Məhkəmə qərarları › İş №2(105)-3572/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3572/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3572/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı İddiaçı Ağaəmi oğlunun iştirakı ilə, İddiaçı Ağaəmi oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1310/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1310/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 15850 (on beş min səkkiz yüz əlli) manat məbləğində pul və 15 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Ağaəmi oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (Emin Abdullayev). Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1310/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Ağaəmi oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15850 manat vəsaitin, eləcə də 25 oktyabr 2019-cu il tarixdən hazırkı vaxta qədər həmin puldan qanunsuz faydalandığına görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə faiz əlavə edilməklə iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə onun iştirakını təmin etmədən işə birtərəfli baxıb. Polis idarəsində elə izahat yazmamışdır, iddiaçıya borcu yoxdur. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1310/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı Ağaəmi oğlu apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh ona olan borcunu ödəməlidir. Cavabdeh onu tanışlarının yanında borcu ödəməyərək nüfuzdan salıb. Onun yerinə götürdüyü borcu borc sahibləri onu tanıdığından məcbur olub ödəmişdir. İndi xərclədiyi vəsaitin ona qaytarılmaması ədalətsizlik olar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6136/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin ştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiaysı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin iddia tələbinin təmin edilməsi hissəsini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı tərəf apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən qətnamənin iddianın təmin edilməməsi hissəsi müzakirə edilmir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1310/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Polis idarəsinin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, iddiaçının cavabdeh barəsində verdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 22.07.2021-ci il tarixli məktubunda iddiaçının şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin surətləri Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Polis idarəsində verdiyi izahatında cavabdeh iddiaçıdan həqiqətən müxtəlif markalı telefonlar alaraq satdığını, lakin iddiaçıya olan borcunu tam qaytara bilmədiyini və iddiaçıya 15850 manat məbləğində pul verməli olduğunu etiraf etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə sonradan ödənilmək şərti ilə mobil telefonlar satmış, cavabdeh isə həmin telefonların dəyərini tam şəkildə iddiaçıya ödəməmiş və nəticədə 15850 manat borcu qalmışdır. Həmin faktı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı verdiyi izahatında etiraf etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında görünür ki, tərəflər arasında, telefon alğı-satqısı barədə şifahi razılaşma olmuş, cavabdeh iddiaçıdan aldığı telefonların dəyəri olan 22000 manat puldan müəyyən hissəsini qaytarmış və onun iddiaçıya 15850 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-cu maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında şifahi razılaşma olmuş, cavabdeh iddiaçıdan telefon alaraq başqa şəxslərə satmış və telefonların dəyəri olan 22000 manat puldan müəyyən hissəsini ödəmiş, 15850 manat hissəsini ödəməmişdir. Qeyd edilən hal cavabdehin polis orqanında verdiyi izahatı ilə təsdiqini tapmışdır. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin də cavabdehdən tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublakası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin 15850 manat hissəsini iş materialları ilə ilə sübuta yetirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıya borcunun olmamasını, polis idarəsində elə izahat verməməsi, eləcə də işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasları barədə cavabdehin yaşadığı ünvan 1 ünvanına bildirişlər və məhkəmə qətnaməsi göndərilmişdir. Məhkəmə qətnaməsinin xəbərnaməyə imza etməklə alınması nəzərə alınarsa qeyd edilən ünvana göndərilmiş bildirişlərin cavabdeh tərəfindən alınmaması ağlabatan deyildir. Eyni zamanda işə apellyasiya instansiyasında baxılarkən məhkəmə iclasları barədə rəsmi qaydda bildiril göndərilsə də, eləcə də sms xəbərdarlıq vasitəsi ilə cavabeh məlumatlandırılsa da , məhkəmə iclaslarına gəlməmişdir. Eyni zamanda iddiaçıya borcu olmamasına dair dəlilə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Polis idarəsində vətəndaş İddiaçı Ağaəmi oğlunun müraciəti əsasında toplanmış rədd materialına əlavə edilmiş Cavabdeh Hamlet oğlu 22.08.2020-ci il tarixli izahatında göstərmişdir ki, 23.04.2019-cu ildən 25.10.2019-cu ilədək olan müddət ərzində iddiaçıdan müxətlif markalı telefonlar alıb aparıb ayrı-ayrı şəxslərə kreditlə və nağd şəkildə satmış, telefonların satışından əldə edilmiş puldan Elnura 6000 manat vermiş, Elnura 15850 manat borcu qalmış, 2020-ci ilin sentyabr ayının axırına kimi 600 manat, daha sonra isə hər ya 1200 pul ödəyəcəyinə söz verir. Bununla da cavabdehin qeyd edilən dəlili də iş materiallarına əlavə edilmiş 22.08.2020-ci il tarixli izahatı ilə təkzib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1310/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1310/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Hamlet oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar