Məhkəmə qərarları › İş №2(105)-370/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-370/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-370/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ilkin İddiaçı, onun nümayəndəsi vəkil X2, qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İlkin İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab olunmasına dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı qarşı borc tələbinə dair qarşılıqlı iddiası üzrə Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)- 343/2020 saylı qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab olunmasına dair ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 50000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair ilk iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X4 arasında bağlanmış xx xxxxxx 2016- cı il tarixli “krediti müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2016-cı il tarixində 4 il müddətində Cavabdeh və İddiaçı arasında Bakı şəhəri 19 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya guya 50000 manat məbləğində borc pul vermişdir. Halbuki, əslində iddiaçı ilə cavabdeh arasında bağlanan kredit müqaviləsi ortada müvəqqəti razılaşma xarakteri olmuşdur. Çünkü cavabdeh atasının nikahsız arvadıdır. Özü uşaq olanda atası Rafiqlə Səbirənin yaxın əlaqələri olub, cavabdehlə atası 1979-cu ildə tanış olublar, özyazdığına görə 1983-cü ildən yaxın münasibətdə olublar, onlar bir yerdə işləyiblər atası onu gizli ikinci arvadı (qeyri rəsmi ər-arvad) kimi saxlayıb, eşitdiyinə görə ona öz ata evlərinin yaxınlığında Şamaxı şəhərində ev alıb, 1990-cı ildə atası cavabdehə Bakı şəhərində 2 otaqlı mənzil alıb və 1992-ci ildə bunların bir oğlu olub adınıda Cavid qoyublar. Bunların aralarında arada söz-söhbət olduğu üçün atasından atalıq faktının müəyyən edilməsinə dair və aliment tələbinə dair Binəqədi rayon Xalq Məhkəməsinə müraciət etmişdir. Eşitdiyinə görə cavabdehlə atası qeyri rəsmi ər-arvad olduqları üçün gah küsüb gah da barışıblar. 1998-ci ildə atası Qobustanda un dəyirmanı tikdirəndə həmin özü aldığı evi banka müvəqqəti girov qoymuşdur. Bankla aralarında mübahisə yarandığına görə banka qoyulan evləri girovdan çıxartmışlar. Bunların aralarının yaxşı vaxtlarında cavabdehin anasının Suraxanı rayonunda adına olan evi fiziki şəxsə girov qoyub faizlə pul götürüblər, sonra Beynalxalq Bankda depozitdə olan pulu öz aralarında razılaşaraq götürüblər. Atası ikinci qrup əlildir və şəkərli diabet xəstəsidir. Atası təxmini 2014-cü Novxanıda Abdulla adlı şəxsdən bağ evinin alınması üçün ona 17500 ABŞ dolları pul vermişdir. Həmin ev boş olduğu üçün ev sahibi bunların orda qalmasına razılıq veribmiş, bunlar bir müddət orda qaldıqdan sonra atasının işləri alınmadığından evin pulunu tam verə bilməyib. Bunlar arasında yenə küskünlük başlayıb atasının Xəzər rayon prokrorluğunda cinayət işi olduğu üçün ora şikayət verib. Mülki iş olduğu üçün Xəzər rayon prokrorluğu işə baxmayıb. Atası həbs olunandan sonra atasına çatası 17500 ABŞ dolları Səbirə Abdulladan almışdır. Sonra Səbirə atasından şikayət etdiyi üçün Ağır Cinayətlər Məhkəməsinə dəfələrlə yazılı poçtla atası xəstə olduğu üçün uşağının atası olduğu üçün şikayətinə baxılmamasını və geri götürməsini yazmışdır. Hakim həmin ərizəni notarius təsdiqi ilə istəmişdir. Səbirə ilə dəfələrlə görüşmüş, o da öz ərinin buraxılmasını istəyirdi. O, belə razılaşmışdır kim atasından heç bir şikayəti olmaması barədə həmin məhkəməyə ərizə verir ona 50000 manat dəyərində borc müqaviləsi bağlayırlar, eyni zamanda müqaviləni bağlayarkən onunla da belə razılaşmışdır ki, atası buraxılsın sonra atasının özü ilə necə istəyir elə müqavilə bağlayar onun müqaviləsi ləgv olunar. Atasına məxsus yol qırağında olan un dəyirmanı kompleksi yol tikintisi ilə əlaqədar olaraq plana düşürdü. Həmin binanın sənədləri hazırlanırdı ki, kompensasiya hesablansın. Həmin vaxtlar söz vermişdir ki, kompensasiya ayrılsın nə veriləcəksə hamsını ona yəni cavabdehə verəcəklər. Həmin ərizədən sonra Məhkəmə atasına 8 il 6 ay iş kəsmişdir. Atasına məxsus ikinci qrup əlil pensiya kartı da Xəzər rayonuna şikayət edəndə onların dolanışığı üçün Səbirəyə verilmişdir. O vaxtdan hal-hazıra kimi pensiya kartı Səbirədədir. Atası 1 il 4 ay cəzasını çəkmiş və Apeliyasiya Məhkəməsinin qərarı ilə həbsdən buraxılmışdır. Dəfələrlə bunları bir araya gətirmək istəmiş, Səbirə razılaşmamışdır çünki atası xəstə olduğu üçün və yenə dəfələrlə zəng edərək “mənim pulum səndədi gətir pulu ver” telefonda ata, anasının dalınca nalayıq söyüşlər işlətmişdir. Dəfələrlə ona kompensasiyanın verilməsində problemlər olduğunu söyləmişdir. Bu günə kimi də kompensasiya ayrılıb amma heç kimə ödənməyib. 2020-ci ilin yanvar ayının 10-da Cavabdeh zəng edib pulu niyə vermirsən söyləmiş, ona bildirmişdir ki, razılaşmaya görə pulu atadan almalı olduğunu bildirmişdir. Cavabdeh də cavabında ona, atasının arxasınca nalayiq söyüşlər və ifadələr işlətmiş hədə-qorxu gələrək onu polisə, məhkəməyə verib borcu üzərinə qoydurmaqla bütün maaşını özünə kəsdirəcəyini söyləmişdir. Cavabdehə bildirmişdir ki, kimə pulunu verib, gedib ondan alsın, öz ailəsini güclə saxlayır. Kənddə 5 ailə bir yerdə yaşayırdılar, 2012-ci ildə banklardan kredit götürməklə kənddə özlərinə ev tikmiş, ailədə dörd nəfərdirlər. Yoldaşı və 2 qızı, azyaşlı uşaqları vardır. Aldığı məvaciblə ailəsinin dolanışığına, özünün yol xərcinə, kirayədə yaşamağına, banklara olan kredit ödənişinə güclə çatır. Cavabdeh borcun hazırkı müqavilə üzrə icra qeydi əsasında alınması ilə əlaqədar Notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə 13 saylı, xx.xx.2020-ci il tarixdə 24 saylı və xx.xx.2020- ci il tarixdə 38 saylı xəbərdarlıqlarla müqavilə üzrə borcu 10 gün müddətində qaytarması, əks təqdirdə icra qaydasında məcburi icraya yönəldiləcəyi bildirilmişdir. Cavabdehin atası ilə aralarında olan pul məsələnin onun hesabına geri qaytarılması istəyinin ciddi olduğu ona Notariat orqanı tərəfindən xəbərdarlıq məktubları gəldikdən sonra aydın olmuşdur. Belə olduğu halda hesab edir ki, cavabdehin əvvəldən atadan almalı olacağını bildiyi borcun məcbur olaraq bağlanan müqavilə ilə atasından deyil ondan almaq istəyi qanuvericiliklə hüquq və mənafeylərinin pozulması kimi qiymətləndirilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın tamamilə rədd olunması və qarşılıqlı iddia yəni kredit müqaviləsi üzrə alınmış 50000 manat borc pul və ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı Rafiq oğlundan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onununla əsaslandırılmışdır ki, guya həmin tarixdə atası X1 məhkəmədə olan cinayət işi ilə bağlı ağır duruma düşmələrindən istifadə edərək onlarla belə bir müqavilə bağlamışdır. Bu uydurma bir əqdir, bağlandığı andan etibarsız əhəmiyyətsiz olan əqddir. Eyni zamanda əsaslandırmağa çalışır ki, guya sözü gedən məbləğdə pul da heç vaxt onun olmayıb, hər şeyi onun üçün Alışov Rafiq alıb. Əlbəttə bunlar hamısı cəfəngiyyatdır. Bu gün ona olan borclarını geri qaytarmamaq üçün uydurulmuş yalanlardır. Bu məsələ çoxdan həll olunub Rafiqin onu və digərlərini aldadaraq əmlakları mənimsəməsi barədə qanuni qüvvədə olan məhkəmə hökmü var. Həmin hökm ilkin iddia üzrə iddiaçı olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunub. Raufun ona borcu var, onu ödəməlidir. Ataları həbsdən çıxandan sonra isə gəlib bu müqavilənin düzgün olmaması əsasından məhkəməyə müraciət edib müqaviləni etibarsız hesab etdirmək fikrindədir. Bəs pulunun taleyi necə olacaq. Ərizəsində göstərir ki, guya icra qeydi almaq üçün notariusa müraciət edəndə bilmişdir ki, onlardan pulu almaq fikri ciddidir. Bu səbəbdən bir növ iddia müddətinin başlamasını həmin vaxtdan hesablanmasına çalışır. Amma burda fikirləşiləsi heç nə yoxdur. Əgər məsələ iddiaçının dediyi şəkildə olubsa yəni müqavilə bağlanan zaman pul verilməyibsə bu müqavilənin həmin vaxt əhəmiyyətsiz olduğu bilinirdi. Özünü bilməyən yerinə qoysa da bunu bilməli idi. Çünki müqavilə bağlanan vaxtdan dəfələrlə Raufdan pulu ödəməsini tələb etmişdir. Dəfələrlə, notariusa gedib icra qeydi verilməsini tələb etmiş, amma bildirilmişdir ki, müqavilənin son müddəti bitənədək icra qeydi verə bilməzlər, indi isə üstündən 4 ildən də çox bir müddət keçdikdən sonra onun müqaviləni ləğv etdirmək üçün müxtəlif yalanlara, müxtəlif variantlara əl atmasının hesab edir ki, heç bir mənası yoxdur. İlkin iddia rədd olunmalı qarşılıqlı iddia təmin olunaraq 50000 manat borc pul və ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddiaçı Alışov X5 rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin rədd edilməsini ilk iddiaçı tərəfindən ilk iddia tələbi üzrə iddia müddəti keçirilməsi, cavabdehin iddia müddətinin tətbiq edilməsini xahiş etməsi, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddiaçıya 50000 manat məbləğində borcunun yarandığının tam təsdiq edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan ilkin iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İddiaçı əslində cavabdehlə arasında bağlanan kredit müqaviləsinin ortada müvəqqəti razılaşma xarakterli və atası Rafiq Alışovun törətdiyi cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı olmasını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli krediti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi ilkin iddia tələbi müqavilənin etibarsızlığı, qarşılıqlı iddia tələbi isə borcun qaytarılması barədədir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, əqdin etibarsızlığının əsasları Mülki Məcəllənin XİV fəslində göstərilmişdir. Lakin hazırki iş üzrə mübahisələndirilən kredit müqaviləsinin etibarsızlığı əsasları müəyyən edilmir. İlkin iddiaçının bu müqavilənin atası Rafiq Alışovun borcu məqsədilə bağlanması barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli kredit müqaviləsi bağlansa da, Rafiq Alışovun barəsində olan cinayət işi mahiyyəti üzrə həll edilərkən qarşılıqlı iddiaçı Cavabdeh ona qarşı pul tələbindən imtina etməmiş, bu barədə olan mülki iddiası yalnız yazılı müraciətinə əsasən baxılmamış saxlanılmışdır. Odur ki, Rafiq Alışovun törətdiyi cinayət əməli nəticəsində vurulmuş zərərlə, ilk iddiaçının qaytarmalı olduğu borc vəsaitinin eyni vəsait olması və mübahisəli kredit müqaviləsinin Cavabdeh Rafiq Alışovdan şikayəti olmaması barədə məhkəməyə ərizə verməsi üçün formal olaraq bağlanmasına dair ilkin iddiaçının göstərdikləri dəlillərin işin hallarına uyğun olmadığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, notarius mövcud müqaviləni təsdiq edərkən məzmununu və hüquqi nəticələrini tərəflərə izah etmişdir. Bu hallar kredit müqaviləsi bağlandığı vaxt verilmiş pul vəsaitini qaytarmaq öhdəliyinin özünə aid olduğunun ilkin iddiaçıya bəlli olmuş, lakin İddiaçı bu müddət ərzində cavabdehin kredit müqaviləsi üzrə öhdəliyin icra etməməsini mübahisələndirməmişdir. Bu da Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etdiyini bir daha təsdiq edir. Mülki Məcəllənin 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1 maddəsi). Mülki Məcəllənin 427.3. maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi ilkin iddiaçı Cavabdeh borclu olduğu və həmin borcu xx xxxxxx 2020-ci il tarixədək qaytaracağına dair götürmüş olduğu öhdəliyi yerinə yetirmədiyindən, ilkin iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddiaçının müddətin tətbiqi barədə ərizəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 354.2. maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti yox, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu mənada iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinə zərurət yoxdur. Məhkəmə özü bu maddəni tətbiq edib iddianı rədd edə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar