Məhkəmə qərarları › İş №2(105)-3562/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3562/2021

28.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3562/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 işirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 28.05.2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2(105)-2731/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)549/2020 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunmuş, bu hissədə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin olunması, İddiaçı 28 may 2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməsini qət edilmişdir. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2021ci il tarixli, 2(102)-3383/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2(105)-2731/2020 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 28 may 2014-cü il təvəllüdlü qızı Zəhra ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4-də yerləşən 11 saylı mənzilə istifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarıldığından qismən ləğv olunmalıdır. Belə ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Hazırda nikahı məhkəmə qaydasında pozulduğundan iddiaçı onun ailə üzvü hesab edilmir. Bu baxımdan, onun hüquqları qeydə alınmayan mənzildə yaşamağı, iddiaçının daha əvvəllər bir müddət orada yaşaması onun həmin mənzilə köçürülməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki, iddiaçını mübahisəli mənzildən zorla heç kəs çıxarmamışdır, o, özü könüllü olaraq mübahisəli mənzili tərk etmişdir. İddiaçının azyaşlı uşağı ilə mübahisəli mənzilə köçürülməsi darısqal olan mənzildə onun uşağı, valideynləri, eləcə də yeni həyat yoldaşı və övladı ilə birgə yaşaması imkanını faktiki olaraq qeyri-mümkün edir. Mənzilin ümumi sahəsi 36 m2-dir. Həmin mənzildəı 6 nəfər yaşayır. Aralarında münasibətlərin olduqca pis olması da mütləq nəzərə alınmalı amildir. Aralarındakı münasibətlər 13 avqust 2013-cü ildə yarandığından hazırkı mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsiri altına düşür. Bu maddəyə görə isə ailə münasibətlərinə xitam verilirsə, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Məhkəmə isə sadalanan hallara düzgün qiymət verməmiş, mübahisəli mənzilə iddiaçının istifadə hüququnun olmaması barədə nəticəyə gəlsə də, bunun ziddinə olaraq, onun həmin mənzilə köçürülməsi barədə qanunsuz qərar qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv olunmasını, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyiyasının iclasında Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçının mübahisəli mənzilə köçməsi tərəflər arasındakı ziddiyətləri kəskinləşdirməkdən və yeni problemlər yaratmaqdan başqa bir işə yaramayacaq. Müvəkkili 2-ci dəfə nikaha daxil olub. İddiaçının həmin darısqal mənzilə övladı ilə köçməsi etik baxımdan da düzgün sayıla bilməz. Bu həm birinci nikahdan istərsə də ikinci nikahdan doğulmuş uşaqlara pis təsir göstərə bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv olunmasını, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, cavabehin ikinci arvadı ilə bir mənzildə yaşamaq ona da xoş deyil. Amma övladına görə buna məcburdur və həmin mənzilə köçürülmək istəyir. Çünki başqa yaşayış yeri yoxdur. 2013-cü ildə cavabdehlə rəsmi nikaha daxil olmuş və mübahisəli mənzildə birlikdə yaşamışdır. 2014-cü ildə cavabdeh onu aparıb atası evinə qoymuş, bir daha arxasınca gəlməmişdir. 2014-cü ildən indiyədək mənzilə köçürülmə barədə iddia qaldırmayıb. Hazırda kirayədə yaşamaq onun iüçün çətindir. Mənzil dedikləri qədər kiçik deyil. Orada ona ayrılacaq sahədə yaşaya bilər. Nikahları 2016-cı ilin fevral ayının 25-də pozulub. İddiası əsaslı iddiadır. Autizm xəstəsi uşaqla küçədə qala bilməz. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 izahatında göstərdi ki, yataqxana İcra Hakimiyyətinin balansındadır. Həmin yataqxanadan mənzillər konkret olaraq həmin müəssisədə işləyən yaxud təhsil alan şəxslərin özünə müvəqqəti yaşamaq üçün ayrılır. Yəni ailə üzvləri ilə birlikdə daimi yaşayış üçün nəzərdə tutulmayıb. Cavabdeh ailəsi və valideynləri ilə birlikdə həmin mənzildə yaşayır. Bu onun mənzilə mülkiyyət hüququnun olması demək deyil. Sadəcə olaraq vətəndaşın evi olmadığından İcra Hakimiyyəti həmin evlərin boşaldılmasına tələsmir. Bu qəbildən olan bir qisim evlər özəlləşdirilib. Amma indi özəlləşdirmə prosesi dayanıb. Cavabdeh və ailəsi onlarla müqavilə bağlamayıblar. Kirayə müqaviləsi bağlasalar belə bu onlara mülkiyyət hüququ vermir. Həmin mübahisəli mənzilə dair order mövcud deyil. Bu qisim evlər üçün tərtib olunmuş orderlərdə bir qayda olaraq “yalnız işlədiyi yaxud təhsil aldığı dövr ərzində” formasında qeyd aparılır. Mənzilin mülkiyyətçisi İcra Hakimiyyətidir. Hər bir halda mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cxavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. İddia tələbini təmin edilməyən hissəsi hər hansı şəxs tərəfindən mübahisələndirilmişdir. Bu səbbədən qətnamə mübahisələndirilən, iddia tələbinin təmin edilən hissədə müzakirə edilir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsi İddiaçı 28.05.2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Masallı Rayon Məhkəməsinin 21.09.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 13 avqust 2013-cü il tarixdə bağlanmış nikahın pozulması və 28 may 2014-cü ildə doğulmuş X5 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan AZ-İ 326140 saylı, 17.09.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 25.02.2016-cı il tarixdə pozulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin 25.11.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4 mənzil 11-də yaşayıb-yaşamaması barədə 21 saylı MKSnin sahə ustası X6 apardığı sorğu zamanı İddiaçı 13.08.2013-cü ildən 2014-cü ilədək orada gəlin olub və orada yaşamasını şifahi olaraq təsdiq etmişlər, lakin akta imza etmələrinə etiraz etmişlər. Ona görə də akt tərtib olunmamışdır. İşə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin 21 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, H.Zeynalabdin qəsəbəsi. S.Vurğun küçəsi, 1 saylı yataqxana, bina 4, mənzil 11-ə dair heç bir hüquqi sənəd yoxdur. Bina 2007-ci il tarixdən 21 saylı MKS-nə təhvil verilib, həmin gündən 11 saylı otaqda Həsənov Mirəli Həmzə oğlu, X3, Cavabdeh, X4 və X12 oğlu yaşayırlar. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 22 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4-də yerləşən 11 saylı mənzillə bağlı hər hansı hüquqların qeydiyyata alınması barədə dövlət reyestrində məlumat aşkar olunmamışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin 16.09.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 1 saylı yataqxana, S.Vurğun küçəsi, ev 4, mənzil 11-də yaşayır və burada qeydiyyatdadır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin 18.11.2020-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 1 saylı yataqxana, ev 4, 11 saylı mənzilin sahəsi 38 kv.metrdir. Bu mənzildə Həsənov Mirəli Həmzə oğlu, arvadı X3, övladı Cavabdeh, gəlini X4 və nəvəsi X12 oğlu yaşayırlar. Bİrinci instansiya məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin 2013-cü ildən yarandığını, iddiaçı ilə cavabdehin 2013-cü ildə nikaha girmələrini, həmin ildə qeyd edilən mənzilə köçməsini müəyyən edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Mənzil Məcəlləsinin 30.1, 30.2, Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılamayaraq qeyd edir ki, məhkəmə tətbiq edilməməli qanunvericilik normalarını tətbiq etməklə qətnamə qəbul etmişdir. Belə ki, istər Mülki Məcəllənin 228-ci, istərsə də Mənzil Məcəlləsinin 30-cu maddələri mülkiyyətdə olan yaşayış sahələrinə dair münasibətləri tənzimləyir. İş materiallarından müəyyən edilir ki, mübahisələndirilən yaşayış sahəsi yataqxanadır. Mənzil Məcəlləsinin 91.1 və 91.1.2-ci maddəsinə görə yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 93-cü maddəsinə görə yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Həmin Məcəllənin 99-cu maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Mənzil Məcəlləsinin 104.1-ci maddəsinə görə yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. Qeyd edildiyi kimi, mübahisəli yaşayış sahəsi yataqxanada yerləşir, tərəflərin izahatı ilə də müəyyən edilir ki, yataqxana icra hakimiyyətinin balansındadır, bu sahə ilə bağlı hər hansı şəxslə kirayə müqaviləsi bağlanmamışdır. Yaşayış sahəsinin ümumi sahəsi 38 kv.metrdir. hazırda isə mənzildə 6 nəfər yaşayır. Göründüyü kimi, yaşayış sahəsi yalnız 6 nəfərin yaşayışı üçün əlverişlidir. İş materiallarından müəyyən edilir ki, Həsənov Mirəli Həmzə oğlu, X3, Cavabdeh, X4 və X12 oğlu 2007-ci il tarixindən qeyd edilən yaşayış sahəsində yaşayırlar. Lakin onların həmin yataqxana otağında hansı əsaslarla yaşaması məlum deyildir. İş materiallarında mübahisəli yaşayış sahəsinin Cavabdeh verilməsi barədə hər hansı müqavilə mövcud deyildir. Onun yaşayış sahəsinə dair hər hansı hüququnun olmasına dair müqavilə də mövcud deyildir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Hazırki işdə iddiaçının qeyd edilən yaşayış sahəsinə köçürülməsi üçün əsas yalnız o halda müəyyən edilə bilər ki, iddiaçı yaşadığı sahədən qanunsuz məhrum edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2021ci il tarixli, 2(102)-3383/2021 saylı qərarında göstərilmişdir ki, iddiaçının 2014-cü ildə mübahisələndirilən sahədən çıxarılmasının şəraiti və səbəbləri, onun uzun müddət ərzində harada yaşaması, başqa yaşayış sahəsinə malik olub-olmaması, bu müddətdə göstərilən sahəyə köçməyə cəhd edib-etməməsi və onun yaşayış sahəsindən məhrum etmənin qanuni olub-olmaması araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla da tərəflərin izahatı ilə müəyyən edilir ki, tərəflər 2013-cü ildə nikaha girərək qeyd edilən yaşayış sahəsində yaşamışlar, iddiaçı 2014-cü ilin fevral ayına kimi həmin yaşayış sahəsində yaşamış, oradan şıxaraq atası evinə getmiş, həmin vaxtdan rayonda nənə-baba evində, sonra kirayədə qalmışdır. Göründüyü kimi iddiaçı mübahisəli yaşayış sahəsindən 2014-cü ilin fevral ayında öz istəyi ilə getməsi, rayonda baba-nənə evində yaşaması, daha sonra Sumqayıt şəhərində kirayədə yaşaması müəyyən edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli yaşayış sahəsindən 2014-cü ilin fevral ayında çıxmış, tərəflər arasında nikah 2016-cı ildə pozulmuş, iddiaçı hazırki iddia ərizəsi ilə 22.11.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının 2014-cü ilin fevral ayında mübahisəli evi tərk etməsini, 5 ildən çox müddətdə həmin yaşayış sahəsində yaşamamasını və bu müddət ərzində yaşayış sahəsində yaşamaq üçün hər hansı cəhd etməməsini, bundan əlavə, bu müddət ərzində başqa yerdə yaşamasını onun qeyd olunan evdə yaşamaq niyyətinin olmaması, onun yaşayış sahəsindən birdəfəlik getməsi kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddia tələbini qismən təmin edərək iddiaçının yaşayış sahəsinə köçürülməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən təmin edərkən yuxarıda göstərilən maddi hüquq normalarını pozmaqla, işin şərh edilən mühüm faktiki hallarını nəzərə almamaqla qətnamə çıxarmışdır. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsi qismən, İddiaçı 28.05.2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsi qismən, İddiaçı 28.05.2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar