğində ziyan vurmuşdur. xx xxxxxxx 2016-cı il tarixdə ona məxsus qızıl mağazasından X2 hədiyyə almaq adı ilə 710 manat dəyərində 10,07 qramlıq 1 ədəd qızıl komplekt alaraq, onda özünə inam yaratmaq məqsədilə 50 manat beh vermiş və sonra da həmin qızıl- zinət əşyalarını ucuz qiymətə satmaqla ona Təranə Xuduyeva vasitəsi ilə 50 manat pulu qaytararaq, ümumilikdə ona 610 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2016-cı il tarixdə Cavabdeh xalası üçün hədiyyə almaq adı ilə ona məxsus qızıl mağazasından dəyəri 385 manat olan 1 cüt 5,8 qramlıq sırğa alaraq həmin sırğanı ucuz qiymətə satmaqla ona 385 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa cavabdeh anası ilə birlikdə həmin ərəfələrdə ondan 400 manat, bir neçə gündən sonra 400 manat, sonradan 400 manat, 100 və 200 manat pul almışdır. Cavabdeh ilə aralarındakı alış-verişlərdən sonra cavabdehin ona 6432 manat borcu qalmışdır. Əfsanənin ona borclu olduğu 6432 manat məbləğində pulu qaytarmadığından Quba RPŞ-nə müraciət etmişdir. Ona görə də, Cavabdeh 6432 (altı min dörd yüz otuz iki) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı S.M. Beqova apelyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Ə.M. Nəcəfovaya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh Ə.M. Nəcəfovanın iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx xxxxxxxx 2016cı il tarixli iltizamdan görünür ki, o, aldığı qızılların 755 manat pulunu 10 gün ərzində verəcəyinə söz verir. Cavabdeh tərəfindən imzalanmış xx xxxxxxx 2016-cı il tarixli iltizamdan görünür ki, o, aldığı qızılların 845 manat pulunu bu ayın 20-si 300 manat, qalanını isə gələn ayın 15nə qədər çatdıracağına söz verir. Cavabdeh tərəfindən imzalanmış xx xxxxxxx 2016-cı il tarixli iltizamdan görünür ki, o, aldığı qızılların 610 manat pulunu iki aya çatdıracağına söz verir. Cavabdeh tərəfindən imzalanmış 25 və xx xxxxxxx 2016-cı il tarixli iltizamdan görünür ki, o, aldığı 6,2 qramlıq 420 manatlıq komplektin pulunu xx.xx.2016-cı il tarixdə, 5,8 qramlıq 385 manatlıq sırğanın pulunu xx xxxxxxx 2016-cı il tarixə qaytaracağına söz verir. Cavabdeh tərəfindən imzalanmış xx xxxxxxx 2016-cı il tarixli iltizamdan görünür ki, “İnci” qızıl mağazasından 4,2 qram, 300 manatlıq üzük alıb və onu oktyabr ayının axırına qədər verəcəyinə söz verir. X5 və X3 tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli iltizamdan görünür ki, Əminə Nəcəfova ehtiyacı olduğuna görə qonşusu Şəkərəli Eyyubovun yanında qızıl mağazasından 200 manat pulu xx xxxxxx 2016-cı il tarixinə qaytaracağı adı ilə almışdır. Cavabdeh və X4 tərəfindən imzalanmış xx xxxxxx 2017-ci il tarixli iltizamdan görünür ki, Əfsanə atası və anasının yanında Solmazdan aldığı 6667 manat puldan səhəri gün 4000 manat pulu ödəyəcəyinə, qalan 2667 manat pulu isə xx.xx.2017-ci il tarixə ödəyəcəyinə söz vermişdir. Cavabdeh tərəfindən imzalanmış xx xxxxxx 2017-ci il tarixli iltizamdan görünür ki, o, özünə məxsus yeri satıb pulunu aldıqdan sonra Solmaz da daxil olmaqla hamının pulunu evində qaytaracaq. Solmaza borclu olduğu 6667 manat pulu xx xxxxxx 2017-ci il tarixə qaytaracağını bildirmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 1(027)- 126/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 1(105)-183/2018 saylı hökmü ilə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 1(027)-126/2017 saylı hökmü ləğv edilib, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.4-cü maddəsinə əsasən, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 6432 (altı min dörd yüz otuz iki) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(027)-446/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar