Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-370/2025 23.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X6 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X28 Süleymanovanın sədrliyi və məruzəsi, X5 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdehin nümayəndəsi və vəkili X26, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X6 qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(027)-433/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Amsar kəndində yerləşən yaşayış sahəsinin yaxşılaşdırılması və əsaslı təmiri ilə bağlı çəkilmiş xərclərin dəyəri olaraq 8792 (səkkiz min yeddi yüz doxsan iki) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 88 (səksən səkkiz) manat ödənişin cavabdeh X2 alınaraq iddiçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bundan sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Quba rayonu Amsar kəndində yerləşən yaşayış sahəsinin yaxşılaşdırılması və əsaslı təmiri ilə bağlı çəkilmiş xərclərin dəyəri olaraq 14000 (on dörd min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 132 (yüz otuz iki) manat ödənişin cavabdeh X2 alınaraq iddiçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mübahisə predmeti olan yaşayış sahəsində yaşayış sahəsinin inşa edildiyi gündən yaşamışdır. O, 1984-cü ildə ailə həyatı qurmuş və həyat yoldaşı Sultanova Səyyarə ilə birlikdə mübahisə predmeti olan mənzildə yaşamışdır. Həmin yaşayış sahəsi onun atası Hacıyev Musaya məxsus olmuş və daha sonra iddiaçı ailəsi ilə birlikdə həmin yaşayış sahəsində yaşamağa davam etmişdir. 1984-cü ildə İddiaçı1 yaşayış sahəsində öz vəsaiti hesabına artırma etmiş və həmin artırılmış sahə hazırda cavabdehə məxsus hüquqların dövlət reyestrindən çıxarışda da öz əksini tapmışdır. Hazırda həmin yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. İddiaçı1 Həmin yaşayış sahəsinə ümumilikdə 4933 manat o cümlədən; dəmir boru 12 ədəd * 40 manat=480 man, dəmir boru (böyük diametrli) 2 ədəd *80 man =160 man, 2 ədəd 7 metrlik boru *70 man = 140 man, artırmanın döşəməsinə atılan dirəklərin sayı 8 ədəd * 15 man =120 man, 2 kubmetr taxta*250 man=500 man, artırmanın döşəməsinin dikləri 6 ədəd dik*25 man=150 man, evin içəri hissəsinin işlənməsi ümumi 500 man, divarların hörülməsi üçün kərpişlərin sayı 2412*30 qəp= 723 man, artırmanın tavanına işlənmiş di rklə rin sayı 8*15 man- 120 man, tavanın taxta ilə işlənməsi 2 kubmetr taxta*250 man=500 man, evin üstünün örtülməsi üçün istifadə edilən dirəklər 34*5=170 man, 50 ədəd şifer*3 man=150 man, 2 ədəd pəncərə 50*2 =100 man, 1 ədəd qapı= 100 man, mismar+100 man, tikinti üçün ustaya ödənilmiş vəsait=1000 manat təşkil etmişdir. Digər İddiaçı2 mübahisə predmeti olan yaşayış sahəsində anadan olduğu andan yaşamışdır və hazırda da orada yaşayır. O, həmin yaşayış sahəsinin bir hissəsinin əsaslı təmiri ilə bağlı xərc çəkib. Həmin xərclər 10 kisə sement* 6.5 man= 65 man, 30 kq mismar* 1.5 man=45 man, 60 kq məftil* 1.4 man=84 man, 1 lafet qum= 150 man, Ustaya sərf olunan vəsait= 232 man, 10 kisə sement*6.5 man= 65 man, daş örtükün kürünməsi və beton tökülməsini As50 man, divarların işlənməsi: ağdağ 15 kisə*8,5 man=127,5 man, elektrik xətlərinin çəkilməsi hər iki mərtəbə = 150 man, ikinci mərtəbənin qara suvaq işləri=300 man, diklərin döşəməyə vurulması=8 əd*16 =128 man, dikin altının taxtaları 100 metr*80 qəp=80 man, diklərin dəyirmi mismarları=36 man, tavana alçipan vurulması 8 ədəd*9 man=72 man, divarların suvanması və hörgüsü 20 kisə ağdağ*7 man=140 man, ustaya ödənilən vəsait 56 kvm*4 man =156 man, divarların qaşınması=150 man, sanitar qovşağın tikilməsi üçün mişar daşı 400 əd*60 qəp=240 man 19.Sanitar qovşağın tavanın işlənməsi=200 man təşkil edir. Onlar mübahisə predmeti olan yaşayış sahəsində yaxşılaşdırmalar aparmış, onu əsaslı təmir etmişdir. Bu tərtib edilmiş aktda öz əksini tapır. Cavabdeh iddiaçıların qeyd edilən yaşayış sahəsindən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddiaçıların yaşayış sahəsinə ödədikləri vəsait kompensasiya edilməlidir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, qapı-pəncərə ustası kimi işləyir və həmkəndlisi olan iddiaçıların sifarişi ilə onların evində usta işləyib, qapı pəncərə qoymuşdur. 4 ədəd pəncərə, 1 ədəd qapı, 1 ədəd də nəfəslik yığmışdır. Pəncərə və nəfəsliyə görə 500 manat, qapıya görə isə 200 manat zəhmət haqqını Babəkdə almışdır.
6. Şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, iddiaçılar onun həmkəndlisidirlər və Coşqunla birlikdə qapı-pəncərə ustası kimi işləyir. İddiaçıların evinə qapı pəncərəni bir yerdə qoyublar. Həmin vaxt həmin evdə başqa təmir işləri görən ustalar da işləyib, birdə Babək kişinin öz ailəsi və oğlu orda olmuşdur.
7. X1, X13 və X8 ifadələrində bildirmişdilər ki, sözü gedən evdə təmir-tikinti işləri görmüşlər və gördükləri işlərin müqabilində onlara zəhmət haqqlarını İddiaçı1 vermişdir.
8. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********20- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, ünvan 2ində 0.12 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 165.7 kv.m olan fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyesterində 50 nömrəli reyestr kitabını 7 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. 06 noyabr 2023-cü il tarixində tərtib olunmuş aktdan göründüyü kimi, imza edən şəxslər bildirir ki, İddiaçı1 onun həyat yoldaşı X9, X15 və İddiaçı2 bizim qonşularımızdır. İddiaçı1 1960-cı ildən, X9 ailə həyatı qurduğu 1986-cı ildən, İddiaçı2 doğulduğu xx.xx.1992-ci il tarixdən və X15 2016-cı il tarixdən Amsar kəndində yerləşən yaşayış sahəsində yaşayırlar. Həmin yaşayış sahəsi İddiaçı1 tərəfindən əsaslı təmir edilmiş və yaşayış sahəsinə öz hesabına eyvan artırılmışdır. Bundan əlavə həmin ünvanda yaşayan İddiaçı2 həmin yaşayış sahəsində yerləşən 1 otağı toy şənliyi ilə bağlı öz hesabına əsaslı təmir etmişdir.” Aktın doğruluğu X18, X33, X16 və X19 tərəfindən imzalanaraq təsdiq edilmişdir.
10. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər İddiaçı1, X10, İddiaçı2, X15, X25 və X30 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və onlar X3 məxsus ünvan 2ində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli ekspert 3-16-xx/xx/1111 saylı rəyinə əsasən, Quba rayonu Amsar kəndində yerləşən tədqiqi olunan yaşayış evində təqdim edilmiş tikililərdə aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribən bazar qiymətlərinə uyğun olaraq, 12776 manat müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Quba Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(027)-433/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddianın qismən təmin edilməsi, X2 12776 (on iki min yeddi yüz yetmiş altı) manat və 88 (səksən səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu üzrə ödənilməli qalıq hissə - 40 (qırx) manat 33 qəpik pulun X2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1094, 385, 157.6, 157.7 və 158.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Quba Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(027)-433/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla ünvan 2i ünvanında yerləşən 165,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 ha torpaq sahəsi cavabdehə məxsusdur. Cavabdehlər ailə üzvləri ilə həmin torpaq sahəsində olan evdə müvəqqəti olaraq yaşamışdır. Quba Rayon Məhkəməsinin 2(027)- 593/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ünvan 2ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər İddiaçı1, X10, İddiaçı2, X15, X25 və X30 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onların Cavabdeh məxsus ünvan 2ində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən hazırkı iddiaçılar apellyasiya və kassasiya şikayəti versələr də, məhkəmələrin qətnaməsi və qərarı ilə şikayətləri təmin edilməmişdir. Bundan sonra hazırkı iddiaçılar iddia ilə məhkəməyə müraciət edərək evdə yaşadıqları vaxtda evin təmirinə 8792 manat pul xərclədiklərini qeyd etmişlər. İddialarının əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6 və 157.7-ci maddəsinə əsaslandırmışlar. İş üzrə ekspertiza təyin edilmiş, iddiaçılar 8792 manat tələb etmələrinə baxmayaraq ekspert evin təmirinə çəkilmiş xərcləri tələbdən daha çox 12776 manat hesablamışdır. İddiaçılar ekspertizanın rəyi gəldikdən sonra iddia tələbinin həcmini artırmışlar. Məhkəmə ekspert rəyi həcmində iddia tələbini qismən təmin etmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verməmiş, iddiaçılardan heç bir sübut tələb etməmiş iddia tələbini qismən təmin etmişdir. İddia tələbinin rədd edilməsi üçün əsaslar aşağıdakılardır: 1. İddiaçılar evin təmirinə xərc çəkdiklərini qeyd edirlər- lakin həmin xərcin nə qədər olması barədə heç bir sübut yoxdur. Halbuki, təmir xərclərinin çəkilməsini sübut etmək üçün kifayət qədər mötəbər sübutlar olmalıdır. Bu barədə dindirilən şahidlər də, ümumi sözlərlə kifayətlənmiş, konkret olaraq iddiaçılar tərəfindən nə vaxt nə qədər xərc çəkilməsi barədə heç bir halı qeyd etməmişlər. Yalnız plastik pəncərələrlə bağlı qeyd vardır. 2. Ekspertin rəyində həmin xərcin iddiaçılar tərəfindən çəkilməsi barədə heç bir qeyd yoxdur. Ekspert rəyində qeyd edilir ki, evin təmirinə xərc çəkilmişdir. Halbuki, cavabdeh və onun ailə üzvləri də həmin evdə yaşamışdır. Lakin məhkəmə evin təmiri ilə bağlı xərcin məhz iddiaçılar tərəfindən çəkilməsi qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətə necə gəlib o aydın deyildir. Ümumiyyətlə iddiaçıların evin təmir etməsi ilə bağlı kifayət qədər sübutları yoxdur. Ev cavabdeh və onun ailəsinə aid olduğu üçün onlar da həmin evdə yaşadıqlarından təbii ki, ev tikmiş, onu təmir edərək yaşamışlar. İddiaçıların dediklərinə əsasən bu nəticəyə gəlinir ki, evi onlar tikmişlər. Halbuki, ev tamamilə yaşayış üçün yararlı olmuş, cavabdeh və onun ailəsi həmin evdə yaşamışlar. 3. Bundan başqa iddiaçılar cavabdeh və onun ailə üzvləri uzun müddət həmin evdə yaşamış, evdən istifadə etmiş, əksinə son vaxtlar cavabdehin evə mülkiyyət hüququnu həyata keçirməsini məhdudlaşdırmışlar. İddiaçı və ailə üzvləri həmin evdə yaşayaraq cavabdehin və ailə üzvlərinin mülkiyyətdən istifadə etməsinə imkan verməmişlər. Belə olan halda cavabdehə ziyan dəymişdir. 4. Bundan başqa iddiaçılar iddia tələbində Azərbaycan Respublikası MM-nin 157.6 və 157.7-ci maddələrinə əsasən pul tələb edirlər. Məhkəmə tərəfindən də həmin maddi hüquq normalarına istinad edərək iddianı təmin etmişdir. Halbuki, məhkəmə burada maddi hüquq normalarını pozmuşdur. Ona görə ki, iddiaçılar bilirmişdilər ki, ev onların deyil, müvəqqəti yaşayırlar həmin evdə, niyə o zaman özlərinin iddia etdiyi kimi evi təmir edirdilər? Ev onların olmadığı halda hansı maraqları var idi ki evi təmir edirdilər. Axı bilirdilər ki, bir gün bu evdən çıxacaqlar. Başqa bir evdə yaşayırlar. Bu isə həmin evə vicdanlı sahib olma hesab edilmir. Azərbaycan Respublikası MM-nin normalarında həm vicdanlı, həm də vicdansız sahibin əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilməsi qeyd etmişdir. Hazırkı halda cavabdehə əmlakdan hansı gəlir düşmüşdür ki, iddiaçılar həmin gəliri tələb edirlər. Bundan başqa yenə eyni normalarda yalnız vicdanlı sahibin yaxşılaşdırmaların əvəzini tələb etmək hüququnun olması qeyd edilmişdir. Hazırkı mübahisəyə isə vicdanlı sahibi aid etmək olmaz. Çünki iddiaçılar yaşadıqları evin onların olmadığını bilirmişdilər. 5. Məhkəmə qətnaməsindən də göründüyü kimi iddiaçılar 7892 manat pul tələb edirlər, ekspert rəyində özləri də istəmədən evin təmirinə çəkilmiş xərcin çox olduğunu görüb, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə vermişlər. Bu da onu göstərir ki, evin təmirini iddiaçılar etməmişlər. İddia etdikləri ilə evin təmirinə çəkilmiş xərc ümumiyyətlə uyğun gəlmir. Cavabdehlər və ailə üzvləri tövlədə yaşamamışlar ki? Onlar da bu evdə yaşamış, təbii ki, bu evin yaşayış üçün şəraiti olmuşdur. Yuxarıda qeyd etdiyi hallar isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eyni zamanda birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsidir ki, bu hal da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Quba Rayon Məhkəməsinin qətnaməsi ilə isə onun mülkiyyət hüququ kobudcasına pozulmuş, uzun müddət mülkiyyət hüququndan məhrum olunmağı bir yana öz evinə, ailəsinin etdiyi təmirə görə evində əsassız olaraq yaşayan şəxslərə pul ödəməyini qət etmişdir. Halbuki, iddiaçıların nəyi hansı pulla nə vaxt təmir etmələri barədə heç bir sübutları yoxdur. Hazırkı halda iddiaçılar bilirmişdilər ki, yaşadıqları ev onların deyil, bu zaman iddia etdikləri kimi fərz etsək belə evə nə qədər xərc çəkiblər həmin xərci tələb edə bilməzlər. Çünki xərci tələb etmək iddiasını yalnız vicdanlı sahib edə bilər. Vicdansız sahib isə həmin xərci tələb edə bilməz. Quba Rayon Məhkəməsi onun mülkiyyətində olan fərdi yaşayış evindən heç bir sübut olmadan iddiaçıların guya evə xərc çəkməsi barədə iddialarına qiymət verərək hesab edib ki, onlar evə xərc çəkmişlər. Bu zaman ekspert rəyinə istinad edib. Ekspert rəyində isə evi təmirinə xərcin çəkilməsi qeyd edilir. Bu xərcin kimin tərəfindən çəkilməsi qeyd edilmir. Bundan başqa müəyyən edilmir ki, bu ev tikilən zaman çəkilən xərcdir, yoxsa sonradan çəkilmiş xərcdir. Bütün bu hallar araşdırılmadan heç bir mötəbər sübut olmadan məhkəmə iddianı qismən təmin edib. Bu halda qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Quba Rayon Məhkəməsi tərəfindən aşağıdakı faktiki hallar aydınlaşdırılmamışdır. 1. Evin təmirinə çəkilmiş xərclərin iddiaçılar tərəfindən çəkilməsini təsdiq edilməməsi; Çünki cavabdeh və ailəsidə həmin evdə yaşamışdır. Ev onlarındır, təbii ki evi tikiblərsə onu təmir edəcəklər. 2. Ekspert rəyində xərclərin kimin tərəfindən çəkilməsini təsdiq edilməməsi; 3. Azərbaycan Respublikası MM-nin 157.7-ci maddəsində yalnız vicdanlı sahibin çəkilmiş xərcləri tələb etməsi, hazırkı halda iddiaçıların bu hala aid olmaması; bilirdirlər ki, ev onların deyil, iddia etdikləri kimi niyə təmir edirdilər? 4. İddiaçılar cavabdehin ailəsi və sonradan cavabdehə məxsus evdə yaşamaqla onların mülkiyyətdən istifadəsinə maneə yaratmış, mülkiyyətdən istifadəyə imkan verməmişlər. Səhv nəticə odur ki, iddia tələbi ilə bağlı konrekt sübut olmadığı halda, məhkəmə iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixində apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
17. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh X7 tərəfindən, Quba Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(027)-433/2024 saylı qətnaməsindən verilən apellyasiya şikayəti ilə razılaşmırlar, həmin şikayətə aşağıdakı əsaslara görə etiraz edirlər. Apellyasiya şikayətinin məzmunundan da aydın olur ki, şikayət əsasızdır. Şikayətdə qətnamədən ümumi sözlərlə narazılıq ifadə olunur. Şikayətdə yazılır ki, iş üzrə qətnamə qəbul edilərkən heç bir sübut olmadan iddia təmin edilmişdir, eyni zamanda iddiaçılar sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qanunvericiliyin qeyd olunan normasının tələbindən də görünür ki, iddia tələbinin həcmini artırmaqla müraciətləri hər hansı bir hüquq normasının pozulması kimi qiyməyləndirilə bilməz. Bildirirlər ki, həmin iş üzrə məhkəmə prosesində işin faktiki halları tam və hərtərəfli araşdırılmış, işin obyektiv tədqiqinə lazımi şərait yaradılmış və nəticədə ədalətli qərar qəbul edilmişdir. Quba Rayon Məhkəməsində işə baxılarkən onların ünvan 2ində yerləşən həmin evdə anadan olmağı, daimi qeydiyyatda olmaqla orada yaşamaqları, həmin evin yararlı vəziyyətdə saxlanılması və əsaslı təmiri üçün bütün xərclərini tərəflərindən çəkilməsi tam sübuta yetirilmişdir. Eyni zamanada mübahisənin obyektiv həll olunması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspertiza nəticəsində müvafiq rəy verilmiş və onlar tərəfindən evin əsaslı təmiri üçün çəkilən xərclərin həqiqətən sərf olunması və məbləği müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəyində qeyd olunandan fərqli olaraq, təmir xərclərinin məhz onların tərəfindən çəkilməsi iş üzrə dindirilmiş şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə tərəfindən bütün sübutlar düzgün qiymətləndirilmişdir. Cavabdeh isə əsassız iddialarla çıxış edərək hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin qərarının ləğv edilməsini xahiş edir. Beləliklə, cavabdehin apellyasiya şikayəti əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən həmin apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(027)- 433/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi Arzu Hacıyeva apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçılar evə artırma edib, bundan əlavə hamam və sanitar qovşaq tikiblər, üst mərtəbədə 1 otağın tavan və döşəməsini təmir ediblər, 4 yeni pəncərə quraşdırıblar.
19. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.
20. İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, evdə artırma etmişlər, sanitar qovşaq tikdirmişlər, 2014-cü ildə evi təmir etdirərək yeni 4 pəncərə quraşdırmış, suvağ işləri gördürmüş, həmçinin balkonun tavanını və döşəməni düzəltdirmişlər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
25. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, ünvan 2ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165.7 kvm fərdi yaşayış evinin yeganə mülkiyyətçisi cavabdehdir və iddiaçılar fərdi yaşayış evində yaşadıqları müddətdə öz vəsaitləri hesabına hazırda ayrıla bilinməyən yaxşılaşdırmalar etmişlər. İddiaçılar həmin yaxşılaşdırmaların dəyərinin ödənilməsini tələb edərək araşdırılan iddia ilə məhkəməyə müraciət etmişlər.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir. (bax bənd 12)
27. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
28. Məhkəmə kollegiyası qeyd edir, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
29. Apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə aparan məhkəmə kollegiyası həmin dəlillərlə qismən razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.
30. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli ekspert rəyini süöut növü olaraq qiymətləndirərək yaxşılaşdırma işlərinin dəyərinin əvəzi olaraq 12776 manat tutulmasını qət etmişdir.
31. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsinin gəldiy nəticə işin faktiki halları ilə uzlaşmır.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli ekspert rəyinin tədqiqi zamanı müəyyən edilmişdir ki, ünvan 2ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165.7 kvm fərdi yaşayış evinin əsaslı təmiri ilə bağlı xərclər tədqiqat obyekti olmuşdur.
33. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edildi ki, həmin fərdi yaşayış evi öncədən mövcud olmuş, orada iddiaçılar tərəfindən müəyyən yaxşılaşdırma işləri yerinə yetirilmişdir.
34. Məhkəmə araşdırmamı zamanı həmin yaxşılaşdırma işlərinin həcmi tərəflərin izahatı ilə aydınlaşdırmışdır.
35. Cavabdehin nümayəndəsi Arzu Hacıyeva bildirmişdir ki, iddiaçılar evə artırma edib, bundan əlavə hamam və sanitar qovşaq tikiblər, üst mərtəbədə 1 otağın tavan və döşəməsini təmir ediblər, 4 yeni pəncərə quraşdırıblar.
36. İddiaçı tərəf bildirmişdir ki, evdə artırma etmişlər, sanitar qovşaq tikdirmişlər, 2014-cü ildə evi təmir etdirərək yeni 4 pəncərə quraşdırmış, suvağ işləri gördürmüş, həmçinin balkonun tavanını və döşəməni düzəltdirmişlər.
37. İşin faktiki hallarının, habelə apellyasiya şikayətin dəlillərinin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, tərəflərin izahatlarında verdiyi məlumatlara əsasən görülmüş işlərin həcminin və dəyərinin müəyyən edilməsi üçün iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının tərəfindən təkrar məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmşdir.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2025-ci il tarixli, 10/2468 nömrəli ekspert rəyinin tədqiqatının nəticəsi hissəsində göstərilmişdir: Birinci-beşinci suallar üzrə ünvan 2ində 0.12 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 165.7 kv.m olan fərdi yaşayış evi üzrə tikinti və təmir işlərinə sərf edilmiş materialların və işlərin həcmi smetada göstərilmişdir. Mərkəzi Ekspertiza Bürosunun 29 sentyabr 2025-ci il tarixli, MEB-248-0825 nömrəli hesabatına əsasən qiymətləndiricimütəxəssislər tərəfindən aparılmış hesablamalar və təhlillər əsasında müəyyən edilmişdir ki, smeta cədvəlində göstərilən işlərin dəyəri 6,793 (altı min yeddi yüz doxsan üç) manat, 4 pəncərənin ümumi dəyəri isə 600 (altı yüz) manat təşkil edir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən cavabdehə məxsus yaşayış sahəsində yaxşılaşdırma işlərin görülməsi və həmin yaxılaşdırmaların ayrıla bilməyən olmaması işin mübahisəsiz halıdır. Kollegiya Mülki Məcəllənin 157.8-ci maddəsinə istinadən hesab edir ki, iddiaçılar iddia tələbində haqlıdırlar. Odur ki, iddia edilən yaxşılaşdırma işlərinin dəyəri ekspert rəyi nəzərə alınmaqla müəyyən edilərək həmin həmləğin iddiaçıların xeyrinə tutulması hər iki tərəfə münasibətdə ədalətli və qanunidir. Kollegiya həmçinin hesab edir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
40. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində gösərilənlər məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Quba Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(027)-433/2024 nömrəli qətnaməsi - X2 12776 (on iki min yeddi yüz yetmiş altı) manatın tutularaq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi - hissəsində dəyişdirilərək, cavabdeh X2 7393 (yeddi min üç yüz doxsan üç) manat tutularaq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının tədqiqatının dəyərinin əvəzi olaraq 100 manat cavabdeh X2 alınaraq X11 hesabına, 200 manat cavabdeh X2 və 220 manat isə iddiaçılar İddiaçı2 və İddiaçı1 alınaraq Mərkəzi Ekspertiza Bürosunun hesabına köçürülməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.3, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(027)-433/2024 nömrəli qətnaməsi - X2 12776 (on iki min yeddi yüz yetmiş altı) manatın tutularaq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi - hissəsində dəyişdirilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X6 qarşı pul tələbinə dair iddia qismən təmin olunsun. Cavabdeh X2 7393 (yeddi min üç yüz doxsan üç) manat tutularaq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq, 100 manat cavabdeh X2 alınaraq SAP (XİİS) hesabı X11 (kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 200 manat cavabdeh X2, 220 manat isə iddiaçılar İddiaçı2 və İddiaçı1 alınaraq Mərkəzi Ekspertiza Bürosunun hesabına (Benefisiarın bankı: Rabitə Bank, Filialın kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTAAZ22, Müxbir hesab: AZ61NABZ013501**********6944, Benefisiarın adı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın hesabı: AZ26RBTA********************, Benefisiarın VÖEN-i: **********) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.