Məhkəmə qərarları › İş №2(105)-362/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-362/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-362/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1322/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 721,49 manat məbləğində əsas, 3,92 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2019 il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdeh bankdan xx.xx.2024 ilədək qaytarmaq və illik 1 % ödəmək şərti ilə aldığı 761.49 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcalan dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz ərizəsi daxil olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1322/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 721,49 manat məbləğində əsas, 3,92 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Anar Sadıqov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən , cavabdehə illik 1% ödəmək şərti ilə 761,49 manat məbləğində kredit verilmiş, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 443.1, 448.1,449.1, 465.2, 460.1, 740.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin e-2(067)- 1322/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçı və cavabdeh olaraq o, iştirak etməmdir. Bu halda məhkəmənin necə araşdırma aparması və banka olan kredit borcunun məbləğinin necə müəyyən edilməsi anlaşılan deyildir. Qətnamədə hər hansı rəsmi sənədə istinad olunmamış, heç olmasa maliyyə arayışı tələb edilməmiş, banka olan borcun məbləği, kredit müqaviləsində göstərilmiş məbləğ və ödnişlər barədə hər hansı araşdırma aparılmamışdır. Məhkəmə qətnaməyə Mülki Məcəllənin çoxsaylı maddələrini köçürməklə heç bir əsaslandırma aparılmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Qətnamədən göründüyü kimi kredit müqaviləsinin müddəti xx.xx.2024-cü ilədəkdir. Həmin vaxtadək o, banka olan qalıq borclarını ödəyəcəkdir. Ona görə də iddiaçının tələsik qaydada iddia qaldırması və məhkəmənin də iddianı təmin etməsi əsassızdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2.. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Xaçmaz Rayon Məhkəməsinin e- 2(067)-1322/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 721,49 manat məbləğində əsas, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. iş materiallarında olan Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, cavabdehə illik 1% ödəmək şərti ilə 761,49 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən cavabdehə illik 1% ödəmək şərti ilə 761,49 manat məbləğində kredit verilmiş, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. Məhkəmə yuxarıda göstərilən formada gəldiyi nəticə ilə cavabdehdən iddiaçının xeyrinə 721,49 manat məbləğində əsas, 3,92 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehdən əsas borca və dövlət rüsumuna dair hissədə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, cavabdehə illik 1% ödəmək şərti ilə 761,49 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən (i.v.11 görünür ki, borc məbləği xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək ilk 12 ayda 10,61-0,66 manat arası, digər aylarda isə 6,19 manat olmaqla 60 ay ərzində ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı təşkilat hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü ilədək olan müddət üçün cavabdehdən 721,49 manat məbləğində əsas borc, 3,92 manat faiz borcunu tələb edilmişdir . Qeyd edilən iş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi vaxtı çatmamış, yəni xx.xx.2024-cü il tarixədək, yəni kredit müqaviləsinin sonunadək olan əsas borcunu da əhatə edir. Halbuki Mülki Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 390.1 və 390.5-ci maddələrinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, qanunvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Buna baxmayaraq, iddiaçı müqaviləyə qanunda nəzərdə tutulmuş qaydada xitam verilmə şərtinə əməl etmədən vaxtından əvvəl borcunu tələb etmişdir. Belə olan halda isə Mülki Məcəllənin 427.1-ci maddəsinin tələbləri baxımından iddiaçının müddəti müəyyən edilmiş öhdəliyin, başqa sözlə, xx.xx.2024-cü il tarixədək olan əsas borcunun vaxtından əvvəl icrasını tələb etmək hüququ yoxdur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə tələbi yalnız iddia qaldırdığı dövrə olan borcla – xx.xx.2022-ci il tarixə olan borc məbləği ilə məhdudlaşır. Birinci instanisya məhkəməsi də faktiki olaraq qüvvədə olma müddəti xx.xx.2024-cü ilədək olan müqavilə üzrə bütün borcu cavabdehdən tutmuş, başqa sözlə, nəticədə kredit müqaviləsi üzrə vaxtı çatmayan öhdəlik üzrə də cavabdehin üzərinə öhdəlik qoymaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas borcunun təmin olunması nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə olan borc əsas borc üzrə 721,49 manat, faiz borcu üzrə 3,92 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən cavabdehdən müqavilə üzrə xx.xx.2022-ci il tarixinədəkl olan əsas borcu tutulmalıdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixinədək müqaviləyə görə əsas borc üzrə 250,49 manat ödəniş etməlidir. İddia ərizəsindən görünür ki, cavabdeh iddiaçı təşkilatdan 761,49 manat kredit götürmüş, iddia ərizəsində cavabdehdən 721,49 manat tələb edilmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən əsas borcdan 40 manat ödəniş edilmişdir. Göründüyü kimi, maliyyə arayışının tərtib edildiyi günə, xx.xx.2022-ci ilə cavabdehin əsas borc üzrə 250,49 manat borcu olmuş, həmin borcdan 40 manat ödəniş edilmişdir. belə olan halda həmin tarixə cavabdehin 210,49 manat borcu qalmışdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutulmalı, 20 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müqaviləyə əsasən cavabdehdən tutulan faiz borcuna dair hissədə gəldiyi nəticədə əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixinədək müqavilə üzrə 15,55 manat faiz borcu ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı təşkilat faiz borcuna görə cavabdehdən 3,92 manat tələb etmiş, məhkəmə kollegiyası da haqlı olaraq iddiaçı həmin hissədə təmin etmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək dəlilləri qismən əsaslı hesab edir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1322/2022 nömrəli, 19 sentyabr 2022ci il tarixli qətnaməsi qismən, Cavabdeh 721,49 manat məbləğində əsas, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən əsas borca görə 210,49 manat, dövlət rüsumuna görə 10 manat məbləğində pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1,384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1322/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 721,49 manat məbləğində əsas borc, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh əsas borca görə 210,49 manat və dövlət rüsumuna görə 10 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar