Məhkəmə qərarları › İş №2(105)-359/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-359/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-359/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(077)-265/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(077)-265/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişmişdir. (A.Həsənov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(077)-265/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 (iki min) ABŞ dolları və 1600 (bir min altı yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 il bundan öncə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində 12 sot torpaq sahəsi almışdır. Bu torpaq sahəsini sənədləşdirmək üçün 2018-ci ilin mart ayında torpaq sahəsinə dair vətəndaşlardan sənəd axtarmağa başlamışdır. Bu zaman X6 ilə tanış olmuşdur. Cəfərov Gülbala ona bildirmişdir ki, 12 sot torpağa dair sənəd Cavabdeh var. Sonuncu həmin sənəddən istifadə edə bilmədiyi səbəbindən pul müqabilində sənədi ona verə bilər. xx xxxx 2018-ci il tarixində Şağan qəsəbəsindəki “Şaurma” restoranının yanında iddiaçının maşınında X6 və Cavabdeh ilə görüşmüşlər. O, cavabdehə 2000 (iki min) ABŞ dolları və 1600 (bir min altı yüz) manat pul verdikdən sonra, sənədlər cavabdeh tərəfindən ona verilmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona verilən sənədlər əsasında başqa bir şəxsə bir ay əvvəl, yəni 2018-ci ilin fevral ayında torpaq sahəsinin sxemi verilmişdir. Həmin sənəd ona satılanda artıq istifadə olunmuş hesab edilirdi və onun heç bir hüquqi qüvvəsi olmamışdır. Bu səbəbdən də ərizə ilə polisə müraciət edərək ona qarşı edilən hüquqa zidd əməllərlə bağlı tədbir görülməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 1(003)-80/2019 saylı hökmü ilə X6 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X13 2000 (iki min) ABŞ dolları və 1600 (bir min altı yüz) manat məbləğində pulu Cavabdeh vermiş, o isə pulu almasını etiraf etmişdir. Cavabdeh ona verilmiş pulu geri qaytarmaqdan imtina etdiyindən, məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə yalnız cavabdeh tərəfin mənafeyinə uyğun qətnamə qəbul edərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)- 80/2019 saylı hökmü ilə X6 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, həmin hökmlə müəyyən edilmişdir ki, X13 2000 (iki min) ABŞ dolları və 1600 (bir min altı yüz) manat məbləğində pulu Cavabdeh vermiş, o isə pulu almasını etiraf etmişdir. Bu hökmdə qeyd edilən hallardan müəyyən edilir ki, Cavabdeh Şuşa Rayon Məhkəməsinə hazırkı iş üzrə düzgün ifadə verməmiş, guya ki, pulu Cəfərov Gülbaladan aldığını bildirməklə məsuliyyətdən yayınmağa cəhd etmişdir. Şuşa Rayon Məhkəməsi isə qeyd olunan hökmü diqqətlə nəzərdən keçirməmiş, Cavabdeh yalan ifadəsinə aldanaraq iddia ərizəsini təmin etməmişdir. Bu hallara məcmu halda qiymət verilsəydi, iddia təmin olunmalı idi. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə etdi və bildirdi ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh bildirdi ki, ona cavabdeh tərəfindən pul verilməmişdir. Mərdəkan qəsəbəsində Rafiq Süleymanov adlı şəxin 0,12 ha torpaq sahəsinə dair sərəncamı olmuşdur. Həmin sənədi daha əvvəl Gülbala ona satmış və buna görə o, Cəfərov Gülbalaya 6000 manat vermişdir. X20 Süleymanovun arvadının razılıq ərizəsini ala bilmədiyi üçün sənədi geri qaytarıb pulunu tələb etmişdir. Gülbala pulu qaytara bilmədiyi üçün polisə də müraciət etmişdir. Sonradan Gülbala ona bildirmişdir ki, həmin sənədə müştəri tapıb, satıb pulunu qaytaracaq. Sənədlə bağlı İddiaçılə Gülbala Cəfərov arasında olan razılaşmadan onun xəbəri olmamışdır. O, Gülbala Cəfərovun müraciəti əsasında onda olan etibarnamə əsasında xx.xx.2018-ci ildə Rafiq Süleymanovun adından Gülbala Cəfərova etibarnamə vermişdir. Bundan sonra isə iddiaçının qohumu olan Malik Şirəliyevin adına Rafiq Süleymanov adından Gülbala Cəfərov tərəfindən etibarnamə verilmişdir. Hətta, ona təklif olunmuşdur ki, o, birbaşa Malik Şirəliyevə etibarnamə versin, lakin o, tərəflər arasında olan danışıqlardan xəbəri olmadığı üçün bundan imtina edib pulunu tələb etmişdir. O, Gülbaladan pulunu geri almışdır. Hazırki mübahisənin isə ona aidiyyəti yoxdur. İddiaçı danışığı Gülbala ilə olub, pulu da Gülbalaya verib.Gülbala isə onun pulunu qaytarıb. Məhkəmə bu halları tam və hərtərəfli araşdırmış və ədalətli qərar çıxarmışdır. Sonda cavabdeh şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin X2 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2019-cu il tarixli, 1(003)- 80/2019 saylı hökmündən görünür ki, X6 həmin maddə ilə təqsirli bilinmiş və 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İşdə olan AR-İ 579278 saylı, xx xxxx 2018-ci il tarixli etibarnamədən görünür ki, X7 bütün daşınar və daşınmaz əmlaklarla bağlı hüquqları haqqında səlahiyyətlərini xx xxxxxxx 2018-ci ilədək Cavabdeh (səlahiyyət ötürülmüş şəxs) və X4 vermişdir. Yenə işdə olan AR-İ 579279 saylı, xx xxxx 2018-ci il tarixli etibarnamədən görünür ki, X7 bütün daşınar və daşınmaz əmlaklarla bağlı hüquqları haqqında səlahiyyətlərini xx xxxxxxx 2018-ci ilədək X4 (səlahiyyət ötürülmüş şəxs) və X5 vermişdir. İşə əlavə edilmiş Bakı şəhəri, Xəzər RPİ-nin xx xxx 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh 5000 manatının ələ keçirilməsinə görə X6, X9 və X8 barəsində etdiyi şikayət üzrə mübahisə mülki xarakterli olduğuna görə cinayət işinin başlanılması rədd edilmişdir. Yenə işə əlavə edilmiş Bakı şəhəri, Xəzər RPİ-nin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı 6000 manatının ələ keçirilməsinə görə X6, X9 və Cavabdeh barəsində etdiyi şikayət üzrə mübahisə mülki xarakterli olduğuna görə cinayət işinin başlanılması rədd edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsini qanunsuz yolla əldə etmiş və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün müvafiq hüquq verən sənəd axtarmışdır. X1 ilə tanış olmuş, sonuncu isə ona X3 adına Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsinə dair müvafiq icra hakimiyəti orqanının sərəncamı olduğunu və 5000 manat müqabilində ona həmin sərəncamı və digər sənədləri verə biləcəyini bildirmişdir. Həmçinin bildirmişdir ki, həmin sənədlər hazırda Elburus Rüstəmov adlı şəxsdədir. Tərəflər razılaşdıqdan sonra, xx.xx.2018-ci ildə Rafiq Süleymanov adından Elburus Rüstəmov tərəfindən Gülbala Cəfərova etibarnamə verilmiş, bundan sonra isə iddiaçının göstərişi ilə yaxın qohumu olan Malik Şirəliyevin adına Rafiq Süleymanov adından Gülbala Cəfərov tərəfindən etibarnamə verilmişdir. İddiaçı tərəfindən qanunsuz tutulmuş torpaq sahəsinin rəsmiləşdirilməsi, o cümlədən veriləcək pulun məbləği ilə bağlı danışıqlar onunla Gülbala Cəfərov arasında olmuşdur. Hazırda iddiaçı tələb etdiyi pulu birbaşa cavabdeh Elburus Rüstəmova verdiyini iddia edir, cavabdeh Elburus Rüstəmov isə pulu Gülbala Cəfərovdan aldığını bildirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, bu iş üzrə əsassız varlanan da məhz Gülbala Cəfərov olmuşdur. İş üzrə Cavabdeh Gülbala Cəfərova verdiyi pulu geri almış, bu işdə əlavə pul vəsaiti əldə etməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh iddiaçı qarşısında maddi məsuliyyət daşımır. Başqa sözlə, Cavabdeh əsassız varlanan şəxs deyildir və iddiaçıya qarşı hər hansı mülki hüquq pozuntusu törətməmişdir. Mülki Məcəllənin 1091-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Yenə həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, bütün hallarda mülki hüquq pozuntusu törətmiş, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edib əsassız varlanan şəxs X6 olmuşdur. Elburus Rüstəmov verdiyi pulu geri almış, əlavə pul əldə etməmişdir. Belə ki, istər Elburus Rüstəmova, istərsə də İddiaçı torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd sayıla biləcək sərəncamı satan o, olmuş, hər iki tərəflə danışıqları o, aparmışdır. Bu hal işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin o faktı nəzərə alır ki, İddiaçı göstərişi ilə etibarnamə verilərkən etibarnaməni Elburus Rüstəmov birbaşa həmin şəxsə deyil, məhz İddiaçı sənədi satan Gülbala Cəfərova vermişdir. Başqa sözlə, sənədi o, satsaydı, yaxud həmin razılaşmanın tərəfi olsaydı, etibarnaməni birbaşa o, verərdi. Beləliklə, məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(077)- 265/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar