Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3561/2021 29.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh hər ay 190 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol hərəkət qaydaların kobud şəkildə pozaraq baş verən qəza nəticəsində onun əmək qabiliyyəti itirməsi və bundan sonra əmək qabiliyyətinin olmamasını, bir ayağının amputasiyası olmasına görə əlil olmağını, bundan sonra yataq xəstəsi olduğu üçün müalicə xərclərini ödəməyə və öhdəsində olan ailəsini dolandıra bilmədiyini Cavabdeh tərəfindən hər ay onun ailəsini dolandırmaq üçün və müalicəsinə görə 250 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh səhlənkarlıq və ehtiyatsızlığı nəticəsində o, ömürlük olaraq gəzmə qabiliyyətini itirmişdir. Belə ki, qəza nəticəsində ağır bədən xəsarəti alaraq bir ayağı kəsilmiş və müxtəlif daxili orqanları fəaliyyət qabiliyyətini itirmişdir. Cavabdeh idarə etdiyi “VAZ-2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sağa dönmə əməliyyatı apararaq qarşı hərəkət hissəsindən çıxmış, əks istiqamətdə hərəkətdə olan Quba rayon Alekseyevka kənd sakini X1 məxsus “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görsə də, özünə güvənərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməmişdir. Quba rayon X7 Bölməsində Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən cinayət işi başlamışdır. Onun öhdəsində hal-hazırda iki övladı, həyat yoldaşı, yaşlı anası və üç azyaşlı nəvəsi vardır. Onun əmək qabiliyyətini itirməsi ailə dolanışıqlarında çətinliklərə və çatışmamazlıqlara səbəb olur ki, buna da səbəb yol-nəqliyyat hadisəsindən sonra əlil olub qazanc əldə edə bilməməsidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsində baxılanda, zərərçəkmiş şəxs B.A.Tosayev ona qarşı mülki iddia ərizəsi ilə müraciət etmiş, barəsində çıxarılmış Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28/2019 nömrəli hökmündə ondan iddiaçıya vurduğu ziyana görə 17500 manat məbləğində pul və mənəvi ziyana görə 1000 manat məbləğində pul alınaraq ona verilməsi hökm edilmişdir. Lakin, iddiaçı bu ziyanla razılaşmadığı üçün həmin hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-164/19 nömrəli, 12 aprel 2019-cu il tarixli qərarı ilə mülki iddia hissəsi dəyişdirilmiş, ondan tutulmalı olan məbləği 1000 manatdan 4000 manatadək artırılmışdır. Beləliklə göründüyü kimi iddiaçı ondan ona vurduğu ziyana görə pul tələb etmiş, məhkəmənin qərarına əsasən ondan pul tutulması təmin edilmişdir. Artıq bir dəfə ondan ziyan tutulmuşdur. Bundan başqa iddiaçı ona və ailəsinə qarşı başqa bir əsassız iddia qaldırmışdır. Həmin hadisə zamanı özü də xəsarət almış, xəsarətləri ağır olduğu üçün Bakı şəhərinə aparılmışdır. Bakı şəhəri 1 saylı Klinik Xəstəxanada əməliyyat və müalicə olunmuşdur. Lakin yenə səhhəti düzəlməmiş, bir müddətdən sonra əməliyyat olunmaq üçün Bakı şəhərinə getmişdir. 07 sentyabr 2018-ci il tarixdə “Zəfəran Hospitalda” əməliyyat olunmuşdur. Lakin bir müddət yaraları sağalsa da, ümumi vəziyyəti düzəlməmiş, iddiaçının əsassız iddialarından yenidən digər başqa bir xəstəliyə tutulmuşdur. Vəziyyəti pisləşdiyi üçün yenidən Bakı şəhərinə aparılmış və Bakı şəhərində “Medistyle Hospitalda” əməliyyat olunmuşdur. Qəza hadisəsi zamanı və bundan sonra xəstəxanalara düşdüyü üçün, uzunmüddətli əməliyyat və müalicə olunduğu üçün artıq evdə satmağa heç bir əmlakları olmadığı üçün özünə və ailəsinə məxsus torpaq sahəsini sataraq xəstəliyinə xərcləmişdir. Hal-hazırda özü azadlıqdan məhrumetmə cəzasını çəkir. Həmçinin maddi və mənəvi ziyanla bağlı iddiaçıya ilkin olaraq sığortadan 3000 manat pul verilmiş, aylıq 50 manat pul ödəmişdir. Yenə də imkanı olacağı təqdirdə əlavə olaraq iddiaçıya borcundan ödəyəcəydir. Xəstəliyi ilə bağlı, bundan başqa azadlıqdan məhrumetmə cəzasını çəkdiyi üçün işləyə bilmir. İddiaçı hələ əvvəldən xəstə olmuşdur. O, ayagına taxma ayaqla gəzir. İİ qrup əliliklə bağlı pensiya alır. İddiaçının iki övladı çoxdan 18 yaşı tamam olmuş, hər ikisini 30-dan çox yaşı var. İddiaçının anasına baxması yalandır, çünki onun anası vəfat etmişdir. İddiaçının yoldaşı X3 xadimə-sanitar işləyir əmək haqqı alır. İddiaçı ondan hər ay aliment pulunu tələb edir. Quba Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(027)-996/2020 saylı qətnaməsinin dəyişdirilərək, alimentin məbləğinin azaldılması barədə iş üzrə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə gedişi zamanı müəyyən edildi ki, İddiaçı 19 noyabr 2021-ci il tarixdə ölmüş və bu barədə 23 noyabr 2021-ci ildə Quba rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-268 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 18 iyun 2020-ci il tarixli 2(027)-996/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3561/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3561/2021
29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver