Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-357/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(012)-4086/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(012)-4086/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) iddiaçı Sadiqova (Hüseynova) Nuranə Nemət qızının cavabdeh X8 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Sadiqova (Hüseynova) Nuranə Nemət qızına verilməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə minən vaxtdan hesablanması, iddianın digər hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sadiqova (Hüseynova) Nuranə Nemət qızı iddia ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin tutulub birgə nikahlarından olan 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 fevral 2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 14 yanvar 2018-ci il tarixdə X4 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-6312/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş, hamiləliyi dövründə və uşaq doğulduğu gündən 3 il ərzində, yəni uşaq 3 yaşa çatanadək hər ay 155 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olan 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Birgə nikahlarından olan 14 yanvar 2018-ci il təvəllüdlü X2 14 yanvar 2021-ci il tarixdə 3 yaşı tamam olmuşdur. Ona görə də, Abşeron Rayon Məhkəməsinin 2(012)-6312/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə uşaq 3 yaşa çatanadək hər ay 155 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə xitam verilmişdir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq tələbatları gündən-günə artır, buna görə də uşağın mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı uşağın saxlanma xərclərinin artdığına istinad etsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Aliment uşaqla birlikdə ananın da öz ehtiyaclarını qarşılaması üçün deyil, yalnız uşağın zəruri ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan ödəncdir. Faktiki olaraq iddia ərizəsinə uşağın ehtiyaclarının artmasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Ata öz uşağının təhsili, qidalanması və sair ehtiyaclarının təmin edilməsində hansı vəzifələri daşıyırsa, ana da həmin vəzifələri daşıyır. Qanunvericilik alimentin miqdarı barədə heç bir norma müəyyən etmir. Təcrübədə yetkinlik yaşına çatmayan uşaqların yaşayış minimumu alimentin məbləği ilə eyniləşdirilsə də, heç bir qanunvericilik normasında uşağın yaşayış minimumunu atanın təkbaşına təmin etməsini təsbit edən norma yoxdur. Ona görə də iddiaçı nəinki 250 manat, heç yaşayış minimumuna uyğun 175 manat miqdarında məbləğin hamısını ondan tələb etməkdə haqlı deyildir. Onun 14.01.2018-ci il təvəllüdlü X1 başqa, 13.09.2015-ci il təvəllüdlü Ayan Sadiqli adlı başqa bir övladı da var və həmin uşağa hər ay 117 manat məbləğində aliment ödəyir. O, 540 manat miqdarında aylıq əmək haqqı alır. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən ondan iki uşağı üçün birlikdə əmək haqqının 1/3 hissəsi qədər, yəni 180 manat miqdarında aliment tutula bilər. Onun digər övladı-13.09.2015-ci il təvəllüdlü X9 117 manat məbləğində aliment ödəməsi nəzərə alınmalıdır, çünki qanun hər hansı bir uşağın digərindən üstünlüyünü tanımır və tanıya da bilməz. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İddiaçı Sadiqova (Hüseynova) Nuranə Nemət qızı və cavabdeh X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 14 yanvar 2018-ci il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 14.01.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-8036/2016 saylı, 18 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X10 arasında Abşeron rayon Qeydiyyat şöbəsində 09 oktyabr 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 643 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 13 sentyabr 2015-ci il tarixdə anadan olmuş X7 anası X6 himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, 06 saylı arayışdan görünür ki, Cavabdeh Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində 13.09.2017-ci il tarixindən Fiziki hazırlıq rəhbəri vəzifəsində işləyir, əmək haqqı 360 manat və 0,5 ştat müəllim 180 manat, cəmi 540 manat məbləğindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə X12 oğlundan 14 yanvar 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2018-ci ildə yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi qəbul olunan vaxtdan keçən 3 ildən çox müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşağın saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, 14 yanvar 2018-ci il təvəllüdlü X4 iddiaçının himayəsindədir, uşağa qulluq, onun təhsil, sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür. Digər tərəfdən, Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2018-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşağın saxlanılması üçün 100 manat miqdarında aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay uşağa görə 150 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Digər tərəfdən, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdeh apellyasiya şikayətində əvvəlki nikahından olan uşağa da aliment ödədiyini, iki uşağa görə ondan əmək haqqının 1/3 hissəsi qədər, yəni 180 manat miqdarında aliment tutula biləcəyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əvvəlki nikahından olan uşağa da aliment ödəməsi onu sonrakı nikahından olan uşağın minimum tələbatını ödəmək vəzifəsindən azad etmir. Həmçinin İddiaçı hazırki iddia tələbi alimentin cavabdehin əmək haqqının müəyyən hissəsi miqdarında tutulması deyil, sabit pul məbləğində tutulmuş alimentin miqdarının artırılması barədədir. Cavabdeh apellyasiya şikayətində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, üzrə icraata xitam verilməsi üçün Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə aldığı alimentin illik məbləği 1200 (100 manat x 12 ay) manat olmuşdur. Hazırki iş üzrə isə alimentin məbləği 50 manat artırılmışdır. Göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 600 (1800 manat -1200 manat) manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(012)-4086/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-357/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-357/2022
13.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver