Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3580/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Sumqayıt bələdiyyəsinin nümayəndəsi X10, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümayəndəsi X12 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(060)-2949/2021 saylı qətnaməsindən cavabdeh Sumqayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(060)-2949/2021 saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsi, üçüncü şəxslər X6, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia qismən təmin edilib, cavabdeh Sumqayıt bələdiyyəsi və üçüncü şəxs X6 arasında bağlanmış 16.10.2017-ci il tarixli icarə müqaviləsi qismən- mübahisəli İddiaçı şəhid ailəsi kimi ayrılmış 6 kv.metr hissədə ləğv edilərək həmin hissədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş çıxarış ləğv edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh Sumqayıt bələdiyyəsi apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(060)-2949/2021 saylı qətnaməsinin qismən – iddia ərizəsinin təmin olunmuş hissəsində ləğv edilərək iddianın həmin hissədə təmin olunmamasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(060)- 2949/2021 saylı qətnaməsinin qismən – iddia ərizəsinin təmin olunmuş hissəsində ləğv edilərək iddianın iddianın hissədə rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsi və üçüncü şəxs X6 arasında bağlanmış 16.10.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırilmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə X15 və Şəhid Ailələri Cəmiyyəti Sumqayıt şəhər təşkilatının 29.01.1999-cu il tarixli, 151 nömrəli məktubundakı müraciət nəzərə alınaraq şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində 6 kv.metr torpaq sahəsi ayrılmışdır. O, şəhid X19 həyat yoldaşıdır, onlar 14.06.1975-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və onun həyat yoldaşı 19.04.1993-cü ildə şəhid olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində ayrılmış 6 kv.metr torpaq sahəsi X6 tərəfindən qanunsuz olaraq zəbt olunmuş və həmin torpaq sahəsində 2 mərtəbəli obyekt inşa edilmişdir. X1 müraciət edərək, həmin torpaq sahəsindən çıxmasını və tikilinin sökülməsini tələb etmişdir. Lakin, Güləhməd Rəcəbov buna məhəl qoymamış və bu səbəbdən də o, iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. X6 cavabdeh Sumqayıt bələdiyyəsi ilə həmin torpaq sahəsinə dair 16.10.2017-ci ildə icarə müqaviləsi bağlamışdır. Bundan sonra Güləhməd Rəcəbov həmin icarə müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən çıxarış götürmüşdür. Həmin torpaq sahəsinin şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə ayrıldığını nəzərə alaraq X2 bu hərəkəti qanunsuz hesab edilməlidir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh Sumqayıt bələdiyyəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 15 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.3, 139.1, 146.2, 152.1, 153.4, 166.3-cü maddələrinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8, 47.6, 47.7, 67, 68, 84.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi torpaq islahatı nəticəsində Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş, bələdiyyənin ehtiyat torpaq fonduna aid edilmiş torpaq sahəsidir və müvafiq torpaqayırma sənədlərində bələdiyyənin torpağı kimi nəzərdə tutulmuşdur. X2 müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 28 iyun 2013-cü il tarixli, 156 saylı sərəncamı ilə X5 Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 134 kv.metr torpaq sahəsində ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Həmin tikiliyə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 X4 Ekspertiza Baş İdarəsinin 19 mart 2014-cü il tarixli, 17580 saylı Ekspertiza rəyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış eskiz layihəsi əsasında sözügedən torpaq sahəsində X6 tərəfindən sahibkarlıq obyekti inşa edildikdən sonra X6 üzərində tikili inşa edilərək faktiki istifadə etdiyi torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirilməsi məqsədi ilə ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət etmişdir. Adı çəkilən ərizə əsasında Sumqayıt bələdiyyəsi tərəfindən müvafiq sənədləşmə işlərinə başlanılmış, bələdiyyənin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən rəy verilərək sahibkarlıq obyektinin tikintisi məqsədi ilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan Sumqayıt şəhərinin 22-ci məhəlləsi ərazisində yerləşən 134 kv.metr torpaq sahəsində torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Sumqayıt bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun şəkildə müvafiq rəyin alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt Ərazi şöbəsinə müraciət olunmuş və sonuncu tərəfindən də rəy verilərək Sumqayıt şəhərinin 22-ci məhəlləsi ərazisində yerləşən 134 kv.metr torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin mülkiyyətində olduğu, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsinin mümkün olduğunu bildirmişdir. Müvafiq rəylər alındıqdan sonra sözügedən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyənin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış” və “Torpaq sahəsinin planı və ölçüsü” təqdim olunmuşdur. Qeyd edilən sənədlər əsasında Sumqayıt bələdiyyəsi tərəfindən müvafiq qərar qəbul edilərək mübahisələndirilən torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərara alınmışdır. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 12 oktyabr 2017-ci il tarixdə keçirdiyi torpaq müsabiqəsində X6 qalib gəlmiş və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM 003589 nömrəli şəhadətnamə verilmişdir. Torpaq müsabiqəsinin qalibi olması səbəbindən Sumqayıt bələdiyyəsi də öz növbəsində X6 ilə mübahisələndirilən torpaq sahəsinə dair 16 oktyabr 2017-ci il tarixli, 155 saylı torpaq icarə müqaviləsi bağlamışdır. Bütün bu sadalananlar iddiaçının mübahisələndirilən torpaq sahəsinin guya ona məxsus olması və Sumqayıt bələdiyyəsi tərəfindən qanunsuz şəkildə X2 icarəsinə sənədləşdirildiyi barədə bildirdiklərini təkzib edərək bələdiyyə mülkiyyətində olan mübahisələndirilən torpaq sahəsinin qanunvericiliyə tam uyğun şəkildə ayrıldığını və sənədləşdirildiyini, bu zaman hər hansı qanun pozuntusuna yol verilmədiyini sübuta yetirir. Bu səbəbdən məhkəmənin bələdiyyənin mülkiyyətində olan və torpaqayırma sənədlərində hər hansı hüquqi və ya fiziki şəxsin hüququ ilə yüklü olmayan ehtiyat fondunun torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləni və həmçinin icarə hüququna dair çıxarışı ləğv etməsi tamamilə əsassız və qanunaziddir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin dövlət qeydiyyatından keçirilmiş mülkiyyət hüququ, həmin torpaq sahəsinin sahibkarlıq məqsədi ilə sənədləşdirilməsinin məqsədəuyğun sayılması və torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bələdiyyə qərarları, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi torpaq müsabiqəsinin nəticələri mübahisələndirilmədiyi halda, sözügedən qərarlar və sənədlər əsasında imzalanmış torpaq icarə müqaviləsini və hüququn qeydiyyatı barədə çıxarışı ləğv etməsi əsassızdır. Bundan əlavə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07 may 1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədi ilə X15 və Şəhid Ailələri Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına şəhərin 22-ci məhəlləsi ərazisində müvəqqəti ayrılmış 6 kvadrat metr torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin X2 icarəsinə verdiyi Sumqayıt şəhərinin 22-ci məhəllə ərazisində yerləşən 134 kv.metr torpaq sahəsinin daxilində olması kimi əsassız nəticəyə gəlmişdir. İş materiallarında sözügedən 6 kv.metr torpaq sahəsini nə mövqe planı, nə yerquruluşu sxemi, nə də təhkim aktı mövcud deyildir ki, bu sənədlər əsasında da sözügedən torpaq sahəsinin harada yerləşdiyini müəyyən etməm mümkün olsun. Həmçinin, sözügedən sərəncamda torpaq sahəsinin köşk qoyulması üçün müvəqqəti olaraq ayrılması müəyyən edilmişdir ki, torpaq sahəsindən iddiaçının istifadəsini və orada nə zamansa hər hansı köşkün yerləşdirilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Ümumiyyətlə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07 may 1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə torpaq sahəsi iddiaçıya deyil, şəhid X22 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədi ilə X15 və Şəhid Ailələri Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına ayrılmışdır. Sonradan həmin sərəncamda göstərilən köşkün qoyulub-qoyulmaması, torpaqdan iddiaçının istifadə edibetməməsi, iddiaçının belə bir tələblərlə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmadığı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bununla yanaşı iddiaçı bağlanılmış torpaq icarə müqaviləsinin tərəfi olmadığı halda məhkəmə onun Sumqayıt bələdiyyəsi və X7 arasında bağlanmış Sumqayıt şəhərinin 22-ci məhəllə ərazisində yerləşən 134 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsinə dair torpaq icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbini təmin edərkən kobud qanun pozuntusuna yol vermişdir. Eyni sözləri iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində X3 icarə hüququnu təsdiq edən reyestr çıxarışının ləğvi barədə tələbinin məhkəmə tərəfindən təmin edilməsinə münasibətdə də şamil etmək olar. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı X3 mübahisələndirilən torpaq sahəsi üzərində qeydiyyatdan keçmiş hüququnu deyil, həmin hüququn dövlət qeydiyyatını təsdiq edən sənədi mübahisələndirmişdir. Halbuki, reyestr çıxarışı öz-özlüyündə hər hansı ayrıca şəkildə qəbul edilən hüquqi sənəd olmayaraq hüququn dövlət qeydiyyatını ehtiva edən bir sənəddir ki, hüququn dövlət qeydiyyatının ləğvi tələb edilmədən, həmin hüququ təsdiq edən reyestr çıxarışının ləğvi tələbi təmin edilə bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia ərizəsinin təmin olunmuş hissədə ləğv edilərək iddianın həmin hissəsində təmin olunmamasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 15 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiyət verilməmişdir. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə X15 və Şəhid Ailələri Cəmiyyəti Sumqayıt şəhər təşkilatının 29.01.1999-cu il tarixli, 151 nömrəli məktubundakı müraciət nəzərə alınaraq şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində 6 kv.metr torpaq sahəsi ayrılmışdır. Sərəncamdan görünür ki, torpaq sahəsi şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədi ilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına ayrılıb. Sərəncamın 3-cü bəndinə əsasən köçk qoyulan ərazidə yaşıllıq və abadlaşdırmaya ziyan vurulacağı təqdirdə hazırki sərəncam öz qüvvəsini itirmiş hesab olunur. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsindəki köşk Sumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən götürülmüşdür. Beləliklə aydın olur ki, Sumqayıt şəhər İcra hakimiyyətinin sərəncamı ilə iddiaçıya müvəqqəti köşkün qoyulması üçün torpaq sahəsi ayrılıb, lakin hazırda həmin torpaq sahəsində hər hansı köşk yoxdur və iddiaçı həmin torpaq sahəsindən istifadə etmir. Sərəncamın 4-cü bəndində də göstərilib ki, ayrılmış torpaq sahəsindən bir il müddətinə öz təyinatı üzrə istifadə olunmadığı təqdirdə verilmiş torpaq sahəsi geri alınır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etdikdə göstərmişdir ki, sözügedən sərəncam qüvvədədir. Məhkəmənin sərəncamın hazırda qüvvədə olub-olmamasını hansı qaydada müəyyən etməsi məlum deyildir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və sərəncamın qüvvədə olub-olmaması ilə bağlı İcra hakimiyyətinin mövqeyi müəyyən edilməmiş, eyni zamanda məhkəmə tərəfindən də İcra hakimiyyətinə müvafiq sorğu verilməmişdir. Bu halda sərəncamın hazırda qüvvədə olmasına dair məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuzdur. Digər tərəfdən, sərəncamdan görünür ki, sərəncamla torpaq sahəsi iddiaçıya deyil, şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədi ilə X15 və Şəhid Ailələri Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına ayrılmışdır. Bu halda iddiaçının belə iddia qaldırmaq hüququnun olub-olmaması araşdırılmamışdır. Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının 28.06.2013-cü il tarixli, 156 nömrəli sərəncamının surətindən görünür ki, X5 Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 134 kv. sahədə ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07 may 1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə iddiaçıya müvəqqəti ayrılmış 6 kv.metr torpaq sahəsinin mövqe planı, yerquruluşu sxemi, təhkim aktı mövcud deyildir. Buna görə də, həmin torpaq sahəsinin harada yerləşdiyi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi də həmin torpaq sahəsinin harada yerləşməsini, həmin sahənin həqiqətən X5 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilməmişdir. Ümumiyyətlə, iddiaçıya müvəqqəti köşkün nə zaman qoyulması, iddiaçının həmin köşkdən istifadə edib-etməməsi ilə bağlı hər hansı, sübut iş materiallarında mövcud deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddia ərizəsinin təmin olunmuş hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Sumqayıt bələdiyyəsinin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümayəndəsi X17 apellyasiya şikayətlərini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayandəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia ərizəsi təmin olunmuş hissəsində ləğv edilərək iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamından görünür ki, X15 və Şəhid Ailələri Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının 29.01.1999-cu il tarixli, 151 nömrəli müraciətinin nəzərə alınaraq şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində 6 kv.metr torpaq sahəsi ayrılmışdır. 26.02.2019-cu il tarixli, 2V-99 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 06.04.1993-cü il tarixində vəfat etmiş X18 vərəsəsi ünvan 1 ünvanında yaşayan İddiaçıdır və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 və X11 arasında Sumayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 14.06.1975ci il tarixli nikah akt qeydləri kitabında 466 nömrəsi ilə qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 06.04.1993-cü il tarixində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən verilmiş 18.10.2008-ci il tarixli, 014059 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* № li, 16.01.2015-ci il tarixdə qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospekti ərazisində yerləşən, sahəsi 0,0142 ha olan torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Sumqayıt bələdiyyəsinin 11.06.2020-ci il tarixli, 1532 nömrəli məktubu və əlavə edilmiş 16.10.2017-ci il tarixli, 155 saylı torpaq icarə müqaviləsinin təsdiq olunmuş surətlərindən görünür ki, Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospekti ərazisində yerləşən, sahəsi 0,0142 ha olan torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə X6 arasında müqavilə bağlanmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2013-cü il tarixli, 156 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X5 Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 134 kv.metr sahədə ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində 0,0142 ha torpaq sahəsi 12.10.2017 - 12.10.2037-ci illər ərzində X2 adına yüklü edilərək qeydiyyata alınmışdır. Sumqayıt bələdiyyəsinin 12.07.2021-ci il tarixli, 1895 saylı məktubundan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, X19 ailəsinə müvəqqəti kommersiya köşkünün qoyulması məqsədilə Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 6 kv.metr torpaq sahəsinin ayrılması barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamının ləğv edilib-edilməməsi ilə bağlı Sumqayıt bələdiyyəsində hər hansı məlumat mövcud deyildir. X2 Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının “tikinti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə” 28.06.2013-cü il tarixli, 156 saylı sərəncamına əsaslanaraq 06 sentyabr 2013-cü il tarixdə 134 kv.metr torpaq sahəsinin sənədləşdirilməsi üçün Sumqayıt bələdiyyəsinə ərizə ilə müraciət etmiş, müvafiq rəylər alınmış və Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 12 oktyabr 2017-ci il tarixdə keçirdiyi torpaq müsabiqəsində X6 qalib gəlmiş və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM 003589 nömrəli şəhadətnamə verilmişdir. Torpaq müsabiqəsinin qalibi olması səbəbindən Sumqayıt bələdiyyəsi də öz növbəsində X6 ilə mübahisələndirilən torpaq sahəsinə dair 16 oktyabr 2017-ci il tarixli, 155 saylı torpaq icarə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də göstərilən müqavilənin etibarsız hesab olunmasından söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə X15 və Şəhid Ailələri Cəmiyyəti Sumqayıt şəhər təşkilatının 29.01.1999-cu il tarixli, 151 nömrəli məktubundakı müraciət nəzərə alınaraq şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində 6 kv.metr torpaq sahəsi ayrılmışdır. Sərəncamdan görünür ki, torpaq sahəsi şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədi ilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına ayrılıb. Sərəncamın 3-cü bəndinə əsasən köçk qoyulan ərazidə yaşıllıq və abadlaşdırmaya ziyan vurulacağı təqdirdə hazırki sərəncam öz qüvvəsini itirmiş hesab olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt bələdiyyəsi və üçüncü şəxs X6 arasında bağlanmış 16.10.2017-ci il tarixli icarə müqaviləsinin tərəfi olmadığına görə onun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subeyktiv huquqa malik olmamışdır. Bundan əlavə iddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ona ayrılmış torpaq sahəsindəki köşk Sumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən götürülmüşdür. Beləliklə aydın olur ki, Sumqayıt Şəhər İcra hakimiyyətinin sərəncamı ilə iddiaçıya müvəqqəti köşkün qoyulması üçün torpaq sahəsi ayrılıb, lakin hazırda həmin torpaq sahəsində hər hansı köşk yoxdur və iddiaçı həmin torpaq sahəsindən iuzun müddətdir ki, stifadə etmir. Sərəncamın 4-cü bəndində isə göstərilib ki, ayrılmış torpaq sahəsindən bir il müddətinə öz təyinatı üzrə istifadə olunmadığı təqdirdə verilmiş torpaq sahəsi geri alınır. Bundan başqa iddiaçı tərəfindən sözügedən torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin dövlət qeydiyyatından keçirilmiş mülkiyyət hüququ, həmin torpaq sahəsinin sahibkarlıq məqsədi ilə sənədləşdirilməsinin məqsədəuyğun sayılması və torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bələdiyyə qərarları, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi torpaq müsabiqəsinin nəticələri mübahisələndirilmədiyi halda, sözügedən qərarlar və sənədlər əsasında imzalanmış torpaq icarə müqaviləsini və hüququn qeydiyyatı barədə çıxarışın ləğv etməsi əsassızdır. İş materiallarında sözügedən 6 kv.metr torpaq sahəsini nə mövqe planı, nə yerquruluşu sxemi, nə də təhkim aktı mövcud deyildir ki, bu sənədlər əsasında da sözügedən torpaq sahəsinin harada yerləşdiyini müəyyən etməm mümkün olsun. Həmçinin, sözügedən sərəncamda torpaq sahəsinin köşk qoyulması üçün müvəqqəti olaraq ayrılması müəyyən edilmişdir ki, torpaq sahəsindən iddiaçının istifadəsini və orada nə zamansa hər hansı köşkün yerləşdirilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Ümumiyyətlə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07 may 1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə torpaq sahəsi iddiaçıya deyil, şəhid X22 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədi ilə X15 və Şəhid Ailələri Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına ayrılmışdır. Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının 28.06.2013-cü il tarixli, 156 nömrəli sərəncamının surətindən görünür ki, X5 Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 134 kv. sahədə ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07 may 1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə iddiaçıya müvəqqəti ayrılmış 6 kv.metr torpaq sahəsinin mövqe planı, yerquruluşu sxemi, təhkim aktı mövcud deyildir. İddiaçıya müvəqqəti köşkün nə zaman qoyulması, iddiaçının həmin köşkdən istifadə edib-etməməsi ilə bağlı hər hansı, sübut iş materiallarında mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 07 may 1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə şəhid X19 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədi ilə X15 və Şəhid Ailələri Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına şəhərin 22-ci məhəlləsi ərazisində müvəqqəti ayrılmış 6 kvadrat metr torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin X2 icarəsinə verdiyi Sumqayıt şəhərinin 22-ci məhəllə ərazisində yerləşən 134 kv.metr torpaq sahəsinin daxilində olması kimi əsassız nəticəyə gəlmişdir. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı X3 mübahisələndirilən torpaq sahəsi üzərində qeydiyyatdan keçmiş hüququnu deyil, həmin hüququn dövlət qeydiyyatını təsdiq edən sənədi mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin- “cavabdeh Sumqayıt bələdiyyəsi və üçüncü şəxs X6 arasında bağlanmış 16.10.2017-ci il tarixli icarə müqaviləsi qismən mübahisəli İddiaçı şəhid ailəsi kimi ayrılmış 6 kv.metr hissəsində ləğv edilsin və həmin hissədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş çıxarış ləğv edilsin” hissəsində haqlı olmamış və səhv nəticəyə gəlmişdir. Cavabdeh Sumqayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmuş hissəsində işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də cavabdeh Sumqayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(060)-2949/2021 saylı qətnaməsi qismən- “cavabdeh Sumqayıt bələdiyyəsi və üçüncü şəxs X6 arasında bağlanmış 16.10.2017-ci il tarixli icarə müqaviləsi qismən mübahisəli İddiaçı şəhid ailəsi kimi ayrılmış 6 kv.metr hissədə ləğv edilsin və həmin hissədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş çıxarış ləğv edilsin” hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməli, qətnamə- “iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Sumqayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(060)-2949/2021 saylı qətnaməsi qismən- “cavabdeh Sumqayıt bələdiyyəsi və üçüncü şəxs X6 arasında bağlanmış 16.10.2017-ci il tarixli icarə müqaviləsi qismən mübahisəli İddiaçı şəhid ailəsi kimi ayrılmış 6 kv.metr hissədə ləğv edilsin və həmin hissədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş çıxarış ləğv edilsin” hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə- “İddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3580/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3580/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver