Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3711/2021 29.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh 3000 manat məbləğində borc pul vermişdir. Bu barədə cavabdeh öz xətti ilə qəbz də yazıb ona vermişdir. Bildirir ki, cavabdeh onun iş yoldaşıdır. Aralarında olan razılaşmaya görə cavabdeh borc pulu hissəhissə olaraq ona qaytarmalı idi. Lakin bu günə kimi cavabdeh ondan aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün cavabdehə müraciət etdikdə o, müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İş materiallarına əlavə edilmiş pulun götürülməsi ilə bağlı qəbzlərdəki imzalar ona məxsusdur, həmin qəbzləri o, yazmışdır. Lakin o, iddiaçıdan cəmi bir dəfə 1500 manat borc almış və həmin məbləği də faizi ilə birlikdə 2000 manat olaraq qaytarmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı ikinci qəbzi təkrar ona yazdırıb. Belə ki, o, 1500 manat borc götürərkən qəbz yazmış, bir müddət sonra iddiaçı həmin qəbzdə səhv olduğunu demiş və yenidən qəbz yazmasını xahiş etmiş, o da təkrarən qəbz yazıb vermişdir. O, iddiaçıdan iki dəfə borc almayıb. Eləcə də iddiaçıya inanaraq heç bir qəbz tərtib etmədən borcunu qaytarmışdır. Birinci instansiya məhkəməsinin hazırki qərarı qanuna əsaslanmır. Ona qarşı irəli sürülmüş iddia tələbi məhkəmədə sübuta yetirilməmişdir. Məhkəmə prosesinin gedişində verdiyi izahatda aralarında baş verən hadisə və tərəfindən verilmiş borca dair qəbzin mahiyyətini açıqlamışdır. Məhkəmə qətnaməsində onun irəli sürdüyü bu dəlillər təhlil edilərək rədd olunmamışdır. Onun iddiaçıya borcu olmuş olsa da, belə uzun müddətdə o niyə ondan borcunu tələb etmirdi. O, həmin pulları hər ikisinin tanıdıgı Gülxanım Hümbətovanın vasitəsi ilə qaytarmışdır, razılaşmışlar ki, onun əvəzindən lotereya ödənişləri həyata keçirmişdir. Bu barədə G.Hümbətovanın bununla yazılı ərizəsini məhkəməyə təqdim etsə də, rayon məhkəməsi bu sənədi qəbul etməkdən imtina etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(060)-6798/2021 saylı qətnaməsini əsasız və qanunsuz hesab edilməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında sadə formada borc müqaviləsinin olmasına, cavabdeh tərəfindən həmin borcun qaytarılmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı 21 may 2016-cı ildə 1500 manat (2016-cı ilin sentyabr ayından başlayaraq hissə-hissə iyun ayınadək qaytarmaq şərtilə) və 25 dekabr 2016-cı il tarixdə 1500 manat (2016-ci ilin dekabr ayından başlayaraq 2017-ci ilin sentyabr ayınadək hissə-hissə qaytarmaq şərtilə) məbləğində borc pul götürərək qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər aralarında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, cavabdeh iddianın əsası olaraq göstərilən qəbzləri yazmaqla borcu etiraf etmişdir. İş üzrə mübahisə edilən hal borcun məbləği və həmin borc məbləğinin qaytarılması ilə bağlıdır. İddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 3000 manat borc verildiyini, cavabdehin həmin məbləği qaytarmadığını iddia edir və qeyd olunan məbləğdə borc verildiyini təsdiq edən sübut növü olaraq cavabdeh tərəfindən yazılmaqla imza edilmiş qəbzlərə istinad edir. Məhkəmə iclasında cavabdeh həmin qəbzlərin onun tərəfindən icra edildiyini etiraf etdi. Məhkəmə hesab edir ki, tərəflər arasında borc ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin «Öhdəliklərin icrası» və «Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq iddiaçı tərəfindən iddianın əsası olaraq təqdim edilən qəbzləri sübut növü kimi qəbul edir və mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə kollegiyası Cavabdeh iddiaçıya olan borcun tanışları G.Hümbətovanın vasitəsi ilə qaytarması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, borc tərəflər arasında yaranmışdır və borcun başqa şəxs vasitəsi ilə iddiaçıya qaytarması barədə cavabdeh tərəfindən yazılmış qəbzlərdə öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası cavabdehin etirazına gəlincə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Cavabdehin etirazın əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 21 sentyabr 2021-ci il tarixli 2(060)-6798/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3711/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3711/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver