Məhkəmə qərarları › İş №2(105)-3565/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3565/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3565/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı 10.01.2014-cü il tarixli **********48014 №-li kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması haqqında ilk iddia tələbi, Cavabdeh ASC Xalq Bankına qarşı ASC “Xalq” Bankı tərəfindən əsassız hesablanmış 547,79 manat məbləğində zərərin əvəzinin, 432,46 manat məbləğində pensiyanın, cəmi 980,25 manat məbləğində borcun silinməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) ilkin iddia təmin edilməməsi, qarşılqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı ASC “Xalq” Bankının ilkin iddia üzrə Cavabdeh qarşı “10.01.2014-cü il tarixli **********48014 №-li kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması haqqında” ilkin iddia tələbinin rədd edilməsi, qarşılqlı iddianın qalan hissədə təmin edilməməsi, ASC “Xalq” Bankı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlk iddia üzrə iddiaçı ASC “Xalq” Bankı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.01.2014-cü il tarixli **********48014 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC Xalq Bankı qarşısında 17.02.2017-ci il tarixdən 18.09.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış 547,79 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 17.02.2017-ci il tarixdən 18.09.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 432,46 manat məbləğində penya olmaqla, cəmi 980,25 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC Xalq Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ASC Xalq Bankı ilə Cavabdeh arasında bağlanmış 10.01.2014-cü il tarixli **********48014 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 ay müddətinə, illik 24 % ödənilməsi şərtilə, 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə digər cavabdeh X6 arasında 10.01.2014-cü il tarixli **********48014/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC Xalq Bankı kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında iddia tələbi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2(074)-474/2017 №-li qətnaməsi ilə 10.01.2014-cü il tarixli **********48014 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC Xalq Bankı qarşısında 2463,93 manat məbləğində əsas borcun, 10.01.2017-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 24 % dərəcəsi ilə hesablanmış 768,55 manat məbləğində adi faizlər üzrə borc məbləği, 10.01.2017-ci il tarixdən 17.02.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış 49,33 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 50 manat məbləğində penya, cəmi 3331,81 manat və 30 manat ödənilmiş dövlət rüsumu birgə qaydada cavabdehlər Cavabdeh və V.T.Əmrahovdan iddiaçı ASC Xalq Bankının xeyrinə tutulması qət edilmişdir. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Şamaxı Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2(074)-474/2017 №-li qətnaməsi qəbul edildikdən sonra borc alan tərəfindən müxtəlif tarixlərdə kredit müqaviləsi üzrə ümumilikdə 3281,42 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödənişlər hesabına vaxtı keçmiş əsas borc məbləği və 10.01.2017-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 24 % dərəcəsi ilə hesablanmış 768,55 manat məbləğində adi faizlər üzrə borc məbləği tam şəkildə qaytarılmış, 17.02.2017-ci il tarixədək hesablanmış penyanın və zərərin (əldən çıxmış faydanın) bir hissəsi ödənilmişdir. Buna baxmayaraq, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya ödəməlidir ki, 17.02.2017-ci il tarixdən (Şamaxı Rayon Məkəməsinə müraciət edilən tarixdən) kredit üzrə əsas borcun tam şəkildə qaytarıldığı 18.09.2018-ci tarixədək hesablanmış bu məbləğ 432,46 manat təşkil edir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 06.11.2019-cu il tarixli 202 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anma qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anma qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ASC “Xalq” Bankına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.01,2014-cü il tarixli **********48014 №-li kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması barədə ASC Xalq Bankın iddiasının rədd olunması, ASC Xalq Bank tərəfindən əsassız hesablanmış 547,79 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 17.02.2017ci il tarixdən 18.09.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 432,46 manat məbləğində penyanın, cəmi 980,25 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ASC Xalq Bankın hazırkı iddia tələbi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsin, Respublikası Prezidenti tərəfindən 28.02.2019cu il tarixində imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə zidd olmaqla tamamilə əsassız və qanunsuzdur. Bekə ki, onunla ASC Xalq Bankı arasında bağlanmış 10.01.2014-cü il tarixli **********48014 №-li kredit müqaviləsinə müvafiq olaraq 36 ay müddətinə, illik 24 % olmaqla 5000 manat kredit götürmüş, ABŞ dollarının kəskin bahalaşması, manatın məzənnədən düşməsi nəticəsində maddi durumunda çətinliklər yaranmış və bu səbəbdən müqavilə öhdəlikləri üzrə ödənişləri vaxtında həyata keçirə bilməmişdir. Bununla əlaqədar ASC Xalq Bankı borcun ödənilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsində baxıldı. Şamaxı Rayon Məhkəməsinin 18.04.2017-ci il tarixli 2(074)-474/2017 saylı qətnaməsi ilə ondan kredit müqaviləsi üzrə 2463.93 manat məbləğində əsas borc, 768.55 manat məbləğində faizlər üzrə borc məbləği, 50 manat məbləğində cərimə borcu, cəmi 3331.81 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ASC Xalq Bankına ödənilməsi qət edilmişdir. Məhkəmənin icra vərəqi əsasında 07.07.2017-ci il tarixində Şamaxı Rayon İcra Şöbəsi icraata başlamaq haqqında qərar qəbul etmişdir. O, və zamin V.T.Əmrahovun əmək haqqından tutulmalar olmuş və qətnamə üzrə borc tam ödənilmişdir. Buna baxmayaraq qətnamə ilə təmin edilməmiş faiz borcu, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təmin edilməmiş faiz borcu, eləcə də 225,46 manat cərimə borcu, artıq hesablanmış faiz borcu ASC Xalq Bankdakı sistemdə onun hesabında borc kimi saxlanılaraq silinməmişdir. Əvvəllər bir dəfə faiz hesablanmış borc məbləğlərinə təkrar faiz hesablamaqla süni borc yaratmışlar. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 26 sentyabr 2019-cu il tarixli ********** saylı məktubu ilə ona verilmiş cavabda qeyd olunur ki, məhkəmə qətnaməsi icra edilməsi üçün müvafiq olaraq icraya yönəldilmiş, sizin və zaminin əmək haqqı kartından pul vəsaiti tutularaq məhkəmə qərarı üzrə əsas borc tam olaraq ödənilmişdir. Lakin əsas borc məbləği ödənilənədək hesablanmış və qətnamə ilə təmin edilməmiş faiz borcu mövcuddur. Məlum olduğu kimi ASC Xalq Bank eyni tələb və eyni əsasla əvvəllər də Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsi 18.04.2017-ci il tarixli, 2(074)-474/2017 saylı qətnaməsində iddianın 225,46 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 225,46 manat məbləğində cərimə pulu deyil, 50 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Göründüyü kimi Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18.04.2017-ci il tarixli 2(074)-474/2017 saylı qətnaməsini ilə təmin olunmamış 225,46 manat məbləğində cərimə pulu təkrar olaraq hazırkı iddia tələbinə əlavə edilmişdir. MPM-nin 153-cu maddəsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; müddəası (iddianın mümkünsüzlüyü) pozulmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçının nümayəndəsi Q.X.Əkbərov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsindən göründüyü kimi məhkəmə qətnaməsi ilə tutulan borc məbləği cavabdeh tərəfindən banka tam ödənilmişdir. Məhkəmənin iddianı rədd etmək üçün istinad etdiyi əsas qanunlara və digər normativ-hüquqi aktlara söykənmir və yalnız şəxsi mülahizə xarakteri daşıyaraq Bankın hüquqlarını pozur. İddia predmetinin müəyyənləşdirmək hüququ iddiaçıya məxsusdur və yalnız o, mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mülki hüquqlarının müdafiəsi üçün lazımi üsulu seçməlidir. Hazırki halda Bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri tam icra edənədək qüvvəsini saxlayır. Odur ki, Şamaxı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(074)-34/2021 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi C.L.Süleymanov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddianı rədd edərkən, qarşılıqlı iddianı qismən təmin edərək, tərəflər arasında olan kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya borcun tam ödənilməsinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Q.X.Əkbərovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 10.01.2014-cü il tarixli № **********48014 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC “Xalq” Bankından 36 ay müddətinə, illik 24 % ödənilməsi şərtilə, 5000 manat məbləğində kredit götürmüşdür. İşdə olan 06.11.2019-cu il tarixli № 202 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 10.01.2014-cü il tarixli № **********48014 saylı kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.04.2021-ci il tarixli № 9/705 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 10 yanvar 2014-cü il tarixli, **********48014 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, maliyyə arayışı məlumatlarına əsasən Cavabdeh "xxxx" ASC-yə olan borcu 23.01.2017-ci il tarixə (müqavilə müddəti bitən) 3301,07 manat olmaqla, əsas borc üzrə 2669,85 manat, faiz borcu üzrə 631,21 manat. 18.09.2018-ci il tarixə (sualda soruşulan tarixə) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən illik 5% hesablamaqla 892,88 manat olmaqla, əsas borc üzrə 892,88 manat, faiz borcu üzrə 0 manatdır. Rəydə qeyd edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 18.09.2018-ci il tarixdən sonra 825,51 manat məbləğində ödəniş olmuşdur. Lakin sualda 18.09.2018-ci il tarixə soruşulduğundan tədqiqatla 825,51 manat nəzərə alınmadı və təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən, 10.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İş materiallarında olan 08.01.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, ASC “Xalq” Bankı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 432.1-ci maddəsinə əgər kreditor razıdırsa, borclu öhdəliyi hissəhissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 432.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. İş materialları ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə tutulan borc məbləği cavabdeh tərəfindən banka tam ödənilmişdir. İddiaçı məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən borcun tam ödənilməsinədək keçən vaxt ərzində cavabdehin məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmaqla bağlı heç bir sübut təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbayjan Respublikası MPM-nin 404-1-ji maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə 17 iyul 2021-ci il tarixli 2(074)-34/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar