Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3713/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-3459/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-3459/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia qismən təmin edilib, 3258,08 ABŞ dolları əsas borc və 148,80 ABŞ dolları cərimə olmaqla, cəmi 3406 (üç min dörd yüz altı) ABŞ dolları 08 (səkkiz) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatının Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-3459/2021 saylı qətnaməsininin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4690,74 ABŞ dolları əsas borc, 322,94 ABŞ dolları faiz borcu və 148,80 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 5162,48 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC və Cavabdeh1 arasında bağlanmış 05.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, 30 faiz ödəmək şərtilə 6300 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı "xxxx" KB ASC arasında zaminlik müqaviləsi bağlanmış və adları qeyd olunan cavabdehlər əsas borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28.03.2016-cı il tarixli, 2(060)-4996/2016 saylı məhkəmə əmri ilə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4690,74 ABŞ dolları əsas borc, 322,94 ABŞ dolları faiz borcu və 148,80 ABŞ dolları cərimə olmaqla, cəmi 5162,48 (beş min yüz altmış iki dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh1 etirazına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-4996/2016 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28.03.2016-cı il tarixli, 2(060)-4996/2016 saylı məhkəmə əmri ləğv edilərək işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 21 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib. iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan «Unibank” KB ASC və Cavabdeh1 arasında bağlanmış 05.02.2015-ci il tarixli, 192micSUM/15 nömrəli əlavə kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 18 ay müddətinə hər ay 439 manat, sonuncu ay isə 440,50 manat ödəniş etməli idi. 07.03.2016-cı il tarixli maliyyə arayışına əsasən cavabdehin 4690,74 ABŞ dolları əsas borc, 322,94 ABŞ dolları faiz borcu, 148,80 ABŞ dolları cərimə olmaqla, cəmi 5162,48 ABŞ dolları borcu vardır. 16.04.2021-ci il və 21.05.2021-ci il tarixli maliyyə arayışları ilə müəyyən olur ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 3258,08 ABŞ dolları təşkil edir, faiz borcu və cərimə borcu isə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. İddia tələbindən görünür ki, kredit müqviləsi üzrə öhdəliklər vaxtında icra edilmədiyinə görə cavabdehdən 148,80 ABŞ dolları məbləğində cərimə borcu tələb edilmişdir. Lakin məhkəmə baxışının sonrakı mərhələsində iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə 16.04.2021-ci il və 21.05.2021-ci il tarixli maliyyə arayışları təqdim edilərək cavabdehin ümumiyyətlə cərimə bocunun olmadığı qeyd olunmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi "xxxx" KB ASC və Cavabdeh1 arasında bağlanmış 05.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia tələbinin qismən təmin edərkən heç bir əsas olmadan cavabdehdən 148,80 ABŞ dolları məbləğində cərimə borcunun tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" KB ASC və Cavabdeh1 arasında bağlanmış 05.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 148,80 ABŞ dolları məbləğində cərimə borcunun tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi nəticəsinə gələrkən haqlı olmamış və güzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətinin kredit müqaviləsi üzrə tələb olunan əsas borc hissəsində dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilib, iddianın tam rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin- "xxxx" KB ASC və Cavabdeh1 arasında bağlanmış 05.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 148,80 ABŞ dolları məbləğində cərimə borcunun tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin” hissəsində işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «Cavabdeh1 148,80 ABŞ dolları cərimə məbləği (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin» hissədə ləğv edilərək iddia həmin hissədə təmin olunmamalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-3459/2021 saylı qətnaməsi qismən – «Cavabdeh1 148,80 ABŞ dolları cərimə məbləği (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin olunmasın. İddia qismən təmin edilsin. Qətnamə - « Cavabdeh1 3258,08 ABŞ dolları əsas borc (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatı tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin və iddia qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3713/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3713/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver