Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3559/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(060)-406/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(060)-406/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia təmin edilib, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair Sumqayıt şəhər 4 saylı DNK-da İddiaçı və Cavabdeh2 arasında bağlanmış 03.09.2018-ci il tarixli, 4Ə1673 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, 19.09.2018-ci il tarixli çıxarış ləğv olunmuş, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququ bərpa edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(060)-406/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahilş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.02.2021-ci il tarixli, 2(105)- 492/2021 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(060)-406/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunaraq Sumqayıt şəhəri 4 saylı notariat kontorunda Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış və 4Ə-1673 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı, 13 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilmişdir. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(102)-3912/2021 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(105)-492/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək torpağın boşaldılmış sayılması və Cavabdeh1 5000 (beş min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair ünvan 3.09.2018-ci il tarixli, 4Ə1673 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 50000 (əlli min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ailəsində maddi problemlər yarandığına görə mülkiyyətində olan “Hyundai Santa-Fe” markalı avtomobili və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bununla bağlı dəllal kimi işləyən Cavabdeh1 ilə tanıış olmuşdur. O, söz vermişdir ki, qısa bir müddətdə torpağın və avtomobilin satılmasma iddiaçıya yardımçı olacaqdır. Bununla əlaqədar o, cavabdehə hər iki əmlakını satmaq üçün etibarnamə vermişdir. Aralarında yaranmış səmimi münasibət əsnasında Cavabdeh1 ona həmin əmlaklara görə onunla borc müqaviləsi bağlayaq bir müqavilə maşına aid hissədə, ikinci müqavilə isə torpağa aid hissədə bağlanmasını təklif etmişdir. Lakin cavabdeh hər iki əmlakı öz borclarının əvəzinə verərək onu aldatmışdır. Bununla əlaqədar o, Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş pulun bir qismi orada qaytarılmışdır. Sonradan ona məlum olmuşdur ki, X10 belə işlərlə məşğul olub və hətta Azərbaycan Respublikası Cinayət Məcəiləsinin 178-ci maddəsi ilə dəfələrlə məhkum olunmuşdur. O, cavabdehə əmlaklarının geri qaytarılmasını bildirmiş, cavabdeh isə pulunun olmadığını və onun əmlaklarını öz borcları əvəzinə verdiyini bildirmişdir. Cavabdeh1 tanışı Cavabdeh2 ilə 4 saylı dövlət notariat kontorunda 03 sentyabr 2018-ci il tarixli, 4Ə-1673 reyestr nömrəli müqavilə bağlamış, mübahisəli bağ sahəsini Cavabdeh2 satmışdır. Lakin bu bağ sahəsi bu vaxta qədər onun istifadəsindədir, o, bağı heç kimə satmamışdır və Cavabdeh2 adında şəxsi tanımır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 15 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının X6 əmlakın satılması üçün səlahiyyət verdiyini, bu səlahiyyətin notariat orqanı tərəfindən qeydə alınaraq, qanunla müəyyən edilmiş qaydada etibarnamə verilməsinə, alqı-satqının tam qanuni əsaslarla aparılmasına, hazırkı iddianın təmin ediləcəyi təqdirdə onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulacağına, onun öz vəsaiti ilə bu əmlakı əldə etməsinə və vicdanlı alıcı olmasına düzgün qiymət verməmiş və əsassız nəticəyə gəlmişdir. Cavabdeh1 onun etubarından sui-istifadə edərək ona məxsus “Honda Pilot” markalı avtomobilini, 40.000 manat dəyərindəki çilçıraqlarını, ümumilikdə 2019-cu ilin avqust ayında yazılmış qəbzə uyğun olaraq 55000 ABŞ dolları pulunu mənimsəmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 2 dəfə AR CM-nin 178-ci maddəsilə təqsirli bilinmiş və məsuliyyətə cəlb edilmişdir, lakin hazırda da bu cür əməllərini davam etdirir. Hazırda onun Cavabdeh1 barəsində müvafiq orqanlara etdiyi şikayətlər üzrə araşdırmalar aparılmaqdadır. Mübahisəli torpaq sahəsini o, Cavabdeh1 almışdır və daha əvvəllər nə İddiaçı, nə də onun ərini tanımamışdır. İddiaçı torpaq sahəsinə dair etibarnamə verəndə ona məlum idi ki, bu etibarnamə əsasında Cavabdeh1 həmin sahəni sata bilər, bu barədə notarius da hüquq və vəzifələri izah edir və etibarnaməni təsdiq edir. Əgər etibarnamə qanuna zidd olsaydı, notarius onu təsdiq edə bilməzdi. Qəbul edilmiş qətnamə vicdanlı əldə edən kimi onun mülkiyyət hüquqlarını pozduğundan qətnaməs ləğv edilməli, torpaq sahəsinə dair onun adına olan reyestrdən çıxarış bərpa edilməli və bu torpaq sahəsinə dair onun mülkiyyət hüququ tanınmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahilş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahilş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinin təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahilş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, üçüncü şəxs"xxxx" QSC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd olunan tərəflərin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı, 12 may 2017-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D-da yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. 21.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 12.05.2017-ci il tarixdə verilmiş **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair yüklülük barədə arayış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, ərizə yazmağı, buna dair müqaviləni imzalamağı, pulunu almağı, ərizə yazmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olanbütün əməliyyatları etməyi 5 il müddətə, yəni 21.08.2023-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. 21.08.2018-ci il tarixli “kredit müqaviləsi”ndən görünür ki, İddiaçı Cavabdeh1 50000 (əlli min) manat məbləğində pulu borc olaraq vermiş, borcalan kreditdən 15000 (on beş min) manatı 07.09.2018-ci il tarixədək, qalan 35000 (otuz beş min) manatı 21.10.2018-ci il tarixədək kreditora qaytarmağı öhdəsinə götürmüşdür. 07.09.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 50000 (əlli min) manat məbləğində pulu borc olaraq vermiş, borcalan krediti 12 (on iki) ay müddətinə yəni 07.09.2019-cu il tarixədək kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq olunmuş və 4Ə-1673 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı, 13 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 13 sentyabr 2018-ci il tarixdə ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə dair rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən “satıcı” İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi İdarəsi tərəfindən 12.05.2017-ci il tarixdə İddiaçı verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 0,1 ha olan torpaq sahəsini “alıcı” Cavabdeh2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür (bənd 1). Müqavilənin 4cü bəndində göstərilmişdir ki, “satıcı” torpaq sahəsini Cavabdeh2 10000 (on min) manata satdı, alıcı isə həmin qiymətə aldı. Müqavilənin 5-ci bəndinə görə alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi. RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D-da yerləşən 0,1 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına 19.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 02/4838 saylı, 13 may 2017-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D-da yerləşən 0,10 ha torpaq sahəsinin bazar dəyəri 22000 manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin işdə olan 13.12.2019-cu il tarixli məktubundan görünür ki, 4 saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 13.09.2018-ci il tarixli, 4Ə-1673 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə sözügedən torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış və dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” notariusu tərəfindən təsdiq edilmiş 15 yanvar 2019-cu il tarixli, 3m-54 saylı ipoteka müqaviləsi əsasında əmlak üzərində "xxxx" QSC-nin xeyrinə 17 yanvar 2019-cu il tarixdə 120 ay müddətinə yüklülüyün qeydiyyatı aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26.12.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 4999D saylı bağ torpaq sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklüdür, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019cu il tarixli, 2(060)-9199/2019 saylı icra vərəqəsinə əsasən bu əmlak üzərindəki həbs qeydiyyata alınmışdır. Tərəflərin imzaladığı 13.09.2018-ci il tarixli “qəbz iltizam”dan görünür ki, tərəflər borc münasibətlərindədir və Novxanı bağlarında 13,3 sot torpaq sahəsi Cavabdeh2 adına sənədləşdirilir, borc məbləği qaytarıldıqdan sonra həmin torpaq geri qaytarılır, bu razılaşma Cavabdeh1 tərəfindən pozulduğu təqdirdə torpaq Məhəmmədə qalır. 12.03.2019-cu il tarixli əlyazmanın surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 12.03.2019-cu il tarixdə 40000 (qırx min) manat dəyərində çilçıraq götürmüşdür. 4 (dörd) ay müddətinə yəni 20000 (iyirmi min) manatı 2 (iki) ayda verəcəyini, 4 (dörd) aya 12 iyul 2019-cu il tarixə qədər borcunu tam bağlayacağını öz imzası ilə təsdiq etmişdir. 12.09.2018-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, 12.09.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 10000 (on min) manat Cavabdeh2 təhvil alınmışdır. RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Yevlax rayonu, Gülövşə kəndində yerləşən 0,30 ha torpaq sahəsindəki fərdi yaşayış evi X2 adına 05.05.2015-ci il tarixdən qeydə alınmışdır. 805569 saylı, 16 iyul 2019-cu il tarixli etibarnamədən görünür ki, X4 mülkiyyətində olan Yevlax rayonu, Gülövşə kəndində yerləşən 0,30 ha torpaq sahəsindəki fərdi yaşayış evi barədə sərəncam verməyi satmağı, bağışlamağı dəyişməyi, ipotekaya qoymağı və bu tapşırığın yerinə yetirilməsilə bağlı bütün hərəkətləri etmək səlahiyyətlərini X7 ötürməklə Cavabdeh1 etibar etmişdir. 17.07.2019-cu il tarixli notariat hərəkəti barədə arayışdan görünür ki, X2 mülkiyyətində olan Yevlax rayonu, Gülövşə kəndində yerləşən 0,30 ha torpaq sahəsindəki fərdi yaşayış evi barədə sərəncam verməyi satmağı, bağışlamağı dəyişməyi, ipotekaya qoymağı və bu tapşırığın yerinə yetirilməsilə bağlı bütün hərəkətləri etmək səlahiyyətlərini X1 Natiq Talıb oğluna etibar etmişdir. 29 noyabr 2018-ci il tarixli notariat hərəkəti barədə arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi İdarəsi tərəfindən 12.05.2017-ci il tarixdə verilmiş **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair Cavabdeh1 verdiyi 5 illik etibarnaməni xitam etdirmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətində olub. İddiaçı verdiyi etibarnaməyə əsasən Cavabdeh1 onun adından sözügedən torpaq sahəsini Cavabdeh2 satıb. Lakin Cavabdeh1 müqavilənin şərtlərinə əməl etməyib və satdığı torpaq sahəsinin dəyərini İddiaçı ödəməyib və onun adına verilmiş etibarnamədən İddiaçı xeyrinə deyil, öz şəxsi mənafeyi üçün istifadə edərək torpaq sahəsini Cavabdeh2 satıb. Cavabdeh2 isə torpaq sahəsini öz mülkiyyətinə keçirərək "xxxx" QSC xeyrinə ipoteka qoyub. Eyni zamanda, Cavabdeh2la Cavabdeh1 arasında əslində borc hüquqi münasibətləri olub və sonuncu həmin torpaq sahəsini borcun əvəzinə Cavabdeh2 satıb. Beləliklə təmsilçi Cavabdeh1 təmsil edilən Şəhla Əsgərovanın adından şəxsən özü barəsində müqavilə bağladığından iddia tələbi təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3, 425, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının təlkəbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Əqdlərin etibarsız sayılması üçün əsaslar Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilib göstərilib. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin mənasına görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Belə ki, işin mübahisə olunmayan hallarına görə, ünvan 6 ünvanda yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olub və sonuncu həmin torpaq sahəsini satmaq qərarına gəlib və bunun üçün Cavabdeh1 adına 5 il müddətinə qüvvədə olmaqla 21 avqust 2018-ci il tarixli etibarnamə verib. Bundan sonra, Cavabdeh1 etibarnaməyə əsasən İddiaçı adından sözügedən torpaq sahəsini 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10.000 manata Cavabdeh2 satıb və sonuncu həmin pulu notariusun depozit hesabından köçürüb. Müqaviləyə əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və bu barədə onun adına 19 sentyabr 2018-ci il tarixli Çıxarış verilmişdir. Hazırda İddiaçı, torpaq sahəsini 35.000 manata satıb pulunu ona ödəyəcəyi ilə bağlı Cavabdeh1la razılığa gəldiyini, sonuncunun Cavabdeh2 olan borcunu pərdələmək üçün torpaq sahəsini dəyərindən aşağı qiymətə, yəni 10.000 manata satdığını, lakin torpaq sahəsinin dəyərini ona ödəmədiyini və beləliklə də Cavabdeh1 onun adından şəxsən özü barəsində əqd bağladığını göstərib, sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini iddia edir. Cavabdeh1 borcun qarşılığında 2019-cu ilin mart ayında İddiaçı 40.000 manat dəyərində lüstur verdiyini, lakin sonuncunun həmin lüstürləri sata bilmədiyi üçün 24 iyun 2020-ci ildə ona geri qaytardığını, ümumi olaraq İddiaçı torpaq sahəsinə görə 30.000 manat, “Hyundai Santafe” markalı nəqliyyat vasitəsinə görə 20.000 manat borcunun qaldığını, həmin borcun qarşılığında öz bacısına məxsus Yevlax rayonu, Gülovşə kəndində yerləşən, ümumi sahəsi 328,28 kv.metr olan evə dair müvəqqəti saxlanc kimi İddiaçı qardaşı Natik Kərimovun adına etibarnamə verdiyi, sonuncunun isə həmin etibarnaməyə əsasən evi digər bacısının adına keçirdiyini və beləliklə də İddiaçı borcunun qalmadığını göstərib, iddiaya etiraz edir. Cavabdeh2 isə torpaq sahəsini qanuni əsaslarla satın aldığını, torpaq sahəsinin alqısatqısından sonra Cavabdeh1 onun etibarından sui-istifadə edərək ona məxsus “Honda Pilot” markalı nəqliyyat vasitəsini, 40.000 manat dəyərində çılçırağı və ümumilikdə 2019-cu ilin avqust ayında razılaşdıqları yazılı qəbzə əsasən 55.000 ABŞ dollarını mənimsəyərək bu günədək qaytarmadığını, Cavabdeh1 10.000 manat nağd pul və “Honda Pilot” markalı nəqliyyat vasitəsi verməklə torpaq sahəsini vicdanlı əldə etdiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, mülki qanunvericiliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Müqavilənin etibarlılığı üçün onun Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmamaqla bağlanması tələb olunur. Müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin etibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanuniliyi; müqavilənin məzmununun qanuniliyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanuniliyi müqavilənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdə- müqavilədə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxslərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Göründüyü kimi hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki işdə, İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsinin lazımi subyektlərin iştirakı, müqavilənin onların iradəsi ilə bağlanması, həmin müqavilənin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması mülki iş materialları ilə istisna olunmur. Bu hallar İddiaçı adından torpaq sahəsini satmaq üçün Cavabdeh1 adına verilmiş etibarnamədə nəzərə tutulan səlahiyyətlərin dairəsi və sonuncunun həmin səlahiyyətlərdən kənara çıxmadan torpaq sahəsini Cavabdeh2 satması ilə də təsdiq olunur. Birinci instansiyası məhkəməsi İddiaçı ilk vaxtdan torpaq sahəsini satmaq niyyətində olmasını, sonuncunun Cavabdeh1 adına etibarnaməni məhz bu məqsədlə verməsini nəzərə almadan, sonuncunun torpağın əvvəlcədən razılaşdırdıqları dəyərini İddiaçı ödəmədiyini əsas tutub, sözügedən müqavilinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 torpaq sahəsini Cavabdeh2 35.000 manata deyil, 10.000 manata satması və torpağın satış qiymətini İddiaçı ödəməməsi, alqısatqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz və sonuncu Cavabdeh1 qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla torpaq sahəsinin satış qiymətini onadan geri tələb edə bilər. Daha sonra, işdən görünür ki, sözügedən alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 sözügedən alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabına 10.000 manat pul köçürüb və 13 sentyabr 2018-ci ildə isə Cavabdeh1 notariusun depozit hesabından 9.250 manat pul vasitini çıxardıb. Birinci instansiyası məhkəməsi tərəflər arasında alqı-satqı deyil, borc hüquqi münasibətlərin olmasını əsas tutub, müqavilə üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Bundan başqa, birinci instansiyası məhkəməsi torpaq sahəsinə dair İddiaçı nümayəndəsi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd, yəni Cavabdeh1 Cavabdeh2 olan borcunu pərdələmək məqsədilə bağlandığı qənaətinə gəlsə də, tərəflərin həmin müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları borca aid olan qaydaları tətbiq etməməklə Mülki Məcəllənin 340.2-ci maddəsinin təfsirində də səhvə yol verib. Belə ki, həmin maddənin tələbinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, əqdin yalan əqd hesab edilməsi üçün iki əqdin mövcudluğu tələb olunur: bunlardan biri yalan əqdin özü, digəri isə tərəflərin əslində nəzərdə tutduqları əqddir (əsl əqd). Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış çöxsaylı kredit müqavilələrinin mahiyyətinə varmadan, İddiaçı ilə Cavabdeh1 arasında sonradan əldə edilmiş razılaşmalar üzrə heç bir araşdırma aparmayıb. Həmçinin sözügedən torpaq sahəsinin ipoteka müqaviləsi üzrə "xxxx" QSC xeyrinə ipoteka hüququ ilə yüklü edilməsini nəzərə almayıb və həmin müqavilə üzrə kredit borcunun ödənilib-ödənilməməsini, ipotekaya xitam verilib-verilməməsini aydınlaşdırmadan, yalnız İddiaçı irəli sürdüyü arqumentlərlə kifayətlənərək, mübahisələndirilən hissədə iddianı qismən əsaslı hesab edib. Daha sonra, işdən görünür ki, İddiaçı 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 07 sentyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 50.000, 21 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 50.000 manat borc pul verib. Eyni zamanda, 15 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən torpaq sahəsi 120 ay müddətinə "xxxx" QSC xeyrinə ipoteka qoyulub. Cavabdeh1 isə borcun qarşılığında öz bacısına məxsus Yevlax rayonu, Gülovşə kəndində yerləşən, ümumi sahəsi 328,28 kv.metr olan fərdi yaşayış evinə dair İddiaçı qardaşı Natik Kərimovun adına etibarnamə verib, sonuncu isə Cavabdeh1 izahatına görə həmin etibarnaməyə əsasən evi digər bacısının adına keçirib. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərib ki, Cavabdeh1 ona məxsus olan torpaq sahəsini və nəqliyyat vasitəsini borclarının əvəzinə verərək onu aldatdığı üçün onun hərəkətləri barədə polisə şikayət verib və orada Cavabdeh1 pulun bir hissəsini ona geri qaytarıb. Birinci instansiyası məhkəməsi qeyd olunan sübutlara Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, İddiaçı izahatını, habelə Cavabdeh1 iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla bağlı irəli sürdüyü arqumentləri kifayət qədər araşdırmadan, yalnız sonuncu ilə Cavabdeh2 arasında olan borc hüquq münasibətlərinə istinad etməklə, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması nəticəsinə gəlib. Halbuki, İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh1 sözügedən torpaq sahəsini məhz əvəzi ödənilməklə Cavabdeh2 satması mülki iş materialları, o cümlədən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə də istisna olunmur. Eyni zamanda, İddiaçı da ilk gündən niyyəti nümayəndəsi Cavabdeh1 vasitəsilə torpaq sahəsini satmaqdan ibarət olmuş və birinci instansiyası məhkəməsi bu hallara da diqqət yetirməmişdir. Məhkəmə kollegiyası iddia tələbi üzrə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(060)-406/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3559/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3559/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver