Məhkəmə qərarları › İş №2(105)-355/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-355/2024

17.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-355/2024 17.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5750/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddianın qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4420/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, iddianın verilməsinə görə 41.60 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4420/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə tərəflər arasında xx.xx.2006-cı il tarixdə bağlanmış rəsmi nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların anasının himayəsində qalması və uşaqların saxlanması üçün atadan aliment tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4420/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 100 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Uşaqlar böyüdüklərindən onların qayğısı da artır. Uşaqların qidalanması, geyimi, istirahəti və sair pul tələb edir. Uşaqların ehtiyacları artmışdır. Bu səbəbdən alimentin məbləği artırılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunun məhkəmə qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi onun maddi və hazırkı ailə vəziyyəti nəzərə alınmaqla daha aşağı həddə təmin edilməlidir. Lakin məhkəmə nəzərə almamışdır: - iddiaçıdan fərqli olaraq onun rəsmi iş yeri və müntəzəm qazancı yoxdur. İddiaçı ilə olan nikahı pozulduqdan sonra o, yenidən ailə qurmuş və ikinci nikahdan bir azyaşlı uşağı var. Birinci instansiya məhkəməsindəki araşdırma zamanı, işə baxan hakim müvafiq rəsmi dövlət portalına daxil olmaqla onun rəsmi qaydada işləmədiyini, ikinci dəfə nikaha daxil olduğunu və yeni nikahdan bir nəfər azyaşlı uşağının olmasını müəyyən etmişdir. Məhkəməyə verdiyi izahatında diqqətə çatdırmışdır ki, rəsmi qaydada işləməsə də, qeyri-rəsmi qaydada, orda-burda müvəqqəti iş tapmaq yolu ilə çətinliklə gündəlik dolanışığını, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilən 300 manat məbləğində alimenti qazanıb azyaşlı uşaqlarının saxlanması üçün iddiaçıya ödəyir. İşlərinin vəziyyətindən asılı olaraq azyaşlı uşaqlarına həmin məbləğdən daha artıq pul xərclədiyi hallar da olmuşdur. Lakin mübahisələndirdiyi qətnamə ilə məhkəmənin hər uşağa görə 160 manat, ümumilikdə 480 manat aliment təyin etməsi onun imkanı xaricindədir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə olan nikahı pozulduqdan bir müddət sonra o, digər şəxslə nikaha daxil olmuş və həmin nikahdan bir azyaşlı uşağı var. Maddi vəziyyətini çətinləşdirən hallardan biri də, hazırda nikahda olduğu şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilməməsi, habelə müalicəsi ilə bağlı müəyyən maddi vəsaitə olan təlabatdır. Ailə vəziyyətinə və çətin maddi durumuna dair sübutlarını (ikinci nikahdan olan azyaşlı uşağın doğum şəhadətnaməsinin surətini, həyat yoldaşının xəstəlik kağızlarını) birinci instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə nəticəyə gəldiyi zaman onları nəzərə almamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiklərini nəzərə almamaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-78.2 və 112.1-ci maddələrinin tətbiqində səhvə yol verərək nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayış minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X8 oğlunun saxlanılmaları üçün 2018-ci il tarixdə alimentin miqdarı bir uşaq üçün 100 (bir yüz) manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan bu günə uşaqların tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətində məhkəmə tərəfindən tutulan 160 manat miqdarında alimentin əvvəlki məbləğdə, yəni 100 (yüz) manat miqdarda tutulmasını xahiş edir (160-100=60x3=180 manat). Həmin fərqin bir il ərzində məcmusu isə (180 X 12 ay=2160 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar