Məhkəmə qərarları › İş №2(105)-367/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-367/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-367/2024 12.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, X4 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-4614/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ərizənin təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli **********0531 saylı restrukturizasiya müqaviləsi üzrə 2493.55 (iki min dörd yüz doxsan üç manat əlli beş qəpik) manat əsas, 10.34 (on manat otuz dörd qəpik) manat faiz olmaqla, cəmi 2503.89 (iki min beş yüz üç manat səksən doqquz qəpik) manat borc və 45.04 (qırx beş manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumu "xxxx" Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli **********0531 saylı restrukturizasiya müqaviləsi üzrə 2493.55 manat əsas, 10.34 manat faiz olmaqla, cəmi 2503.89 manat borc və 45.04 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Finca Azərbaycan BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0531 saylı restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə illik 1 faiz dərəcəsi ilə, 1 il güzəşt müddəti təyin edilməklə 5 il müddətinə 3376,20 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun bir il güzəşt müddətində hər ay 2.91 manat, dörd il müddətində isə hər ay 71.80 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, banka olan borc ödənilməmişdir. xx.xx.2023-cü il tarixə borclunun kredit müqaviləsi üzrə 2493.55 manat əsas, 10.34 manat cərimə olmaqla, cəmi 2503.89 manat əsas kredit borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abbasov X2 Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin çııxışında Mərkəzi Banka bildirdi ki,vətəndaşlara kredit faziləri və cərimələr dayandırılsın. Həmçinin prezidentin xüsusi fərmanı ilə dollar kreditlərinə görə hesablanmış faizlərin silinməsi banklar qarşısında öhdəlik olaraq qoyulmuşdur. İddiaçı bank isə bütün dünyada pandemiya, xəstəliklərin yayılması ilə əlaqədar iş yerlərində qapanma, xüsusi icazə rejimi haqqında qərarların olması bank nəinki hər hansı güzəştə getmir əlavə faizlərin də ondan tutularaq ödənilməsini tələb etmişdir. Hazırki apellyasiya şikayətinə əlavə etdiyi ödəniş cədvəlindən də görünür ki, onun iddiaçıya ödəməli olduğu borc 1649 manatdır. Xüsusilə qeyd edir ki, hər ay Milliön ödəniş terminallarından ödənişlərini etmiş və həmin ödəniş cədvəli də hazırkı şikayətə əlavə olunub. Lakin iddiaçı tərəf bu ödənişlərinə məhəl qoymamış, ona artıq məbləğ hesablamış eləcə də məhkəmədə baxılarkən onun ödənişləri və sistemdə göstərilən qalıq borcun 1649 manat olması nəzərə alınmamışdır. Lakin məhkəmə müqavilə ilə kredit borcundan yaranmış borca dair iddiaçı tərəfindən təqdim edilmiş sənədləri araşdıran zaman onun kredit tarixçəsi barədə məlmatlar sənədlərinə eləcə də ödənilmiş cədvəl üzrə borc məbləğlərini nəzərə almamışdır. Təyin olunmuş 2493.55 manat borc məbləği ilə qəti razı deyil. Onun banka olan borcu 844 manat çox hesablamışdır. Çünki onun kredit tarixçəsində qalıq borc 1649 manat göstərilir. Əgər elə olmasaydı Milliön ödəniş terminalında sonuncu ödənişi edərkən 1649 manat qalıq borc yazılmazdı. Məhkəmənin bu halı araşdırmaması vətəndaşa qarşı qərəzli mövqeyi qəbuledilməzdir. Hesablanmış 2493.55 manat pul məbləği şişirdilmiş bir məbləğdir. Məhkəmənin qət etdiyi 2503.89 manat məbləğindən 844 manat artıq hesablanmış pul və faiz silinməlidir. Apellyasiya şikayətinə əlavə etdiyi ödəniş cədvəllərinə əsasən onun hər ay borcundan ödədiyi görünür. Lakin ödənişləri nəzərə alınmamış qalıq borcu 1649 manat olsa da səhv hesablanma aparılmışdır. İşə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməməsi, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Cavabdeh tərəfindən 844 manat məbləğində əsas və faiz borcunun tutulmasını mübahisələndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi kredit borcunun tutulması barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli **********0531 saylı restrukturizasiya müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə illik 1 faiz dərəcəsi ilə, 1 il güzəşt müddəti təyin edilməklə 5 il müddətinə 3376,20 manat kredit verilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Cavabdehin etirazından da göründüyü kimi sonuncu kredit müqavilələri üzrə pulun ona verilməsini deyil, məhkəmənin qətnaməsində göstərilən 2503,89 manat məbləğin 844 manat artıq hesablanmış məbləğin silinməsini xahiş edir. Lakin sübut etmək yükü üzərinə düşən cavabdeh bunu təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar