Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-373/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdə yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1272/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1272/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim İ.Xəlilov) Qətnamədən narazı qalan İddiaçı ondan apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və onun iddiasının təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladları X5 və Mİrzəquliyev Həmid Habil oğlu ilə birlikdə Cavabdeh sahibliyində olan və Xaçmaz rayonunun Arzu kəndində yerləşən yaşayış evinə köçürülməklə həmin yaşayış evindən və köməkçi sahələrdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onlar Cavabdehlə 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və o, cavabdehin babasının adına qeydə alınmış evə gəlin köçmüşdür. 2007-ci ilədək orada yaşayandan sonra, hazırkı iş üzrə mübahisə predmeti olan evə köçüb yaşamışlar. Cavabdeh nikahın pozulmasına dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1193/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Hazırda uşaqlarla birgə valideynlərinin evində, yəni Quba rayonu, Hacıqayıb kəndində yaşayır. Mübahisəli eva dair hüquq olduğuna görə iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə yalnız cavabdehin tərəfin mənafeyinə uyğun qətnamə qəbul edərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi cavabdehin babasının adına olsa da, ev onun atasının və özünün əməyi nəticəsində, birgə nikah zamanı inşa edilmişdir. Hazırda valideynlərinə məxsus evdə yaşayır. Yaşamağa başqa yeri yoxdur. Bu hallara məcmu halda qiymət verilsəydi, iddia təmin olunmalı idi. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə etdi və bildirdi ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhətilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini göstərmiş, mübahisəyə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1193/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin nikahları pozulmuş və nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş Saday və Həmid adlı uşaqlar iddiaçının himayəsində qalmışlar. İş materiallarında olan DƏDRX 5 saylı X9 xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, Xaçmaz rayonunun Arzu kəndində yerləşən 0.06 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********09-10301 reyestr nömrəli tekniki pasportun surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Arzu kəndində yerləşən, ümumi sahəsi 182.2 kv metr olan iki mərtəbəli (yaşayış sahəsi 98.6 kv.metr) fərdi yaşayış evi 2011-ci ildə inşa edilmişdir və X2 məxsusdur. İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, Xaçmaz rayonunun Arzu kəndində yerləşən, iki mərtəbəli, 4 otaqlı (yaşayış sahəsi 60,9 kv.metr) fərdi yaşayış evi X3 məxsusdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 2004-cü ildə nikaha girmişlər və onların iki uşaqları olmuşdur. Nikaha girdikdən sonra, iddiaçı cavabdehin babasına məxsus evə gəlin köçmüşdür. Tərəflər arasında nikah pozulmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladları X5 və Mİrzəquliyev Həmid Habil oğlu ilə birlikdə Cavabdeh məxsus Xaçmaz rayonunun Arzu kəndində yerləşən yaşayış evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə iddia ərizəsindən məlum olur ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə Xaçmaz rayonu Arzu kəndində 0,08 ha torpaq sahəsində yerləşən ikimərtəbəli, 3 otaqlı evə dair tələb irəli sürmüşdür. Lakin həmin evin mövcudluğu ilə bağlı işdə heç bir sübut yoxdur. İş materiallarında olan hüquqmüəyyənedici sənədlərdən məlum olur ki, Xaçmaz rayonunun Arzu kəndində cavabdehin babasına və atasına məxsus iki fərdi yaşayış evi vardır. Həmin evlərin fiziki göstəriciləri isə iddia edilən qaydada deyildir. Başqa sözlə, qeyd edilən evlərin heç biri cavabdehə məxsus deyildir. Evin birinə dair hüquqlar xx.xx.1988-ci ildə qeydə alınmış, digər ev 2011-ci ildə inşa edilmiş, xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2-ci maddəsinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (14.2.1.) Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (14.2.2.) Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. (14.2.3.) Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. (14.2.4.) Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. (14.2.5.) Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. (14.2.6.) Başqa şəxsə zərər vurulması. (14.2.7.) Əsassız varlanma. (14.2.8.) Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Sadalanan qanunvericiliyin normalarına, yəni Mülki Məcəllənin 4 və 14-cü maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia ona cavab verməli olmayan subyektə yönəldilmişdir. Cavabdeh iddiaçının köçmək istədiyi evlə bağlı hər hansı hüququnu pozması işdən görünmür. İşdə Cavabdeh həmin evə dair səlahiyyətli şəxs olmasını təsdiq edəcək heç bir sübut yoxdur. Başqa sözlə, yaşayış evinə rəsmi reyestrdə qeydə alınmış hüququ olmayan şəxsdən özgəsinə məxsus əmlak barədə sərəncam verilməsini tələb etmək əsassızdır. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında Cavabdeh onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən İddiaçı tələbini rədd edərkən məhkəmə əsaslı şübhələrdən azad olan düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 1272/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-373/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-373/2021
12.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver