Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-365/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X14 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6826/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4256/2010 saylı, 02 dekabr 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutulan 50 manat məbləğində alimentin miqdarının artırılaraq, tərəflərin birgə nikahlarından olan 02 fevral 2008-ci il təvəllüdlü X3 və 14 fevral 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 2 övladları anadan olmuşdur: 02 fevral 2008-ci il təvəllüdlü X7, 14 fevral 2009-cu il təvəllüdlü X8. Bir müddət mehiban yaşasalar da, soradan münasibətləri pisləşmiş və tərəflər rəsmi qaydada boşanmışlar. Cavabdeh məhkəməyə müraciət edərək uşaqların saxlanılması üçün tutulan sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi və aliment borcunun ödənilməsindən azad edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2010-cu il tarixli, 2(060)-4256/10 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, aliment məbləği azaldılmış, 2 uşağın saxlanılması üçün 03 noyabr 2010-cu il tarixdən başlayaraq Cavabdeh ümumilikdə 50 manat sabit pul məbləğində aliment tutlaraq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbinin qalan hissəsi təmin edilməmişdir. Bir tərəfdən də bazar qiymətlərinin artması, təhsil, hazırlıq xərclərinin olması, digər tərəfdən də uşağın böyüməsi ilə əlaqədar olaraq onların xərcləri də artmışdır. Uşaqlar məktəblidir. İddiaçı onların təhsili, hazırlıq xərclərini ödəməkdə çətinlik çəkir. İki uşağın saxlanılması üçün cəmi 50 manat məbləğində aliment çox azdır. Cavabdeh əlavə heç bir maddi yardım etmir. Halbuki hal-hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində sürücü vəzifəsində işləyir. Göründüyü kimi cavabdehin maddi vəziyyətində dəyişiklik olmuşdur. Hesab edir ki, bazar qiymətlərin artması, təhsil, hazırlıq xərclərinin olması, uşağın böyüməsi ilə əlaqədar olaraq onların xərclərinin artması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin məbləği dəyişdirilməli, hər ay bir uşağa görə 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6826/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4256/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət rüsumu qismində 63 (altmış üç) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh birinci nikahdan olan övladına görə də 80 manat məbləğində aliment ödədiyini qeyd etsə də, qeyd edilən halı təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmiş, eyni zamanda elektron məhkəmə informasiya sitsemindən cavabdehlə bağlı digər məhkəmə işləri ilə bağlı sorğu edilərkən belə bir məhkəmə qətnaməsinin mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Cavabdehin başqa bir övladının olduğunu və eyni zamanda hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. 6.Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 78.2, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6826/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə normalara istinad etsə də onları düzgün təfsir etməmiş və birtərəfli mövqe nümayiş etdirmişdir. Belə ki, məhkəmə əvvəlki qətnamə ilə ondan uşaqların saxlanılması üçün 50 manat sabit pul məbləğində alimentin tutulmasına qərar vermişdir. Lakin yetərincə əsas olmadan məhkəmə aliment məbləğini dəfələrlə artırmış və bu da onun maddi vəziyyəti ilə bir araya sığmır. Belə ki, ona 640 manat əmək haqqı yazılsa da o təmiz 520 manat əmək haqqı alır və bu əmək haqqı onun Qarabağ İqtisadi zonasında kirayə, kommunal xərclərinə sərf olunur, əldə qalan vəsait onun yeməyə olan tələbatıını belə ödəmədiyi halda məhkəmənin birdən-birə 50 manat alimenti 380 manat aliment civarında artırması onun bu ərazidə işləməsi və qalmasına ciddi əngəllər yaradır, bundan başqa qarşı tərəf işləyir və onun aylıq gəliri cavabehin gəlirindən 2 dəfədən də artıqdır. Lakin məhkəmə bu halları, cavabdehin öhdəsində digər bir övladının olmasını, ona aliment ödəməsini nəzərə almayaraq bu qanunsuz qətnaməni çıxarmışdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Lakin məhkəmə birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirməklə bu mübahisəyə qiymət vermiş, tətbiq etdiyi maddi normaları düzgün təfsir etməmiş, nəticədə qanunsuz qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, oğlunun aldığı təmin əmək haqqı 520 manatdır, onun 80 manatı bir övladının saxlanması üçün tutulur. Aldığı əmək haqqı öz tələbatını ödəmir. Üçüncü dəfə ailə qurub. Alimentin aşağı salınmasını istəyir, əvvəl hər uşaq üçün 50 manat ödənilib, hazırda 70 manat müəyyən edilməsini istəyir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, uşaqlar buraxılış imtahanına hazırlaşır, tədrislə bağlı əlavə hazırlığa gedirlər, hər müəllimə 70 manat ödəyirlər. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.
İşdə olan sübutlar
12. AZ-İİ 954094 və AZ-İİ 208233 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 xx.xx.2008-ci ildə, X8 isə xx.xx.2009-cu ildə doğulmuşdur. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır.
13. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4256/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2010 saylı, 21 iyun 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılması, 02 fevral 2008-ci il təvəllüdlü X7 və 14 fevral 2009-cu il təvəllüdlü X1 üçün 03 noyabr 2010-cu il tarixdən başlayaraq hər ay X2 ümumilikdə 50 manat sabit pul məbləğində aliment tutularaq, X6 verilməsi qət edilmişdir.
14. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı “Respublika Təcili və X9 Mərkəzi“ publik hüquqi şəxsində tibbi bacısı işləyir, aylıq əmək haqqı 1242,8 manat təşkil edir.
15. Cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsində sürücü işləyir, aylıq əmək haqqı 648 manat təşkil edir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18.“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
1.0.1. minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. 1.0.2. yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
19. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.
20. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-cü il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir.
21. "Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
23.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 dekabr 2024-cü il tarixli Qərarının 8.4-1.-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-3.-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Həmin Qərarın “8.11-1-ci bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
25. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
26. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6826/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı arıtırılmış alimentin məbləği və alimentin hesablanmasının tarixi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6826/2024 nömrəli qətnaməsi dəyişdirilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
28. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş 50 manat məbləğindəki aliment 2010-cu ilin dekabr ayında, yəni uşaqların 2-3 yaşları olan zaman tutulmuş, hazırda isə uşaqların 16 və 17 yaşları tamam olmuşdur ki, həmin tarixdən sonra respublikada yaşayış minimumu dəfələrlə dəyişilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Həmçinin cavabdeh tərəfindən təklif edilən 70 manatlıq məbləğ 15 il müddətdən sonra uşağın artan tələbatını qarşılanması üçün yetərli sayıla bilməz.
29. Məhkəmə kollegiyası cavabdehin başqa nikahından olan övladına hər ay 80 manat aliment ödəməsi, yenidən nikaha girməsi barədə şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh qeyd edilən hallara istinad etsə də bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. 30.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti-insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2025-ci il üçün isə müəyyən edilmiş 246 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Digər tərəfdən isə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
31. İş materiallarından görünür ki, iddiaçı tibb bacısı işləyir, 1242 manat əmək haqqı alır, cavabdeh isə sürücü işləyir və 648 manat əmək haqqı alır.
32. Məhkəmə kollegiyası tərəflərin hər ikisinin uşaqlarını saxlamaq vəzifəsini, təxminən 15 il ərzində uşaqların saxlanma xərcinin əsasən iddiaçı ananın üzərinə düşməsini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün müəyyən edilmiş minumum əmək haqqı məbləğinin 0,40 misli miqdarında aliment tutulub İddiaçı verilməlidir. Həmçinin, alimentin məbləğinin tutulma vaxtı “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 dekabr 2024-cü il tarixli qərarının 8.11-1-ci bəndinə əsasən iddia ərizəsinin verildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən müəyyən edilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6826/2024 nömrəli qətnaməsi dəyişdirilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6826/2024 nömrəli qətnaməsi aliment məbləiğinin tutulması və alimentin hesablanması hissəsində dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 (sıfır tam yüzdə qırx) misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.