Məhkəmə qərarları › İş №2(105)-3686/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3686/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3686/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin sədri X3, cavabdeh “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X1 və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şabran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(031)-715/2021 saylı qətnaməsindən cavabdeh “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(031)-715/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) iddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin cavabdeh “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinə qarşı icarə müqavilələrinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Şabran rayonu Dəvəçi bələdiyyəsi ilə “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətindən 11045 manat icarə haqqı borcunun alınaraq Şabran rayonu Dəvəçi bələdiyyəsinə ödənilməsi qət edilmiş, cavabdeh “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Şabran rayonu Dəvəçi bələdiyyəsi iddia ilə məhkəməyə müraciət edərək bələdiyyə ilə “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətindən 11045 manat icarə haqqı borcunun alınaraq Şabran rayonu Dəvəçi bələdiyyəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Şabran rayonu Dəvəçi bələdiyyəsi ilə bağlanmış 02 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən bələdiyyə icarə əsasında 189,7 hektar torpaq sahəsini “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinə 49 il müddətinə icarəyə vermişdir. İcarəçi həmin torpaq sahəsinə görə hər il 2026 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Şabran rayonu Dəvəçi bələdiyyəsi ilə “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyəti arasında 15 may 2020-ci il tarixdə yenidən həmin 189,7035 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən bələdiyyə 189,7035 ha torpaq sahəsini 49 il müddətinə “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinə icarəyə vermişdir. İcarə haqqı 15 may 2020-ci il tarixdən hesablanmış, icarəçi hər il 9485 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 02 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən 3 illik müddət üzrə icarəçi 6078 manat ödəməli olduğu halda, 2500 manat icarə haqqı ödəmiş və 3578 manat icarə haqqı borcu ödənilməmiş qalmışdır. 15 may 2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəçi 9485 manat ödəməli olduğu halda, 2018 manat icarə haqqı ödəmiş və 7467 manat icarə haqqı borcu ödənilməmiş qalmışdır. İcarəçi hər iki icarə müqaviləsi üzrə uzun müddət icarə haqqını üzürlü səbəb olmadan ödəməmiş, 11045 manat icarə haqqı borcu yaranmışdır. Həmçinin qeyd olunan torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmadan saxlanılmış, torpaq vergisi ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətində işi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə qiymət verilməklə iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin sədri X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinə qarşı icarə müqavilələrinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. İş materiallarında olan 02 mart 2017-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Şabran rayonu Dəvəçi bələdiyyəsi tərəfindən 189,7 hektar torpaq sahəsi 49 il müddətinə illik icarə haqqı 2026 manat olmaqla, “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7035 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında Şabran rayonu Dəvəçi bələdiyyəsinin adına 30.05.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 15 may 2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Şabran rayonu Dəvəçi bələdiyyəsi tərəfindən 189,7035 hektar torpaq sahəsi 49 il müddətinə illik icarə haqqı 9485 manat olmaqla, “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmişdir. İş materiallarında olan Şabran rayonu Dəvəçi bələdiyyəsinin 13 sentyabr 2021-ci il tarixli, 134 saylı arayışından görünür ki, “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinin Dəvəçi bələdiyyəsinə 02.03.2017-ci il tarixdən 26.07.2021-ci il tarixə, ümumilikdə 11045 manat icarə borcu vardır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti müəyyən edilərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır və qanun bu meyarların hər üçünün qarşılıqlı bağlılığını tələb edir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İşdən görünür ki, iddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsidir və vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. İş üzrə cavabdeh “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyəti isə hüquqi şəxsdir və vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələriinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 11-ci bəndində göstərilir ki, MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşdən görünür ki, iddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsi 15 may 2020-ci il tarixli icarə müqaviləsini mübahisələndirir. Həmin icarə müqaviləsinin 1.5-ci bəndinə əsasən 189,7035 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və istehsalı məqsədilə icarə verilmişdir və bu mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələriinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 12-ci bəndində əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin Qərarın 16 və 17-ci bəndlərinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. MPMin 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən hazırki mübahisəyə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən halları araşdırmamış, hazırki işə baxmağa hüququ olmadığı halda, işə baxaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə görə işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, məhkəmə aidiyyəti qaydaları pozulmuş, nəticədə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(031)-715/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin cavabdeh “Çıraqqala Aqro” məhdud məsuliyyətli cəmiyyətinə qarşı icarə müqavilələrinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar