Məhkəmə qərarları › İş №2(105)-3629/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3629/2021

21.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3629/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil2, cavabdeh SOCAR-ın Təhlükəsizlik İdarəsinin nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlu, SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər SOCAR-ın Təhlükəsizlik İdarəsinə, SOCAR-ın Qaz İxrac İdarəsinə və SOCAR-ın Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-98/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-98/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər SOCAR-ın Təhlükəsizlik İdarəsinə, SOCAR-ın Qaz İxrac İdarəsinə və SOCAR-ın Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manatın İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-98/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər SOCAR-ın Təhlükəsizlik İdarəsinə, SOCAR-ın Qaz İxrac İdarəsinə və SOCAR-ın Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsində hazırda və gələcəkdə quruculuq-abadlıq işləri görülməsinə, tikinti işlərinin yerinə yetirilməsinə, hasarlanma işlərinin aparılmasına maneə törətməməsi vəzifəsinin cavabdehlər SOCAR-ın Təhlükəsizlik İdarəsinin, SOCARın Qaz İxrac İdarəsinin və SOCAR-ın Neft Kəmərləri İdarəsinin üzərinə qoyulması və qeyd edilən işlərə cavabdehlərin qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsində əvvəlcədən iddiaçıya məxsus fərdi yaşayış evi tikilmiş, hazırda həmin evdə iddiaçı ailəsi ilə birlikdə yaşamaqdadır. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində hasarlama və başqa tikinti-abadlıq işlərinin aparılması zərurəti yarandığından həmin torpaq sahəsində hasarlama işlərini aparmaq məqsədilə müvafiq tikinti materialları alınmış və tikinti işləri (hasarlama) aparılmağa başlanılmışdır. Lakin mülki iş üzrə cavabdeh müəssisələr olan Təhlükəsizlik İdarəsinin, Qaz İxrac İdarəsinin və Neft Kəmərləri İdarəsinin birgə əməkdaşları tərəfindən aparılmış tikinti sökülmüş, cavabdehlərin nümayəndələri tərəfindən tikinti sahəsinin qaz kəmərinin və magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz olduğu və tikintisinə icazə verilmədiyi bildirilərək aparılacaq hər bir tikinti işlərinin söküləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdehlərin nümayəndələrinə aparılan tikinti işlərinin qanunsuz olmadığını, torpağın iddiaçının xüsusi mülkiyyətində olması bildirilsə də cavabdeh müəssisələrin nümayəndələri birmənalı olaraq aparılacaq hər hansı bir tikintinin söküləcəyini qeyd etmişlər. Xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə almaq məqsədilə, cavabdeh müəssisələrin tabelilik qaydasında yuxarı orqanı olan SOCAR-ın Baş Ofisinə 09 mart 2018-ci il tarixdə yazılı ərizə ilə müraciət etmiş, ərizədə özünün xüsusi mülkiyyətində yerləşən torpaq sahəsində hasarlama və digər tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. SOCAR-ın Baş Ofisi ərizəyə cavab olaraq özünün 13 aprel 2018-ci il tarixli, SOCAR**********60040033B00196 saylı məktubunda qeyd edilən koordinatlar daxilində olan hissənin (959 m2) SOCAR-ın Qaz İxrac İdarəsinin X5 Kəmərləri Sahəsinin istismarında olan Hövsan-Digah-Qaradağ (Digah Novxanı hissəsi) qaz kəmərindən 20-25 metr məsafədə, digər hissənin (149 m2) SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 8.77-ci km-də mühafizə zonası daxilində yerləşdiyini və kəmərdən 37 metr məsafədə yerləşdiyini bildirmişdir. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət tərəfindən birmənalı olaraq tanınmasını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi üzrə cavabdeh müəssisələr həmin torpaq sahəsində tikinti aparmağa qanunsuz mane olurlar. Cavabdeh müəssisələrin iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətləri qanunsuzdur, həmin maneələrə son qoyulmalı, qadağan edilməlidir. Təqdim etdiyi qətnamələr eyni motivli işlər üzrə məhkəmə qətnamələridir və hər biri vətəndaşın xeyrinədir. Yəni hazırki qətnamə vahid məhkəmə təcrübəsinə də ziddir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-98/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh SOCAR-ın Təhlükəsizlik İdarəsinin nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlu apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.11 ha torpaq sahəsi idarənin xidməti istifadəsində olan NECAS proqramına əsasən tam olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin X5 Kəmərləri sahəsinin istismarında olan Hövsan- Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. Həmin ərazidə bu tip çıxarışlı torpaq sahələri və mənzillər çoxdur. Amma belə bir ərazidə yaşayışın mövcudluğu insan həyatına birbaşa təhlükədir. Baş verə biləcək hər hansı bir hadisədə mühafizə zonasında yaşayan heç kəsin həyatını xilas etmək mümkün olmayacaq. Söküntü aparılan yerdə yerləşən digər evlərə tikinti aparmağa onlar icazə vermir, amma müdaxilə edə də bilmirlər, çünki belə səlahiyyətləri yoxdur. Bunu müvafiq səlahiyyət üzərinə vəzifə olaraq qoyulmuş inzibati orqanlar etməlidir, lakin etmədiyi təqdirdə, onlar daha böyük fəsadların qarşısını almaq üçün məhkəmədə iddia qaldırmağa məcburdurlar. Qadağanı və mühafizə zonasını SOCAR müəyyən etmir, bu qaydaları Nazirlər Kabineti müəyyən edir. Neft kəmərinin 50 metrlik mühafizə sahəsi var. Həmin ərazidə neft kəmərinin hər iki oxundan 50 metr məsafədə yaşayış qadağandır. Vətəndaşın vicdanlı alıcı olduğu aydındır. Amma tikintinin qarşısı alınmasa bu çox ciddi problemlərə yol açacaq. Vətəndaşın təhlükəsiz yaşamaq hüququ mülkiyyət hüququndan daha üstündür. Hətta həmin ərazidə əkinin belə xüsusi qaydaları var. Yalnız mövsümi, bir illik və kökü 40 sm-dən dərinə getməyən bitkilər əkilə bilər. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətini təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-98/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, hazırda təmsil etdiyi idarənin öhdəliyi Dövlət Neft Şirkətinin obyektlərinin mühafizəsini təşkil etməkdir. Onların əsas vəzifəsi kəmərə birbaşa müdaxilənin qarşısının almaqdır. Bakı-Tibilisi-Ceyhan neft kəmərinin mühafizə qaydası ayrıca qərarla müəyyən olunur. İddiaçı mühafizə zonasında hasar çəkmə işi üçün mütləq rəsmi icazə almalıdır. Mühafizə zonaları daimi nəzarətdə saxlanılır ki, təhlükə olan zaman heç bir maneə olmadan birbaşa müdaxilə etmək mümkün olsun. Hasar isə belə maneələrdən biridir. Qeyd olunanlara əsasən apellyasiya şikayətini təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-98/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh SOCAR-ın Qaz İxrac İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, digər cavabdehlərin izahatını təsdiq edərək apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-98/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.12.2015-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 827 saylı reyestr kitabının 16 saylı vərəqində **********66 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş 15.12.2015-ci il tarixli, A № 031736 saylı torpaq sahəsinin plan və ölçüsünün surətindən müəyyən olunur ki, Abşeron rayonu Digah qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinə dair həmin sənədin tərtib olunmasına əsas 078 nömrəli, 04.12.2015-ci il tarixli 4ə-1969 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. İddiaçı SOCAR-ın prezidentinə ünvanladığı 09.03.2018-ci il tarixli müraciətdən görünür ki, o, Abşeron rayonu Digah qəsəbəsində yaşayış məntəqələrinə aid və onun xüsusi mülkiyətində olan (DƏDRX №0787939) 0,11 hektar torpaq sahəsində hasarın çəkilməsi və tikinti aparılması üçün icazə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı ünvanlandığı SOCAR**********60040033B00196 saylı, 13.04.2018-ci il tarixli məktubdan görünür ki, ərizədə qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, təqdim edilən sənədlərdə torpaq sahəsinin forması və yerləşdiyi yer ilə faktiki istifadədə olan torpaq sahəsinin forma və yerləşmə yeri, eyni zamanda SOCAR-da mövcud olan sənədlər arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin yerli baxış nəticəsində əldə olunmuş və eyni zamanda ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, müəyyən edilən koordinatlar daxilində olan hissə (959 m2) SOCAR-ın Qaz İxrac İdarəsinin X5 Kəmərləri Sahəsinin istismarında olan Hövsan-Digah-Qaradağ (DigahNovxanı hissəsi) qaz kəmərindən (530 mm, yerüstü) 20-25 metr (faktiki isə 28-31 metr) məsafədə, eyni zamanda SOCAR-ın Neft kəmərləri İdarəsinin istismarında olan BöyükŞorSumqayıt Dş700 magistral neft kəmərinin 8.77-ci km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 37 metr təşkil edir. Torpaq sahəsinin göstərilən koordinatlar daxilində olan hissəsi (149 m2) isə qeyd olunan kəmərlərin mühafizə zonası xaricində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndi ilə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin 23.04.2021-ci il tarixli **********61 saylı məktubundan görünür ki, müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, 17.12.2015-ci il tarixli, RX Seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.11 ha torpaq sahəsi idarənin xidməti istifadəsində olan NECAS proqramına əsasən tam olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin X4 Kəmərləri sahəsinin istismarında olan Hövsan-Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin-istismarında olan Böyükşor-Sumqayıt Dş- 700 magistral neft kəmərinin mühafizə zonasına düşür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 5 ədəd fotoşəkildən görünür ki, torpaq sahəsində tikilmiş tikili sökülmüş və dağıntılardan meydana çıxmış daş parçaları torpaq sahəsinin üzərində qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli, 10/1986 saylı rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatı Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi, qaz və neft kəmərləri üzrə mütəxəssis rəyinə əsasən aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, 17.12.2015-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. İddiaçının mülkiyyətində olan 0.11 ha torpaq sahəsi idarənin xidməti istifadəsində olan NECAS proqramına əsasən tam olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin X5 Kəmərləri sahəsinin istismarında olan Hövsan-Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikasının Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz, 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.12.2015-ci il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 827 saylı reyestr kitabının 16 saylı vərəqində **********66 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Digah qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikinti-abadlıq, hasarlama işləri aparmış, lakin səlahiyyətli qurumun nümayəndələri tərəfindən aparılmış fəaliyyətin qarşısı alınaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qaz kəməri və magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi səbəbindən tikililər söküldüyündən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olan halların qarşısının alınması məqsədilə məhkəməyə müraciət etmişdir. Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, bu qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Qərarındakı hüquqi mövqeyə görə Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1072.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 169.1 maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 169.2 maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Həmin Məcəllənin 564.2-ci maddəsinə əsasən son zərurət elə vəziyyətdir ki, həmin vəziyyətdə başqa vasitələrlə qarşısı alına bilməyən real təhlükənin qarşısını almaq üçün qarşısı alınmış təhlükəyə nisbətən daha az ziyan vurulur. Həmin Məcəllənin 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. İş materiallarından, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin 23.04.2021-ci il tarixli **********61 saylı məktubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli 10/1986 saylı rəyi ilə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşdüyü, həmin torpaq sahəsinin idarənin xidməti istifadəsində olan NECAS proqramına əsasən tam olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin X4 Kəmərləri sahəsinin istismarında olan Hövsan-Digah Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşdüyü və sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsinin isə Neft Kəmərləri İdarəsinin-istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququ Dövlət tərəfindən tanınmasına baxmayaraq onun mülkiyyətində olan torpaq ərazisinin müəyyən hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyündən insan həyatının təhlükəsizliyi mülkiyyət hüququndan daha üstün hüquq olduğundan iddiaçının mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanunauyğundur. Məhkəmə qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını rəhbər tutaraq, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olduqda mülki hüquqların yalnız qanunla məhdudlaşdırılmasının mümkünlüyü prinsipindən çıxış edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin 23.04.2021-ci il tarixli **********61 saylı məktubunu və 26.05.2021ci il tarixli 10/1986 saylı rəyini digər sübutlarla paralel qiymətləndirib iddiaçının iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsinə dair nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2. maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyərinə görə 50 manat iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq iddianı təmin etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyantın apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv olunmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Lakin apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı torpaq sahəsində hazırda və gələcəkdə quruculuq-abadlıq işləri görülməsinə, tikinti işlərinin yerinə yetirilməsinə, hasarlanma işlərinin aparılmasına maneə törətməməsi vəzifəsinin cavabdehlər SOCAR-ın Təhlükəsizlik İdarəsinin, SOCAR-ın Qaz İxrac İdarəsinin və SOCAR-ın Neft Kəmərləri İdarəsinin üzərinə qoyulması və qeyd edilən işlərə cavabdehlərin qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də buna dair hər hansı bir sübüt təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ilk növbədə cavabdehlər tərəfindən edilən maneənin nədən ibarət olduğunu açıqlamamışdır. Bundan başqa o, cavabdehlər tərəfindən ona tikinti, o cümlədən hasarın inşa edilməsinə imkan verilmədiyini bildirdi. Lakin iş materiallarında ona hər hansı bir tikinti aparılmasına icazə verilməsinə, hər hansı bir razılıq verilməsinə dair heç bir sənəd təqdim etməmişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının torpaq sahəsi mühafizə zonasına daxildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-98/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar