Məhkəmə qərarları › İş №2(105)-357/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-357/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-357/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-792/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-792/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh borclu olduğu 2000 (iki min) manat pulun, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Xıdır Quliyev). Qətnamədən Cavabdeh Sədrəttin oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 manat pulun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir real əsasa söykənməmiş, əsassız və qərəzli qətnamə qəbul etmişdir. İddiaçının məlumatları həqiqəti əks etdirmir və onun məqsədi əsassız varlanmadır. Məhkəmə prosesində nümayəndəsi iltizamın hüquqi əsasının olmadəğını bildirmiş, xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, məhkəmə vəsatətə baxmamışdır. Həmçininiddiaçı tərəfindən təqdim edilən şahidi tanımır. Hesab edir ki, həqiqəti üzə çıxarmaq üçün xətşünaslıq ekspertizaası keçirilməlidir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-792/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçın və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-792/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiay məhkəməsində dindirilən iddiaçının təqdim etdiyi şahid X3 ifadəsində göstərdi ki, iş üzrə tərəfləri Xaçmaz şəhər sakinləri kimi tanıyır. Həqiqətən Cavabdeh İddiaçı xx xxxxxx 2019-cu il tarixdə 2000 manat borc pul istəmiş, iddiaçı onun iştirakı ilə cavabdehə həmin məbləğdə pulu borc vermişdir. Cavabdeh iltizam yazaraq borclu olduğu pulu xx xxxxxx 2020-ci il tarixədək iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh vədinə əməl etməmiş və borclu olduğu 2000 manat pulu iddiaçıya qaytarmamışdır. İddiaçı dəfələrlə müraciət edərək borcunu qaytarmasını tələb etsə də cavabdeh hal-hazıra kimi iddiaçının pulunu qaytarmamışdır. Mülki işə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli iltizamdan görünür ki, qeyd edilən tarixdə Cavabdeh İddiaçı iltizam verərək onun həqiqətən də iddiaçıya 2000 (iki min) manat borcu olduğunu göstərmiş, həmin borc pulu xx xxxxxx 2020-ci il tarixədək tam ödəyəcəyini öhdəsinə götürmüş və iltizama imza etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən edilən qəbzə və şahid ifadəsində istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, qeyd edilən tarixdə Cavabdeh qəbzə imza edərək İddiaçı 2000 (iki min) manat borcu olduğunu göstərmiş və həmin borc pulu xx xxxxxx 2020-ci il tarixədək tam ödəyəcəyini qeyd etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya 2000 manat borclu olması iş materiallarında olan qəbzlə müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X4 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan qəbzlərdə sübuta yetirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh qəbzdə olan imzanın ona məxsus olmasını, iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsini qeyd etsə də, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi üçün imza və xətt nümunələrinin götürülməsinə şərait yaratmamışdır. Bununla da apelyasiya şikayətində qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-792/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-792/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar