Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3732/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1040/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1040/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2954/2013 saylı, 21.06.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 30.03.2004-cü il təvəllüdlü X1 və 06.02.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim A.İsmayılov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1040/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 30.03.2004-cü il təvəllüdlü X1 və 06.02.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(060)-2954/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh ilə 2003-cü ildə vətəndaş nikahına girmiş və bu nikahdan 30.03.2004-cü il təvəllüdlü X4 və 06.02.2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Uşaqlar nikahdan kənar dünyaya gəlsələr də, Cavabdeh atalığı qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmişdir. Sonradan münasibətləri korlanıb ayrılmışlar və uşaqlar iddiaçının himayəsində qalmışdır.Artıq bir neçə ildir ki, o, cəzaçəkmə müəssisəsində olduğundan uşaqlar onun anasının himayəsinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(060)-2954/2013 saylı qətnaməsi ilə 23.05.2013-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat alimentin Cavabdeh tutularaq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh nə vaxtı-vaxtında alimenti ödəyir, nə də ki, uşaqlarla maraqlanır. Hazırda uşaqlar böyüyüb, onların saxlanma xərcləri artmışdır. Cavabdeh fərdi qaydada işləyir və kifayət qədər qazanc əldə edir. Uşaqların saxlanmasında maddi çətinliklərlə üzləşdiyinə görə iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30.03.2004- cü il təvəllüdlü X4 onun doğma övladıdır, lakin 06.02.2011- ci il təvəllüdlü X5 isə onun övladı deyil. O, iddiaçıdan 2010-cu il tarixində ayrılanda onun hamilə olmasını bilməmiş, uşaq doğulduqdan sonra iddiaçı ona bildirmiş ki, ayrılan zaman o, hamilə imiş, qəsddən özü bu barədə ona heç nə deməmiş və uşağın atası kimi onun adını yazdırıb. Ancaq sonralar bilib ki, iddiaçı başqa xarici vətəndaşla görüşürmüş, bu barədə ondan soruşduqda inkar etmişdir. Uşağın böyüdükcə ona oxşamadığını görmüş və uşağın ondan olmamasını yəqin etmək üçün ətrafındakı tanışlarla sorğu-sual aparmış, cavab olaraq iddiaçının başqası ilə görüşdüyü, həmin uşağın da atasının xarici vətəndaş olduğu bildirilmişdir. Bu səbəbdən atalığın müəyyən olunmasına dair Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış, iddiası təmin olunsa da, yuxarı instansiyalı məhkəmələr tərəfindən qərar ləğv edilmiş və tələbi təmin olunmamışdır. Buna baxmayaraq o, yenə də 06.02.2011 -ci il təvəllüdlü X2 onun övladı olmağını qəbul etmir, 30.03.2004-cü il təvəllüdlü X3 isə övladı kimi qəbul edir və maddi imkanı aşağı olduğundan ona hər ay 100 (bir yüz) manat aliment ödəyə bilər, başqa imkanı yoxdur. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun 300 manat aliment ödəmək imkanı yoxdur. Baxmayaraq ki, Natiq Şirinzadəni övlad kimi qəbul etmir. Lakin onun üçün də aliment nəzərə alınmaqla, cəmi 200 manat aliment ödəyə bilər. Apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi, eləcə də X4 və X2 qəyyumu Nümayəndə apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, hazırda qızı Arifə cəzaçəkmə müəssisəsindədir, uşaqlara o, baxır. Cavabdeh böyük oğlu Fəridi məktəbdən çıxararaq çayxanada işlədir, qazandığı pulları əlində alır və onun hesabına aliment ödəyir. Apelyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 04.08.2010-cu il və 27.09.2011-ci il tarixli doğum haqqında şəhadətnamələrdən görünür ki, 30.03.2004-cü ildə X4 və 06.02.2011-ci ildə X5 doğulmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. Yenə iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(060)-2954/2013 saylı qətnaməsinin surətindən görünür ki, 23.05.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa 75 manat sabit pul məbləği olmaqla, ümumilikdə 150 manat alimentin uşaqlar yetkinlik yaşına çatana kimi Cavabdeh tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 237 saylı, 04.10.2018-ci il tarixli sərəncamının surətindən görünür ki, Nümayəndə nəvələri X4 və X2 üzərində qəyyum təyin edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1040/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflərin faktiki nikah münasibətlərindən 30.03.2004-cü ildə X4 və 06.02.2011-ci ildə X5 doğulmuşdur. İddiaçı hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir, uşaqlar nənələrinin qəyyumluğuna verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(060)-2954/2013 saylı qətnaməsi ilə 23.05.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa 75 manat sabit pul məbləği olmaqla, ümumilikdə 150 manat alimentin uşaqlar yetkinlik yaşına çatana kimi Cavabdeh tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(060)-2954/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə bu iddianı qismən təmin edərək alimentin məbləğini cəmi 300 manat məbləğində müəyyən etmiş, cavabdeh isə bu nəticə ilə razılaşmayaraq ondan şikayət vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşaq üçün hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair yekun nəticəyə gəlmişdir. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, iddiaçının maddi vəziyyətində ciddi dəyişiklik olmuş, o, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdeh isə uşaqların saxlanılmasında valideyin olaraq yaxından iştirak etmir, hətta kiçik oğlunun onun övladı olmamasını bildirir və uşaqlar üçün cəmi 200 manat aliment ödəyə biləcəyini qeyd edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının hər uşağa 150 manat olmaqla, cəmi 300 manat həddində müəyyən edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1040/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3732/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3732/2021
28.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver