Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-376/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X2 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, e-2(012)-3217/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın təmin edilməsi, Qax Rayon Məhkəməsinin 2(024)-325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və 09 mart 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, mediasiya prosesi üçün ödənilmiş 50 manat rüsumun əvəzi Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olan xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qax Rayon Məhkəməsinin 2(024)-325/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay 120 manat sabit pul məbləğində alimetin artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ailə münasibətləri pozulduğundan Qax Rayon Məhkəməsinin 2(024)-325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 onun himayəsinə verilmiş və hər ay 120 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X8 hal-hazırda onun himayəsindədir. Qət edilən aliment məbləği uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun təhsil və özünü inkişafla bağlı əlavə xərcləri də meydana gəlir. Belə olduğu təqdirdə, məhkəmə tərəfindən uşağın mənafeyi, maddi və digər təminatları nəzərə alınaraq, uşağın hüquqları ümdə tutularaq aliment məbləği 193 manat müəyyən edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Cəlilov X5 Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim nəinki prosesin çəkişmə prinsipini təmin etməmiş, heç iddiaçının özünün və ya vəkilinin iştirakını belə təmin edə bilməmişdir. Məhkəmə iclasında hakim, katib və ondan başqa heç kim olmamışdır. Belə bir halda iddianın təmin edilməsi istər-istəməz təccüb doğurur. Belə ki, məhkəmə iclasında iştirak edən yeganə tərəf kimi o, əsassız iddianın rədd edilməsini xahiş etmiş və bildirmiş ki, icraatda olan bu iddia həqiqətən də maddi ehtiyac, maddi keçimsizlik üzündən verilmiş bir iddia deyildir, bu iddia sanki ondan qisas (bilmir nəyə görə) almaq, onu boş yerə məşğul etmək, məhkəmə qapılarında süründürmək üçün verilmiş bir iddiadır. İddiaçı "Atasığorta” şirkətində işləyir, aylıq 750-800 manat civarında mütəmadi maaşı var, özünə məxsus mənzildə yaşayır. O isə qətnamədən görülən kimi, Bakı şəhərində işləsə də, Qax rayon qeydiyyatındadır, yəni Bakı şəhərində kirayədə yaşayır. Aylıq maaşı, qətnamədə göstərildiyi kimi 435.0 manatdır, başqa gəlir mənbəyi yoxdur. Bu 435.0 manatlıq maaşdan 300.0 manatı kirayə haqqı verir, özü daima maddi ehtiyac içərisindədir. Atagil maddi köməklik göstərməsələr, o, Bakı şəhərində yaşayıb işləyə bilməz. İddiaçı B. M. Əminova iddiasını onunla əsaslandırmağa çalışır ki, uşaq böyüdükcə onun təhsil və özünü inkişafa bağlı əlavə xərcləri də meydana gəlir. İndi baxın, 6 (altı) yaşlı uşağın anası 800 manat maaş alır, üstəlik 120 manat aliment alır, amma guya bu qədər pul uşağın saxlanılması üçün kifayət etmir. Digər tərəfdən boşanma haqqında iddianı iddiaçı B. M. Əminova özü vermişdir. Yəni, hazırda alimentin miqdarının artırılmasını tələb edən iddiaçı B. M. Əminova öz təşəbbüsü ilə və ata - anasının təhriki ilə bu addımı atanda, yəqin, əmin olub ki, boşandıqdan sonra uşağı saxlaya biləcək, onun hər bir tələbatını böyüdükcə təmin edə biləcəkdir. Bəs, indi onun bu iddiasının anlamı nədir? Əgər, iddiaçı B. M. Əminova anası olduğu uşağa baxmaq istəmirsə, uşaq ona əngəlsə, uşağı saxlamaqda çətinlik çəkirsə, versin uşağı ona, onun anası ona baxacaqdır. Ondan heç aliment də tələb etməyəcək. Lakin mübahisələndirilən bu halda Ailə Məcəlləsinin bu maddələrindəki şərtlərin heç biri mövcud deyildir. Yəni, məhkəmə üçün alimentin miqdarının artırılması yönündə heç bir əsas olmamışdır. Belə ki, məhkəməyə sabit və müntəzəm 435.0 manat maaşı haqqında arayış təqdim etmiş, ailə və ya maddi vəziyyətində də hər hansı bir dəyişiklik olmamışdır. Belə olan tərzdə alimentin miqdarının artırılması tamamilə qanunsuz olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Qax Rayon Məhkəməsinin 2(024)-325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatının dəyişməsini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 09 mart 2016-cı il təvəllüdlü X1 üçün 2021-ci il tarixdə alimentin miqdarı 120 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan bu günə uşağın tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 120 manat miqdarında alimentin artırılaraq hər ay 193 (yüz doxsan üç) manat miqdarda tutulması təşkil edir (193-120=73 manat). Həmin artımın bir il ərzində məcmusu isə (73 X 12 ay=876 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-376/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-376/2023
15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver