Məhkəmə qərarları › İş №2(105)-378/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-378/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-378/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində əsas borcun, ona vurduğu 3500 manat maddi ziyanın və 1000 manat mənəvi ziyanın, cəmi 6500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzil tikintisi ilə məşğul olan "xxxx" Şirkətindən 25-ci küçənin, 8-ci binasının, 37-ci mənzilini alqı-satqı müqaviləsi əsasında almışdır. Ümumi sahəsi 68.8 kv.metrdən ibarət olan mənzil 3 otaqdan ibarətdir. Mənzili təmir etmək üçün Rəhim adlı usta ilə şifahi olaraq, mənzildə bütün işlərin görülməsi müqabilində (elektrik və istilik işləri istisna olmaqla) ona 3000 (üç min) manat zəhmət haqqı ödəyəcəyi barədə razılaşmışlar. Görüləcək işlər üçün tələb olunan zəhmət haqqı məbləğinin 2000 (iki min) manatını Rəhimə qabaqcadan ödəmişdir. Tikinti materiallarına sərf olunan vəsaitdən Rəhimin səriştəsizliyi və naşılığı nəticəsində ona 3500 (üç min beş yüz) manat ziyan dəymişdir. Qarşılıqlı razılığa əsasən 2018-ci ilin oktyabr ayında Rəhim işlərə başlamalı, bir ay yarıma işləri ona təhvil verməli idi. 2018-ci ilin noyabr ayında Rəhim işə başlamış və söz vermişdir ki, bir aya, yəni dekabr ayına işləri təhvil verəcək. Lakin, Rəhim verdiyi sözə əməl etməmiş, üzərinə götürdüyü işlərin yarısından azını görmüş, gördüyü işləri isə keyfiyyətsiz görmüşdür. Tapşırdığı işləri yox, öz istəyi ilə iş görmüş, gördüyü işləri isə natamam olmuş və xoşagələn deyildir. Gördüyü keyfiyyətsiz işlərə görə Rəhimə irad tutduqda, işləmək istəmədiyini və bu barədə kimə istəyirsə müraciət edə biləcəyini bildirmişdir. Belə olan halda tikinti materiallarını zay etdiyinə görə vurduğu 3500 manatın və zəhmət haqqı kimi ödədiyi 2000 manatı ondan tələb etdikdə ona hədə-qorxu gələrək, heç kimi tanımadığını bildirmişdir. Rəhim onun pulunu qaytarmadığı üçün onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə şikayət etmişdir. Polis bölməsində aparılmış araşdırma nəticəsində şikayəti öz təsdiqini tapsa da, məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Hal-hazırda cavabdeh pulunu bilərəkdən qaytarmamışdır. Beləliklə də ondan aldığı məbləği özündə saxlamaqla, əsassız şəkildə varlanmış, o isə əksinə maddi və mənəvi ziyan çəkmişdir. Cavabdeh faktiki olaraq onun etibarından sui-istifadə edərək, xeyli miqdarda pulunu ələ keçirmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdehin işindən narazı qalmasının səbəbi onun yaşayış evinin tavanı üzərində yığılmış çıraq altı naxışları, mətbəx tikilisinin döşəməsinə vurulmuş kafelin səliqəsiz və düzbucaq şəklində vurulmadığı və eləcə də mənzilin yaşayış otaqlarının döşəmələrinə vurulmuş taxta döşəmənin onun sifarişinə uyğun olmaması, divarın əyri olmasıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə tərəfindən polis şöbəsindən sənədlər tələb edilməmiş və ekspert qarşısında iddia tələbinin əsasını təşkil edən suallar qoyulmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(060)-242/2020 saylı qətnaməsini ləğv edərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya ziyanın vurulmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilən X4 bildirdi ki, Cavabdeh onun usta yoldaşıdır. Onunla İddiaçı evində görəcəkləri təmir işləri barədə söhbət etmək üçün getmişlər. İddiaçı ilə Rəhim iddiaçının mənzilində bütün işlərin görülməsi müqabilində 3000 (üç min) manat zəhmət haqqı ödəyəcəyi barədə razılaşmış və iddiaçı ilkin olaraq Rəhimə 2000 manat pul ödəmişdir. Bunun müqabilində evdə döşəmə, tavan işləri görülmüş, divar sökülüb yığılmış, eyvanda divar tikilmiş, evin bütün boya işləri görülmüşdür. Lakin iddiaçı və yoldaşı görülən işlərin bəzilərini bəyənməyib, onları sökdürmüş, yenidən görülməsini tələb etmişlər. Bu hal bir neçə dəfə təkrar olduğundan onlar da məcbur olub, işləri yarımçıq saxlamışlar. Şahid qismində dindirilən X3 bildirdi ki, o, mübahisəli mənzildə döşəmənin vurulması işlərini görmüşdür, narazılıq səbəbindən işi tam qurtarmamışdır. Bu işlərin görülməsinin müqabilində ona 500 manat pul verilmişdir. Şahid qismində dindirilən X5 bildirdi ki, o mübahisəli mənzildə kafel-metlaq və santexnik işlərini tam və yararlı şəkildə görmüşdür. Lakin iddiaçının arvadı gördüyü işləri bəyənməyib, 2 dəfə kafel metlağı sökdürmüşdür. Ona görə də onlar həmin işləri məcbur olub dayandırmışdır. İşdə olan AR DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.08.2019-cu il tarixli 013-20530-4219 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı müraciət əsasında Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi tərəfindən araşdırılma aparılmış və mülki tələbi ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22.04.2020-ci il tarixli 31598 saylı rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən "xxxx" Şirkətinə məxsus 25-ci küçə, 8-ci binanın, 37 saylı mənzilin daxilində yerləşən tikililərin təmiri (hazırki mərhələdə aparılan təmir işləri) inşaat norma və qaydalarına uyğun olduğu müəyyən edilir. Lakin təmir işlərinin iddiaçının sifarişinə uyğun olub-olmamasının müəyyən edilməsi subyektiv faktorlarla bağlı olduğu üçün məhkəmə tərəfindən həll edilə bilər. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10.04.2021-ci il tarixli 10/408 saylı rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən "xxxx" Şirkətinə məxsus 25-ci küçə, 8-ci binanın, 37 saylı mənzilində iddiaçı (sifarişçi) ilə Cavabdeh arasında aparılmış tikinti işlərinə dair müqavilə, dizayn və layihə sənədləri mülki iş materiallarında olmadıgı üçün tavanı üzərində yıgılmış çıraqaltı naxışların, hamamda və mətbəxdə quraşdırılmış kanalizasiya xəttinin sifarişə uygun qoyulub-qoyulmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehin yıgdıgı çıraqaltı tavanın künclərində vurulmuş alçıpanın ölçüləri bir-birindən əyri yıgılaraq eni 35,0 sm, 36,5 sm, 36,3 sm, 29,0 sm, 27,0 sm və mətbəxdə döşəməyə vurulmuş yarımcıq metlax divardan bir tərəfdən 1,65 m, digər tərəfdən 1,67 m ölçüdə oldugu müəyyən edilmişdir. Aparılmış ölçü işləri nəticəsində mətbəxdə paralel divarların ölçüsündə fərqin olacagı (hündürlüyü 2,68/2,69 m) müəyyən olunmuşdur. Mətbəxdə tavanın alçipanın hündürlüyü bir tərəfdən 79,0 sm, digər tərəfdən 81,0 sm olmaqla qismən əyrilik olduğu müəyyən olunmuşdur. Mənzilin otaqlardakı döşəmələri döşəməsinin altı reyka ilə yıgılaraq üzərinə taxta tərs tərəfinə cörülərək düzülərək yarımçıq şəkildə vurularaq döşəmələrin bir birindən fərqli oldugu müəyyən olunmuşdur. İddiaçı mənzilində alçipanın vurulmasında olan fərqli (qüsurun) aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uygun olaraq ümumi dəyəri təqribən 112,0 manat məbləğində müəyyən olunur. Lakin mənzildə aparılmış digər tikinti-təmir işləri tamamlanmadıgı üçün, həmin tikinti işlərinin qüsurlu olub-olmamasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlməməkdə haqlı olmamışdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 15 sentyabr 2020-ci il tarixli 2(060)- 242/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 112,0 (yüz on iki) manat alınıb İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh ekspertiza xərci 200 (iki yüz) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X2 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NAB******************** SVVİFT BİK CTREAZ22 hesab AZ34CTRE******************** saylı hesabına köçülürsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar