Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-372/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Davud oğlu qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, apellyasiya şikayətinin geri qaytarılması ) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3Rəhimli və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, İddiaçı Cavabdeh Davud oğlu qarşı "mənzilə istifadə hüququnun tanınması" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(027)- 1879/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegyiası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh Davud oğluna qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Davud oğlunun Quba rayonu, Timiryazev kəndində yerləşən evindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Quba Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(027)-1879/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) İddiaçı Cavabdeh Davud oğluna qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi qət edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qət edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
4. İddiaçı apellyasiya şikayətinin mümkün hesab edilərək, işin məhkəmə baxışına təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
5. Cavabdeh Davud oğlu apellyasiya şikayətinin mümkünlük məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Quba Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(027)-1879/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
8. Belə ki, İddiaçı tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir.
9. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir.
10. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, müddətin buraxılıb-buraxılmamasına hüquqi qiymət vermədən, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi halda buna münasibət bildirmədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
11. Kollegiya qeyd edir ki, sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.
12. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
13. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.».
15. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixində İddiaçı rəsmi qaydada məktuba imza edilməklə verilməsinə baxmayaraq, apellyasiya şikayətini xx.xx.2024-cü il tarixində vermişdir. İddiaçı apellyasiya şikayətini qanunvericiliyin tələblərinə riayət etməməklə vermiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmiş və birinci instansiya məhkəməsi tərəfindən də göstərilən hala qiymət verilməmişdir.
16. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Quba Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(027)-1879/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülkikollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.