Məhkəmə qərarları › İş №2(105)-3596/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3596/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3596/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-40/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 2(031)-40/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 07.05.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********93456 olan «iPhone» 8 markalı telefon üçün 1499 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, ümumilikdə, 1503 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı-nə ödənilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)-40/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsini ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 07.05.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********93456 olan iPhone 8 markalı telefon üçün 1476 manat ödənilməmiş hissə, 295 manat dəbbə, 16.09.2018-ci il tarixli müqavilə üzrə Amore markalı çarpayı, dolab, termo, tumba, döşək üçün 1616 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 24.05.2019-cu il tarixli müqavilə üzrə Genova markalı kreslo üçün 544 manat ödənilməmiş hissə, 10 manat dəbbə, ümumilikdə 3941 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3971 manat Cavabdeh alınaraq İddiaçı-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07.05.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********93456 olan iPhone 8 markalı telefon üçün 1499 manat ödənilməmiş hissə, 84 manat dəbbə pulu, ümumilikdə, 1583 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Cavabdeh apellasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində bu iddianın predmeti olan İPhone markalı mobil telefonun qüsurları səbəbi ilə qızıl zəmanətə əsasən ödədiyi vəsaitin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edib. Telefoda olan qüsurların müəyyən edilməsi səbəbi ilə məhkəmə ekspertizası təyin edilmişdir. Bu iş üzrə iddiaçı bilir ki, satdığı telefon qüsurludur və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində icraat yekunlaşmadığı halda belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-40/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsini ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, cavabdehə tam olaraq texniki göstəricilər cavab verən cihaz satılmışdır. Cihazda mövcud olan qüsur mikrofon hissəsindədir. Cavabdehin istifadəsində olan dövrdə cihazın mütəmadi olaraq təmizlənməli olan mikrofon hissəsi təmizlənməmişdir. Bu səbəbdən də səsötürmə funksiyasında problem yaranmışdır. Həmin problemə görə telefon servisə göndərilmiş və cavabdeh tərəfindən yaradılmış qüsur aradan qaldırılmışdır. Hazırda cihaz tam yararlı vəziyyətdədir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-40/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş 07.05.2018-ci il, 16.09.2018-ci il, 24.05.2019-cu il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İMEİ Kodu **********93456 olan iPhone 8 markalı telefon, Amore markalı çarpayı, dolab, termo, tumba, döşək və Genova markalı kreslo almış və nəticədə 3941 manat borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbində göstərilən dəbbə pulunun azaldılmasına dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, 07.05.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********93456 olan iPhone 8 markalı telefon üçün 1499 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, ümumilikdə, 1503 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı-nə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Bundan başqa iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş cavabdehə satılmış telefon barədə tərtib edilmiş 27.11.2021-ci il tarixli texniki vəziyyət barədə aktda qeyd olunmuşdur «telefonun qulaq setkası təmizləndi, cihaz texniki papametrlərə uyğun işləyir, müştəri bildirən qüsur istifadə qaydalarının pozulması nəticəsində yaranır.» Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində iddia qaldırdığını, həmin işə baxılb qurtarana qədər hazırkı işə baxılmasının qanunsuz olduğunu bildirmişdir. Lakin müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi Rayoq Məhkəməsinin 2(006)136/2021 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 2(031)-40/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 2(031)-40/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar