Məhkəmə qərarları › İş №2(105)-378/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-378/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-378/2022 08.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3700/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3700/2021 saylı qətnaməsi ilə (hakim M.Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh 17000 manatın və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3700/2021 saylı qətnaməsinin ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 17000 manatın, əldən çıxmış fayda kimi həmin məbləğin 5 faizinin, yəni 850 manatın, habelə ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 12 dekabr 2019-cu il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisində İddiaçı və Cavabdeh arasında 1 il müddətinə razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və iddiaçıya məxsus olan gözəllik salonunda cavabdeh saç ustası kimi fəaliyyət göstərmişdir. İddiaçı cavabdehin işləməsi üçün ona 17000 manat məbləğində pul vəsaiti verməyi, qarşılığında isə cavabdeh məşğul olacağı fəaliyyət nəticəsində əldə olunan bütün növ gəlirlərin 50%-ni ona ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirsə də, cavabdeh 1-2 ay işlədikdən sonra heç bir ciddi səbəb göstərmədən, xəbərdarlıq etmədən müqavilənin şərtlərini pozaraq fəaliyyətini davam etdirməmişdir. İşlədiyi müddət ərzində belə işə vaxtında gəlməmiş, ödənişləri az etmişdir. Cavabdeh müqavilənin digər bəndlərinə zidd olaraq, hazırda başqa gözəllik salonunda fəaliyyət göstərir. Cavabdehə borcunu ödəməsi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq, hər dəfə borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən 17000 manat pulun iddiaçıya geri qaytarılması zərurəti yaranmışdır. Əlavə olaraq əldən çıxmış fayda kimi cavabdeh ödəməli olduğu məbləğin 5 faizini, yəni 850 manat məbləğində pul vəsaitini də iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual normalar pozulduğundan qətnamə ləğv olunmalı, işin icraatına xitam verilməlidir. Belə ki, G.Atayevin hazırkı iddiası tərəflər arasında bağlanan 12.12.2019-cu il tarixli müqavilənin şərtlərinə ziddir, çünki həmin müqavilədə onun çalışdığı salona müəyyən olunmuş saatda gəlib-getməyilə bağlı heç bir öhdəlik yoxdur. Gündəlik iş rejimi ilə bağlı aralarında bağlanmış müqavilədə heç bir müddəa nəzərdə tutulmadığı halda, iddiaçının onun işə gecikməsilə bağlı dəlili absurd və əsassızdır. Gündəlik iş rejimi ilə bağlı dəlillər birbaşa əmək qanunvericiliyi ilə tənzimləndiyindən, tərəflər arasında bağlanmış "Birgə əməkdaşlıq Müqaviləsi (Razılaşma)"nin şərtlərinə və müqavilə münasibətlərinin xarakterinə tamamilə ziddir. İddiaçıya məxsus salonda onun göstərdiyi "fəaliyyətlə" bağlı müştərilər ödənişləri ona deyil, salonun kassasına ödəyirdilər. Bu halı sübut etmək vəzifəsi - iddiaçının üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasında bu barədə heç bir sübut təqdim olunmamışdır. Bu da təbii ki, iddia tələbinin bu hissəsinin də əsassız olduğunu göstərir. Bundan başqa, onun digər salonda çalışması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Onun tərəfindən qeyd olunan müqavilənin şərtləri vaxtında və layiqincə icra edildiyinə baxmayaraq, iddiaçı heç bir əsas olmadan 2020-ci ilin ilk iş günündən onu salondan qovmuş və fəaliyyət göstərməsinə icazə verməmişdir. Bu məsələ ilə əlaqədar dəfələrlə onunla əlaqə saxlasa da iddiaçı ona müqavilə ilə öhdəliyini icra etməyə imkan verməmiş, müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Bundan sonra, onun tərəfindən 15.01.2020-ci il, 24.01.2020-ci il, 28.01.2020ci il və 12.02.2020-ci il tarixlərdə iddiaçının həm qeydiyyatda olduğu, həm də sahibkar kimi faktiki fəaliyyət göstərdiyi ünvanlara müvafiq məktub və teleqramlar göndərilərək bağlanmış müqavilə şərtlərinə uyğun fəaliyyətini həyata keçirməyi davam etdirmək üçün zəruri şəraitin yaradılmasının (müqavilənin 2.1.1 və 2.1.2-ci bəndləri) təmin olunması ondan xahiş edilmiş, lakin hər iki ünvana göndərilən məktublar iddiaçı tərəfindən qəbul edilməkdən imtina edilərək geri qaytarılmışdır. Sonradan iddiaçı müqavilə öhdəliyini icra etmək görüntüsü yaradaraq onun ünvanına göndərdiyi teleqramda bağlanmış müqavilə şərtlərinə uyğun olmayan yeni tələblər irəli sürməklə ona məxsus sahədə fəaliyyət göstərməyinə razılıq əsasında işə çıxdığı vaxtda da yenə onu işdən qovmuş və onun vəkili ilə əlaqə saxlamağını tələb etmişdir. Bu hallardan görünür ki, müqavilə öhdəlikləri onun tərəfindən heç bir halda pozulmamışdır. Hətta iddiaçının müqavilə öhdəliyini pozması səbəbindən o, müqavilədən irəli gələn gəlirlərindən də məhrum olmuşdur. Bu halların hamısı iddia tələbinin əsassız olduğunu göstərir. Onun tərəfindən müqavilə üzrə öhdəliyin pozulmamasını sübut edən sənədlər (iddiaçıya göndərilən teleqram və məktublar) məhkəməyə təqdim olunsa da, qətnamədə bu sübutlara istinad edilməmişdir. Ümumiyyətlə qeyd olunan qətnamədə sübutlar düzgün qiymətləndirilməmişdir. Qeyd olunan qətnamədə aidiyyat qaydaları kobud şəkildə pozulmuşdur. Məhkəmənin yeganə istinad etdiyi şahid ifadələri tərəflər arasında bağlanan müqavilə üzrə öhdəliyin onun tərəfindən pozulduğunu heç bir halda sübut etmir, çünki iddiaçının onu xəbərdarlıq etmədən və heç bir səbəb göstərmədən işdən çıxdığını bildirdiyi tələb məhkəmənin istinad etdiyi şahid ifadələri ilə heç bir halda sübuta yetirilmir. Məhkəmə mübahisə üzrə hüququn tətbiqində də səhvə yol vermişdir, çünki işin faktiki hallarına və onun tərəfindən məhkəməyə təqdim edilən sübutlara istinad edilsə, burada müqavilə üzrə öhdəliyin onun tərəfdən yox iddiaçı tərəfdən pozulduğu aşkar şəkildə görünür. Belə ki, iddiaçının müqavilə öhdəliyini pozaraq onu vaxtından əvvəl fəaliyyət göstərdiyi məkandan qovması onun üzərinə düşən öhdəliyi yerinə yetirməsinə mane olmuşdur. Digər tərəfdən hazırkı mübahisəyə müvafiq kommersiya məhkəməsində baxılmalı idi. Belə ki, MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Tərəflər arasında bağlanan müqavilənin 2~ci maddəsinə əsasən onlar əldə etdikləri gəliri 50% dəyərində öz aralarında bölüşdürmək öhdəliyi götürmüşlər. Bu da mübahisə predmetinin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə aid olduğunu birbaşa göstərir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, işin icraatına xitam verilməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, müqavilənin şərtlərini iddiaçı tərəf pozduğuna görə cavabdehdən 17000 manat tələb edilməsi əsassızdır. Lazımi şərait yaradılsa idi, cavabdeh salonda işləyərək həm özü qazan bilərdi, həm də iddiaçı tərəf bəhrələnərdi. Cavabdeh vergi ödəyicisi olmasa da, alınan pul kommersiya məqsədli olub, yəni sahibkarlıq fəaliyyəti göstərilməklə, hər iki tərəfin gəlir əldə edilməsilə bağlıdır. Buna görə də bu mübahisə kommersiya xarakterlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Əlavə etdi ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin icrası üçün lazımi tədbirlər görməmiş, əksinə müştərilərlə kobud rəftar etmiş, işə vaxtında gəlməmiş, nəticədə gözlənilən gəlirin əldə edilməsi mümkün olmamış, sahibkar olaraq iddiaçıya ziyan dəymişdir. Belə ki, iddiaçı nəinki, gözlənilən gəlirdən məhrum olmuş, eləcə də ona ilkin olaraq ödədiyi 17000 manat vəsaiti də itirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan 12.12.2019-cu il tarixli razılaşma müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən gözəllik salonunda Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində “saç ustası” fəaliyyəti ilə məşğul olmasına icazə verir, sonuncu isə əldə olunan gəlirdən bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində ona müqavilədə qeyd olunan məbləği tam ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən İddiaçı Cavabdeh işləməsi üçün 17000 manat məbləğində pul vəsaiti ödəməyi öz üzərinə götürür. Müqavilənin 2.1.4-cü bəndinə əsasən Cavabdeh məşğul olacağı fəaliyyət nəticəsində əldə olunan bütün növ gəlirlərin 50%-ni özü götürür, qalan 50%-ni İddiaçı saxlayır. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən Cavabdeh müqavilə müddəti başa çatanadək üzrlü səbəblərdən fəaliyyətini davam etdirə bilməyəcəyi təqdirdə, nə ölkə daxilində, nə də ölkə xaricində heç bir halda eyni fəaliyyətlə məşğul olmamaq öhdəliyi vardır. Yenə işdə olan vergi ödəyici İddiaçı 08 fevral 2022-ci il tarixli arayışından görünür ki, 12 dekabr 2019-cu il tarixli müqavilədən 1-2 ay işlədikdən sonra Cavabdeh heç bir ciddi səbəb göstərmədən və gəlməyəcəyi barədə xəbərdar etmədən müqavilənin şərtlərini pozaraq fəaliyyətini davam etdirməmişdir. Cavabdeh işlədiyi müddət ərzində - 14.12.2019cu il tarixində 30 manat, 15.12.2019 - 20 manat, 19.12.2019 - 50 manat, 21.12.2019 - 20 manat, 23.12.2019 - 30 manat, 24.12.2019 - 106 manat, 2.6.12.2019 - 265 manat, 27.12.2019 - 203 manat, 28.12.2019 - 173 manat, 30.12.2019 - 20 manat, 31.12.2019 - 30 manat və 08.02.2020-ci il tarixdə son olaraq 149 manat məbləğində iş görmüşdür. Müqavilənin qüvvədə olduğu müddət ərzində cəmi 996 (doqquz yüz doxsan altı) manat məbləğində salona gəlir gətirmişdir ki, müqavilənin şərtlərinə əsasən məbləğin 50%-i (yəni 498 (dörd yüz doxsan səkkiz) manatı ona verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, həmin salonda işçidir. Cavabdeh işə düzələn zaman orada olub. Cavabdehə dəfələrlə irad tutsalar da, o, işə gec gəlir və müştərilərlə kobud davranırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, hazırda həmin salonda işçidir. Cavabdehlə həmin salonda, bundan əvvəl də başqa salonda iş yoldaşı olub. Cavabdeh işə məsuliyyətlə yanaşmayıb. Müştəriyə salonu pisləyir, müştəriləri gözlədir, onlarla kobud rəftar edirdi. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə, MPM-nin 372.6-cı maddəsinə əsasən araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)- 3700/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanan müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıya məxsus gözəllik salonunda işləməli, iddiaçı ona işləməsi üçün 17000 manat pul ödəməli, cavabdeh məşğul olacağı fəaliyyət nəticəsində əldə olunan bütün növ gəlirlərin 50%-ni özü götürməli, qalan 50%-ni isə iddiaçıya verməli idi. İddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin icrası üçün lazımi tədbirlər görməmiş, əksinə müştərilərlə kobud rəftar etmiş, işə vaxtında gəlməmiş, iddiaçının işgüzar nüfuzuna, salonun imicinə xələl gətirən hərəkətlərə yol vermiş, nəticədə gözlənilən gəlirin əldə edilməsi mümkün olmamış, sahibkar olaraq iddiaçıya ziyan dəymişdir. Son nəticədə iddiaçı nəinki, gözlənilən gəlirdən məhrum olmuş, eləcə də ona ilkin olaraq ödədiyi 17000 manat vəsaiti də itirmişdir. Bu hal məhkəmə iclasında dindirilmiş şahid ifadələrilə təsdiq edilir. Cavabdeh isə məhkəmə iclasında 17000 manat pulu aldığını etiraf etsə də, işdən çıxma, yəni müqaviləni icra etməmə səbəbi kimi oradan iddiaçı tərəfindən qovulmasını əsas gətirir. Bunun üçün Cavabdeh iddiaçıya göndərdiyi 28 yanvar və 12 fevral 2020-ci il tarixli məktublara istinad etmişdir. Mülki Məcəllənin 6.1.5-ci maddəsinə görə mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilələr azadlığı prinsipidir. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Yenə həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yenə də həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Yenə Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından görünür ki, tərəflər 12.12.2019-cu il tarixli razılaşma müqaviləsi imzlamışlar və bu müqavilə ilə öz üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Müqavilə üzrə cavabdehin 17000 manat qəbul etməsi işin mübahisəsiz halıdır. Hazırda əsas mübahisə müqavilə şərtlərinin kimin tərəfindən pozulması barədədir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında imzalanmış müqavilənin şərtləri məhz Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, işdən görünür ki, cavabdeh 1 il ərzində iddiaçıya məxsus salonda işləməklə əldə edilmiş gəlirləri onunla yarı bölmək barədə razılığa gəlmiş, lakin qısa müddət burada işləsə də, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, sonradan salondan getmişdir. Son nəticədə iddiaçı cavabdehin günahı ucbatından mənfəət əldə etmək əvəzinə, əksinə 17 000 manat zərərə düşmüşdür. Başqa sözlə, 17000 manat vəsaitindən məhrum olmuşdur. Daha öncə istinad olunan maddi hüquq normalarına əsasən zərərvuran olaraq cavabdeh həmin zərəri ödəməyə borcludur. Cavabdehin müqavilə üzrə öz öhdəliklərini layiqincə yerinə yetriməsi və bu şərtlərin iddiaçı tərəfindən pozulması barədə dəlilləri isə inandırıcı deyildir. Əvvəlcədən 17000 manat vəsait ödəməklə saç ustasını öz salonuna dəvət edən və cəmi 498 manat gəlir əldə etdikdən sonra iddiaçının onu xidmət sahəsindən qovması məntiqli görünmür. Bu barədə cavabdehin ona göndərdiyi məktublar isə bu halın əksinin sübut olunması üçün yetərli deyildir. Mübahisəyə baxılarkən məhkəmə aidiyyətinin pozulması barədə cavabdehin apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, işdən görünür ki, İddiaçı vergi ödəyicisi olsa da, Cavabdeh vergi ödəyicisi deyildir. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarxili Plenum qərarında qeyd edilir ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı bin) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyib ən azı iki qarşı tərəfin ayrı-aynlıqda və ya birgə həyata keçinlən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Həmin qərara görə hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. İşdən görünür ki, hazırkı mübahisə qismən də olsa sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, Cavabdeh vergi uçotuna alınmadığından, yəni vergi ödəyicisi olmadığından hazırkı mübahisəyə məhz ümumi məhkəmədə baxılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində müqavilənin şərtləri pozulduğundan həmin müqavilə ilə ona 17000 manat ödəniş etmiş İddiaçı bu pulu tələb etmək hüququ vardır və o, 17000 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilsə də, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, işin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)- 3700/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar