Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-360/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-642/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq, 09 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. X7 bu il birinci sinifdə oxuyacağı üçün 154 manat aliment onun tələblərini qarşılamır. Bundan başqa, qızı Qəmər yüksək allergiya xəstəsi olmaqla yanaşı, 28 iyun 2024-cü il tarixdə Sumqayıt şəhər uşaq xəstəxanasında qarın boşluğundan əməliyyat olunmuşdur. Həmçinin qızı Qəmərin bütün qayğısını, ehtiyaclarını və sağlamlıq xərclərini özü qarşılamaqdadır. Buna görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, o, vəsait sərf edərək, mediasiya prosesində iştirak etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddia ərizəsi ilə razı deyil. Belə ki, iddiaçı ilə aralarında olan nikah pozulmuşdur. Sonradan xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon sakini, xx.xx.2002-ci il təvəllüdlü X5 ilə rəsmi nikaha girərək (Siyəzən rayon Qeydiyyat şöbəsində bağlanmış AZ-İİ № 470126, xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamə əlavə olunur) ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü qızı Rəsmiyyə doğulmuşdur. Ailədə tək qazanc gətirən odur, halhazırda "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən mühafizəçi işində işləyir. Aldığı əmək haqqı 320,25 ( üç yüz iyirmi manat 25 qəpik) təşkil edir. Ailənin dolanışığı, dolanışıq xərcləri və kommunal xərclərinə aldığı əmək haqqı belə çatmır. İddiaçı ödədiyi 154 manat aliment məbləğinə aldığı əmək haqqı belə çatmır. Keçmiş həyat yoldaşı İddiaçı Siyəzən şəhər 6 saylı məktəb-litseydə işləyir, 500-600 manat arasında əmək haqqı alır.
4. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-642/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 09 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı azad edildiyi 48,20 manat dövlət rüsumunun 85%-i, yəni 40,97 (qırx manat 97 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 154 manat sabit pul məbləğində aliment 09 iyul 2018-ci il təvəllüdlü Qəmərin artan tələbatını qarşılaya bilmir.
6. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 78.2, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-642/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında olan nikah pozulmuşdur. Sonradan xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon sakini, xx.xx.2002-ci il təvəllüdlü X5 ilə rəsmi nikaha girmişdir. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü Rəsmiyyə doğulmuşdur. Ailədə tək qazancı gətirən odur, hal-hazırda "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən mühafizəçi işində işləyir. Aldığı əmək haqqı 320,25 (üç yüz iyirmi manat, 25 qəpik) təşkil edir. Ailənin dolanışığı, dolanışıq xərcləri və kommunal xərclərinə aldığı əmək haqqı belə çatmır. İddiaçı ödədiyi 154 manat aliment məbləğinə aldığı əmək haqqısı belə çatmır. Keçmiş həyat yoldaşı İddiaçı Siyəzən şəhər 6 saylı məktəb-litseydə işləyir, 500-600 manat arasında əmək haqqı alır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əvvəllər gəmidə işləyib 620 manat əmək haqqı alıb. Aprel ayından mühafizəçi işləyir, bu aydan artımla birlikdə aldığı əmək haqqı 364 manat olub, yenidən ailə qurub, 1 övladı var, bir övladı da olacaq. 154 manat alimenti ödəyir, lakin 200 manat alimenti ödəmək imkanı yoxdur. Növbəli iş rejimində işləyir ki, əlavə olaraq şadlıq sarayında toy olandan olana ofisiant kimi işləyir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 23 iyul 2018-ci il tarixdə verilmiş AZ- İV seriyalı, 073627 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09 iyul 2018-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
13. Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikahın pozulması və 09 iyul 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 28 iyul 2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
14. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 25 dekabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 297253 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı 25 dekabr 2018-ci il tarixdə ləğv edilmiş, bu barədə akt qeydlər kitabına 46 nömrəli qeyd edilmişdir.
15. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsinin ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, 09 iyul 2018-ci il təvəllüdlü X4 “sağ tərəfli qasıq yırtığı” diaqnozu qoyulmuşdur.
16. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 11 aprel 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 470126 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 həmin tarixdə, 19 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Hüseynova" soyadı verilmişdir.
17. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 794327 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 04 dekabr 2022-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X3r.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində müəllim işləməklə, aylıq 504 manat əmək haqqı alır.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan və "xxxx" MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi işləməklə, aylıq 400 manat əmək haqqı alır.
20. Maliyyə sənədlərindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsi
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
23.“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
24. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
26.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
27. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
28. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-642/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı aliment məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 154 manat sabit pul məbləğində aliment məbləği ilə 09 iyul 2018-ci il təvəllüdlü Qəmərin artan tələbatını qarşılaya bilmir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir.
32. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş 154 manat məbləğindəki aliment 2018-ci ilin oktyabr ayında, yəni uşağın 1 yaşı olmamış tutulmuş, hazırda isə uşağın 7 yaşı var. Həmin tarixdən sonra respublikada yaşayış minimumu 7 dəfə dəyişiklərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Həmçinin cavabdeh tərəfindən təklif edilən 154 manatlıq məbləğ 7 il müddətdən sonra uşağın artan tələbatını qarşılanması üçün yetərli sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin alimentin məbləğini dəyişdirərək 200 manat müəyyən etməsi işin hallarına uyğun olmuşdur etmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin aşağı olması, qazancının az olması, yeni nikahından bir övladının doğulması barədə şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2024-cü il üçün isə müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Qeyd olunan hal və 2024-cü il üçün müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda müəyyən edilmiş 200 manat aliment məbləği əsaslı hesab olunur. Digər tərəfdən isə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" MMC-də mühafizəçi işləyib aylıq 400 manat əmək haqqı almaqla yanaşı, növbəli iş rejimində işləməsi ilə əlaqədar, özünün də etiraf etdiyi kimi ofisiant işləməklə əlavə gəlirlərə də malikdir.
35. Beləliklə, məhkəmə kollegiyası “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli qərarına 8.4-1-ci bəndin əlavə edilməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarılmasından sonra olmasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)- 642/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-642/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.