Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3773/2021 12.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(060)-8422/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 50000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(060)-8422/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim E.Hüseynov) Qərardaddan narazı qalan İddiaçı ondan şikayət verərək ləğv edilməsini, iddia ərizəsinin isə icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(060)-8422/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İddiaçı şikayətini bununla əsaslandırmışdır ki, onun iddia ərizəsi MPM-nin tələblərinə uyğun olaraq tərtib edilmiş, orada ərizəyə əlavə edilmiş sənədlərin siyahısı göstərilmişdir. İddia ərizəsində MPM-nin 149.2.2-ci maddəsinə əsasən cavabdehin adını və poşt ünvanını göstərsə də, onun qeydiyyatda olduğu yeri təsdiq edən sənədi ərizəyə əlavə etməmiş, məhkəmə isə məhz bu əsasla ərizəni geri qaytarmışdır. Halbuki, bu əsasla ərizənin geri qaytarılması MPM-də nəzərdə tutulmamışdır. Digər tərəfdən, ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsinin surətindən də görünür ki, cavabdehin qeydiyyat ünvanı haradır, buna görə də MAPS arayışının alınmasına zərurət yoxdur. Onun iddia ərizəsi MPM-nin tələblərinə uyğun tərtib edildiyindən qərardad ləğv edilməli, ərizə icraata götürülərək baxılmalıdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(060)-8422/2021 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər yəni, cavabdehin qeydiyyatda olduğu ünvanı təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir və MPM-nin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, AR MPM-nin (iddia ərizəsi verilən vaxt qüvvədə olmuş) 149.2-ci maddəsinə görə, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsindən görünür ki, o, ərizəsini MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməklə tərtib edərək məhkəməyə təqdim etmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvanı təsdiq edən sənədin də ərizəyə əlavə edilməsi isə MPM-nin qeyd edilən normasında nəzərdə tutulmamışdır. Buna görə də həmin əsasla iddia ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması qanunsuzdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsi mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmayan əsasla geri qaytarması əsassızdır və bu zaman məhkəmə MPM-nin 152.1.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Bu normanın tələbinə görə, iddia ərizəsi yalnız bu Məcəllənin 149-cu maddəsilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, İddiaçı hazırkı iddia ərizəsi qanunla müəyyən edilmiş forma və məzmuna uyğundur. İddia ərizəsinin bu formada geri qaytarılması iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Halbuki, MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi isə İddiaçı iddia ərizəsinin MPM-nin 149-cu maddəsinə uyğun olmaması səbəbindən geri qaytarmaqla əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(060)-8422/2021 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(060)-8422/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-3773/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3773/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver