Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3614/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1484/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-1484/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Vüqar Seyidov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1484/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İŞİ N H A L L A R İ : İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2852 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, o, cavabdehin tələb olunan həmin məbləğin ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki cavabdeh özü də izahatında hadisənin baş verməsinin onun diqqətsizliyindən baş verdiyini bildirmişdir. Hadisədə cavabdehin təqsirli olmasını həmin vaxt avtomobilində olan ailə üzvləri də təsdiq edə bilər. Qeyd edir ki, çıxarılan bu qətnamə onun qanuni maraqlarıma toxunur. Əgər o, təqsirli olsa idi, onda sığorta şirkəti tərəfindən ona 1331,70 manat ödəilməzdi. Deməli sığorta şirkəti də təqsirli tərəfin cavabdeh olduğunu dərk etmiş və avtomobilinin xərclərini təmin etmək məqsədilə ona 1331,70 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş 01 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 14.04.2021-ci il tarixli ziyan aktından görünür ki, “VAZ- 211540” minik markalı, “**-GF- ***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilə toqquşma nəticəsində 2852 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Bu da sübut edir ki, həqiqətən də avtomobilinə cavabdeh tərəfindən 2852 manat məbləğində zərər vurulmuşdur. Sığorta şirkəti bu məbləğin yalnız bir hissəsini ona ödəmişdir. Bu məbləğin qalan hissəsi ona hələ də ödənilməmişdir. O, vurulmuş zərərin tam həcmdə ödənilməsini tələb edir. Məhkəmə sığorta şirkətini də cavabdeh kimi işə cəlb etməli olduğu halda etməmişdir. Halbuki, sığorta şirkətini işə cəlb etməklə ədalətli araşdırma apararaq qanuni qətnamə qət edə bilərdi. Daha sonra göstərdi ki, maşın Xanlar Mirzəyevin adınadır, o, etibarnamə ilə istifadə edir. Sözügedən məbləğin 1331 manatını sığorta şirkəti ona ödəyib, qalan 1500 manatın cavabdehdən tutulmasını xahiş edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1484/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L ƏR : Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materillarına əlavə edilmiş 01 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 14.04.2021-ci il tarixli ziyan aktından görünür ki, «VAZ- 211540» minik markalı, «**-GF-***» dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən həmin avtomaşına toqquşma nəticəsində 2852 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsas əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqazidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqazidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilən qanun normalarının tələbinə görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehin təqsirli olması və cavabdehin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. Lakin İddiaçı Cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını göstərərək, cavabdehdən 2852 manat maddi ziyan tələb etsə də cavabdehin tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə hesab etmişdir ki, iddiaçı, qanunla sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, öz iddia tələbinin hüquqi əsasını heç bir mötəbər sübutla sübut etməmişdir. Həmçinin iddiaçı məhkəmə iclası zamanı öz ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi naticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehin sığortalı olduğu sığorta şirkətindən 1331,70 manat məbləğində sığorta ödənişini almışdır. Bu da onu göstərir ki, iddiaçı həmin sığorta ödənişi ilə razılaşmışdır. Yuxarıda göstərilənlər iddianın əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. Məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətindən görünür ki, apelyant ziyan aktında qeyd olunan və sığorta tərəfindən ona ödənilməyən pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyantın tələbi əsassızdır. Belə ki, iddiaçının istinad etdiyi ziyan aktından görünür ki, maşina dəymiş ziyan 1332 manat təşkil edir ki, həmin məbləğ də sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Onun ödənilməsini tələb etdiyi 1520 manat isə maşının təmirinə sərf ediləcək zəhmət haqqıdır ki, bunu da təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə olunmayıb. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarınıəsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəməöz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarınıəsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyəöz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-1484/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Təvəkkür oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3614/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3614/2021
21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver