Məhkəmə qərarları › İş №2(105)-367/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-367/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-367/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-1673/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-1673/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilib, Cavabdeh 22.000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulmuşdur. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-1673/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 24.10.2017-ci il tarixdə 1 il müddətinə 22.000 manat məbləğində borc pul vermiş, pul verilərkən aralarında 24.10.2017-ci il tarixdə Bakı şəhəri, 16 saylı notariat kontorunda kredit müqaviləsi bağlamışlar. Cavabdeh verdiyi borc pulu borc müqaviləsinin 2-ci bəndinə əsasən 24.10.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməmiş və aldığı pulu qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 03 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbinə məhkəmədə baxılarkən bilərəkdən məhkəmənin vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməmişdir, nəticədə çəkişmə prinsipinə riayət olunmadan, qaldırılmış iddia üzrə işin halları araşdırılmadan əsassız qətnamə qəbul edilmişdir. Qətnamədə qeyd olunur ki, ona qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmişdir, lakin guya onun faktiki olduğu yer məlum olmadığından Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdeh kimi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu kobud qanun pozuntusudur. Hazırda bütün məhkəmələr elektron sistemlə işə baxırlar, tərəflərə məhkəmənin vaxtı və yeri barədə rəsmi məlumatlar mesaj ilə tərəflərə göndərilərək rəsmi məlumat verilir. İddiaç, ona məxsus mobil telefon nömrəsini əzbər bildiyi halda, ona məhkəmə iclasının vaxtı və yeri barədə bir dəfə də, olsun məlumat verilməmişdir. İş üzrə heç bir qanuni araşdırma aparılmadığından məhkəməyə istinad olunan 27.10.2017-ci il tarixli kredit müqaviləsinin nə üçün, hansı şəraitdə rəsmləşdirilməsi və əsil pul ödəməli şəxsin kim olduğu məlum olmamışdır. İddiaçı çox yaxşı bilir ki, qeyd olunan kredit müqaviləsi onun adına formal olaraq bağlanmışdır. Belə ki, iddiaçı onun nümayəndəsi olduğu və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndidilən şəxs X1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşdur. Həmin cinayət işinə məhkəmədə baxılması zamanı X4 həbsdə olmuşdur və həmişə də bütün ziyanları ödəyəcəyini bildirmişdir. X4 həbsdə olduğu üçün onun həbc cəzası almaması və zərərçəkənlərin pulunu ödəyə bilməsi üçün qeyd olunan kredit müqaviləsi formal olaraq onun adından bağlanmışdır və iddiaçı razı olmuşdur ki, bu vasitə ilə Yasəmən həbs olunmasın və çıxdıqdan sonra onların pulunu hissə-hissə ödəsin. Bu qeyd olunanların tam həqiqət olduğunu, həm kredir müqaviləsinin həm də iddiaçının notarial qaydada, X4 tərəfindən onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir iddia və tələblərinin olmadığı və gələcəkdə də olmayacağını bildirmələri barədə verdikləri ərizələrinin eyni notariusda və eyni tarixdə verilməsi bir daha təsdiq edir. Bundan başqa onun məhkəmə iclası barədə məlumatı olsa idi, X2 məhkəməyə dəvət edərək, işin həqiqi halları barədə məhkəməyə məlumat verməsini təmin edərdi. Lakin təəssüf ki, məhkəmə tərəfindən qanun pozuntusuna yol verilərək onun bu hüququnun həyata keçirilməsinin qarşısı alınmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan 24.10.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 22.000 manat məbləğində pulu borc vermiş, «Borc alan» krediti 24.10.2018-ci il tarixədək «Borc verənə» qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, 24.10.2017ci il tarixli kredit müqaviləsinin Cavabdeh tərəfindən imzalanması təsdiqini tapsa da, cavabdeh kredit müqaviləsinin formal olaraq bağlanmasını və cinayət işi üzrə yaranan hüquq münasibətlərini pərdələmək məqsədi daşıdığını bildirmişdir. Nəzərə alınmalıdır ki, mövcud kredit müqaviləsi qüvvədədir və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Cavabdeh müqavilənin tərəfi olmaqla müqavilə üzrə öhdəlik daşımaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır və cavabdeh əldə etdiklərini məhrum olana qaytarmalıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvanına rəsmi məhkəmə bildirişi göndərilsə də, işdə olan zərflərin üzərində olan qeydlərdən müəyyən olur ki, zərflər “ünvançı köçüb” qeydi ilə geri qaytarılmışdır. İş materiallarının 25-ci səhifəsində Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi barədə bildiriş mövcud olsa da, həmin bildirişin cavabdehə göndərilməsi və ya alınması barədə heç bir sənəd mövcud deyildir. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin,apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPMnin 135-ci maddəsinə əsasən,sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmış, bununla da çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı bu hal aradan qaldırılmış, cavadeh Cavabdeh istifadəsində olan mobil telefon nömrəsinə rəsmi “sms bildiriş” göndərilməklə məhkəmə iclasında iştirakının təmin edilməsi ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Məhkəmə kollegiyası heab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilib, Cavabdeh 22.000 manat pul İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub, İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 387.2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-1673/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 22.000 (iyirmi iki min) manat pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 22.030 (iyirmi iki min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar